Kamal Aliyev yazır: “İrəvan Ankaranın Zəngəzur və Qarabağ şərtlərini QƏBUL EDƏCƏKMİ?”
Rubinyan Türkiyə-Ermənistan danışıqları üzrə səlahiyyətlii şəxsdir və o, vurğulayıb ki, əgər İrəvan Bakının tələblərini yerinə yetirməsə, Ankara ilə münasibətlərin tənzimlənməsi qeyri-mümkün olacaq. Halbuki, baş nazir Nikol Paşinyan və hətta onun özündən əvvəlki sələfləri Ankara-İrəvan münasibətlərini İrəvan-Bakı kontekstində heç vaxt görməyiblər. Erməni dövlətinə görə, Ankara Bakını dinləməməli və İrəvan ilə münasibətləri tənzimləməlidir. Lakin görünən budur ki, indiki mərhələdə Türkiyə Azərbaycanla məsləhətləşmədən Ermənistanla münəsibətlərini nə normallaşdıracaq, nə də sərhədləri açacaq.
Bununla yanaşı, Qərb 2008-2009-cu illərdə olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində daha istəklidir. Şübhəsiz ki, bu, o halda daha inandırıcı olacaq ki, Azərbaycan və Ermənistan arasında ən azından ümumi müddəaları ehtiva edən “çərçivə sazişi” imzalansın. İndi nəzərlər iyulun 21-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Əliyev və Paşinyan arasında keçiriləcək görüşdədir. Paşinyanın son açıqlamasına nəzər yetirsək, görərik ki, tərəflər arasında hələ də razılaşdırılmamış məsələlər var. Bu da daha çox Qarabağdakı ermənilərin təhlükəsizliyi və statusu məsələsidir.
Əlbəttə, Ermənistanın üzərində israrla dayandığı “beynəlxalq mexanizm” tələbi də həll prosesini faktiki dondurub. Belə olan təqdirdə, bu ayın 21-də Brüsseldə keçiriləcək Mişel-Əliyev-Paşinyan görüşü Vaşinqtondakı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan təmasların davamı olacaq.
Konkret olaraq, Türkiyə-Ermənistan münasibətlərinin bundan sonrakı perspektivinə gəlincə, bu məsələdə çox şey İrəvandan asılı olacaq. Təbii ki, Ermənistan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərmək gücündə deyil. Əgər Ermənistan Bakı və Ankaranın şərtləri ilə razılaşsa, o zaman “Hraparak”-ın da yazdığı kimi, Qarabağdakı ermənilər Azərbaycanın güc strukturlarına tabe olacaqlar, ya da Jirar Libarityanın dediyi kimi köçüb Sünikdə yaşayacaqlar.
Baxmayaraq ki, Xankəndidəki separatçı adminstrasiya iddia edir ki, onların 10 mindən çok silahlısı Azərbaycanla döyüşməyə hazırdır, amma bunun da absurd olduğunu deyə bilərik.
Onu da qeyd edək ki, separatçıları Azərbaycanla qarşıdurmaya sövq edən daha çox ərazidəki rus sülhməramlılarıdır.
Kamal ALİYEV,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq