Top.Mail.Ru
MANŞET

Paşinyanın yeni sırtıqlığı: Əliyevdən etimad umur, amma revanşa hazırlaşır

Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevdən gileylənib. İki lider arasında qarşılıqlı etimadın mövcud olmadığını bildirib. Bu haqda o, iki gün öncə Parisdə “France 24” telekanalına danışarkən deyib.

Fikrini isə öz aləmində belə izah edib ki, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana hücum etməyəcəyi sarıdan arxayınlıq yoxdur. Hərgah, Bakının belə niyyəti yerli-dibli mövcud deyil. Erməni tərəfi sadəcə, növbəti dəfə öz adını bizə qoyub blef edir, “sudan quru çıxmağa” çalışır, Qərb auditoriyasının qulağına xoş gələcək daha bir yalanı üyüdür…

Saytların yığılması Saytların yığılması

Əslində etimadsızlığın kökündə SSRİ dağılandan sonrakı 33 ildə iki qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmaması durur. Bəs bunun günahı kimdə?

Əlbəttə ki, torpaqlarımızı on illərlə işğal altında saxlamış, şəhər-kəndlərimizi xarabazarlığa çevirmiş, ərazilərimizdə etnik təmizləmələr, soyrıqımları, ekosidlər və urbisidlər, bəşəriyyət əleyhinə digər qandonduran hərbi cinayətlər törətmiş ölkədə. Hər halda, sadalanan vandallıqlara imza atan yırtıcı toplum biz deyilik.

Amma bu vəhşiliklərə görə kapitulyant tərəfdə indiyədək kimsənin tükü tərpənibmi? Əsla. Təzminat da yoxdur. Kompensasiya o yana, Azərbaycan xalqından üzr belə istənilməyib. Əksinə, sanki elə də olmalıymış, zülm-zilləti bizlər haqq edibmişik…

Hətta Paşinyanın özü bu gün xalqını sülhə hazırlamaq əvəzinə, altdan-altdan, Qərbin felinə gedərək, ölkəmizə qarşı revansist planlar qurmaqla məşğuldur, ordusunu sürətlə silahlandırır. İqtidarlı-müxalifətli erməni tərəfi separatçılıqdan tam imtina etməyib.

Qonşu ölkədə böyük sülh sazişinə ciddi dirənişin əsas səbəbi bu. O halda Ermənistana, onun rəhbərinə Azərbaycanda hansı etimad ola bilər?..

Yeri gəlmişkən, “Franse 24”-ə müsahibəsinin başqa yerində “məxməri” baş nazir Azərbaycanla Ermənistan arasında sülh sənədini “ağlagəlməz” adlandıraraq, bunu “Bakının Ermənistanı Qərbi Azərbaycan hesab etməsi” ilə izah edib. Ardınca da köhnə bayatını təkrarlayaraq, söyləyib ki, Bakı “yeni ərazilər tutmağa” hazırlaşır.

Absurd da ondadır ki, bu ölkənin konstitusiyasında, gerbində, hətta himnində hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası qalır. Keçmiş DQMV və ətraf bir neçə rayon həmin konstitusiyaya görə Ermənistan torpağı sayılırsa, bu zat hansı etimaddan dəm vurur?

Siz öncə gedin “Əsas Qanun”unuzu beynəlxalq hüquqa uyğunlaşdırın, biz də bilək ki, sizinlə sivil qonşuluq mümkündürmü, “çomağı əlimizdən yerə” qoya bilərik, ya yox? Əks təqdirdə etimad əvəzinə, yenə də “Dəmir yumruq” görəcəksiniz!..

Məgər “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol deyildi? Kim qarant dura bilər ki, günün birində o, eyni sayıqlamanı dilə gətirib ordusuna Azərbaycana hücum əmri verməyəcək?

Belə perspektivi yalnız tərəflər arasında sülh müqaviləsinin imzalanması, ondan qabaq isə Ermənistanın hazırkı mürtəce konstitusiyasının beynəlxalq hüquq əsasında qaydaya salınması önləyə bilər. Ona qədər Ermənistanın heç bir rəhbərinə inam-etimad mümkün deyil, olmayacaq. Boşuna gözləməyin!..

Bu xüsusda Müzəffər Ali Baş Komandan İlham Əliyev fevralın 14-dəki andiçmə zamanı etdiyi çıxışında mövqeyini son dəfə net şəkildə bəyan edib. Sitat: “Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.

Yenə yağlı şapalaq yemək istəmirsinizsə, bunu sırğa edib asın qulağınızdan. Təkcə Paşinyanı demirik…

Bu arada erməni KİV-i məlumat yayıb ki, baş nazir martın 1-də konstitusiyaya əlavə və dəyişiklikləri hazırlayan komissiyanın üzvləri ilə görüşəcək. Onlar referenduma çıxarılması planlaşdırılan konstitusiyaya dəyişiklikləri layihəsini müzakirə edəcəklər. “Məsələ vaxt qıtlığındadır və hakimiyyəti düzəlişləri etməyə tələsir”, – erməni mediası yazıb.

Ümid edək ki, bu, Nikol Vovayeviçin vaxt udmağa hesablanmış növbəti hoqqası olmayacaq. Yəni nəhayət, o, “atı arabanın arxasından açıb qabağa bağlayacaq”, yoxsa?

“Dəmir yumruq” yerindədir…

Musavat.com

Bənzər yazılar