Kamal Aliyev: “Paşinyan yeni MÜHARİBƏnin ANONSunu verdi?”

Erməni baş nazirin dediyinə görə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyü və suverenliyi vacib məsələlərdir.
Paşinyanın fransız mətbuatına verdiyi müsahibədən də göründüyü kimi Bakı və İravan arasında sülh müqaviləsinin imzalanmadığı və bu anlaşmanın hər iki ölkə parlamenti tərəfindən imzalanmadığı təqdirdə yeni bir müharibə ehtimalı var.
Həm Paşinyanın, həm də Azərbaycan prezidenti İlham Əliyevin dünən Şuşada keçirilən beynəlxalq konfransda dediklərini nəzərə alsaq, belə bir fərziyyə irəli sürmək olar ki, tərəflər arasında bəzi məsələlərdə hələ də razılaşdırılmayan məqamlar var. Xüsusilə, Laçın dəhlizi ətrafında yaşanan gərginlik, Qarabağdakı qondarma qurumun rəhbəri Araik Arutyunyanın “çadır şousu”, Kremlin son zamanlar Azərbaycana qarşı artan ittihamları onu deməyə əsas verir ki, vəziyyət hər an gərginləşə bilər. Rusiya Qarabağdakı sülhməramlılarını 2025-ci ildən sonra da ərazidə saxlanılmasını, onlara beynəlxalq “mandat” verilməsini tələb edir.
Kollektiv Qərbin Rusiyanın bu istəyinə münasibəti aydındır: Moskva Cənubi Qafqazı tərk etməlidir, Ermənistandakı 102 saylı hərbi baza bu ölkədən getməlidir. Mümkündür ki, Rusiyanın bölgədən getməsiylə ortaya çıxacaq boşluğu “beynəlxalq mexanizm” dolduracaq. Görünən budur ki, ruslar da Qərbin niyyətindən agahdır ki, son vaxtlar həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi üzərindəki siyasi təzyiqlərini artırmağa başlayıb.
Şübhəsiz ki, Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması Moskvanı əməlli-başlı qəzəbləndirib. Moskvaya görə, Paşinyanın Qarabağın Azərbaycana məxsus olduğunu deməsi bardağı daşıran son damladır və bu, bütövlükdə Rusiyanın Cənubi Qafqazda əl-qolunu bağlayır. Bu səbəbdən, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi İravana göndərərək bu ölkənin baş diplomatı Ararat Mirzoyanla Laçın dəhlizi məsələsini müzakirəyə çıxarıb.
Buna paralel olaraq, ABŞ da Laçın dəhlizinin açılmasını tövsiyyə edir. Belə olduqda, sülh müqaviləsinin imzalanmasını gecikdirən amilin Laçın dəhlizi ətrafındakı vəziyyətin olduğunu görürük.
Azərbaycan tərəfi isə ehtimalla Laçın dəhlizi üzərindəki nəzarət-buraxılış məntəqəsini aradan qaldırmayacaq. Bu, eyni zamanda Qarabağ ermənilərinin reinteqrasiyası ilə birbaşa əlaqəlidir.
Bakının təklif etdiyi “reinteqrasiya” əsasən belə olacaq;
-Qarabağdakı ermənilərin pasportlarının Azərbaycan sənədləriylə əvəz olunması:
-2020-ci il 9-10 noyabr razılaşmasına görə, Qarabağdakı silahlı erməni ünsürləri tərksilah olunması:
-Qarabağdakı qondarma qrumun bütün “dövlət” strukturlarının Azərbaycana təhvil verilməsi.
Yuxarıdakı bütün bu addımlar 12 ay ərzində yerinə yetiriləcək və bu sənəd artıq Ermənistan hökumətinə də təqdim olunub.
Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın son dediklərinə nəzər yetirsək görərik ki, artıq onlar danışıqlar prosesi çərçivəsində Azərbaycan tərəfindən yuxarıdakı “yol xəritəsi”ni alıblar.
Son gəlişmələri də nəzərə alsaq görərik ki, Paşinyan hökuməti Azərbaycanın təqdim etdiyi “yol xəritəsi”ni Qarabağdakı separatçılara da göndərib. Elə buna görədir ki, Xankəndidəki saxta parlamentin deputatları Paşinyanı təhqir edir, Arutyunyan da öz növbəsində “çadır şousu” kimi olduqca primitiv addıma əl atıb.
Təbii ki, Arayik Arutyunyanı irəli verən, Qarabağda güya humanitar böhran şousunu yaradan birmənalı olaraq Rusiya hökumətidir.
Kamal ALİYEV,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq