Top.Mail.Ru
MANŞET

Rusiya Ermənistanı niyə yenidən silahlandırır: Kreml İrəvandan Qərbə və Türk İttifaqına qarşı istifadə edəcək

Kreml Rusiya-Ermənistan münasibətlərində yaranmış kəskin ziddiyyətləri müvəqqəti problem hesab edir, Paşinyan hakimiyyətini tezliklə devirib, dəyişdirə biləcəyinə tamamilə əmindir… Rusiyada Ermənistanın yenidən Kremldən idarə edilən regional coğrafi məkan vəziyyətinə qaytarılacağına şübhə etmirlər, həmin vaxtda qədər isə Kreml öz “xain for-post”unu gücləndirməkdə maraqlıdır…

ABŞ və Qərb son vaxtlar Ermənistandan konkret addımlar gözləyir. Qərb siyasi dairələri rəsmi İrəvanın Rusiya əleyhinə bəyanatlarını və ittihamlarını artıq yetərli hesab etmirlər. Onların fikrincə, rəsmi İrəvan Qərbə yaxınlaşma siyasətinə sadiqdirsə, bunu Ermənistanın KTMT-dan, Avrasiya İqtisadi İttifaqından, MDB-dən çıxması və Rusiya ilə müttəfiqliyi pozması ilə sübut etməlidir. Əks halda, ABŞ və Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi mümkün olmayacaq. Və bu, indiki situasiyada Paşinyan hakimiyyəti üçün yerinə yetirilməsi olduqca qəliz mesajdır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin hazırda Ermənistanı Rusiyadan qoparıb, Qərbə “qaçırtmaq” kimi bir şansı ümumiyyətlə, yoxdur. Elə Fitch Ratings İns. beynəlxalq kredit reytinqi agentliyinin Ermənistanla bağlı yaydığı gəldiyi qənaət də rəsmi İrəvanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Belə ki, Fitch Ermənistan iqtisadiyyatının Rusiyadan tam asılı vəziyyətdə olduğunu açıqlayıb. Agentlik hesab edir ki, bu, Ermənistan iqtisadiyyatı olduqca ciddi geopolitik risklər daşıyır.

Saytların yığılması Saytların yığılması

Ən önəmli məqamlardan biri kimi, Ermənistanın Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün müzakirələri davam etdirməsi xüsusi olaraq, qabardılır. Ancaq tərəflər arasında mübahisəli problemlərin çoxluğu Ermənistan üçün iqtisadi risk daşıyan faktor hesab olunur. Və bu faktoru doğuran qəliz problemlər həll edilmədən Ermənistan iqtisadiyyatının yüksəliş mərhələsinə keçidi real sayılmır.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

“Fitch” ekspertləri Ermənistan iqtisadiyyatının Rusiyadan tam asılı olmasından narahatlıqlarını da qətiyyən gizlətmirlər. Onların fikrincə, xüsusilə də, Ermənistanın ticarət və energetika istiqamətləri üzrə Kremlin təsiri altında qalması təhlükəlidir və bu, yaxın gələcəkdə diversifikasiya ehtimalına şans buraxmır. Rusiya-Ermənistan münasibətlərinin gərginlik səviyyədə olması isə rəsmi İrəvanın iqtisadi islahatlar aparmaq imkanlarını ümumiyyətlə, bloklayır. Və bu, Ermənistanın müstəqil dövlət olmadığını birmənalı şəkildə təsdiqləyən önəmli məqamdır.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərbin Ermənistana yönəlik geopolitik gözləntiləri reallıqdan çox-çox uzaqdır. Hətta gözləntilər əslində, mümkün olduğundan qat-qat şişirdilib. Belə ki, mövcud situasiya ondan ibarətdir ki, ABŞ və Qərb hazırda Ermənistanda yalnız Paşinyan hakimiyyətini öz nəzarəti altına sala bilib. Geri qalan hər şey böyük ölçüdə Rusiyanın təsir dairəsindədir. Və Kremlin Ermənistana münasibətdə bu qədər həm səbrli, həm də təəccüb doğura biləcək səviyyədə arxayın davranması da məhz bu səbəblə birbaşa bağlıdır.

Məsələ ondadır ki, Ermənistanda yalnız iqtisadiyyat deyil, Paşinyan hakimiyyəti hakimiyyəti istisna olmaqla, hər şey Rusiyaya məxsusdur. Paşinyan hakimiyyətinin isə taleyüklü məqamda vaxtilə Rusiyaya xəyanət etdiyi kimi, ABŞ və Qərbə də arxa çevirməyəcəyinə qətiyyən təminat yoxdur. Ermənistanın hətta “dövlət sərhədləri”ni belə, Rusiya sərhəd qoşunları qoruyur. Və sərhədləri başqa dövlətin hərbi kontingenti tərəfindən nəzarət altında olan bir ölkənin müstəqilliyindən da danışmaq sadəcə, absurddur.

Ermənistan iqtisadiyyatının istehsalı 60 faiz Rusiya bazarına yönəldilib. Yəni, Kreml Ermənistandan bu 60 faizlik idxalı dayandırsa, rəsmi İrəvan Rusiyaya yalvarmaq məcburiyyətində qala bilər. Çünki bu halda, onsuz da çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatı ümumiyyətlə, mövcudluğu dayandırar. Ermənistanın enerji resurslarına olan ehtiyaclarını Rusiyadan kənar qaynaqlar üzərindən ödənməsi də demək olar ki, mümkün deyil. Çünki başqa heç bir ölkədən enerji resursları idxalı üçün infrastruktur yoxdur.

pasha-bohran-kreml.PNG (941 KB)

Digər tərəfdən, Kreml enerji resurslarını, xüsusilə də, təbii qazı Ermənistana dünya bazarındakı qiymətlərdən qat-qat ucuz satır. Üstünlük, rəsmi İrəvan Rusiyadan hər min kubmetrini 165 dollara aldığı təbii qazın parasını da ödəyə bilmir, Kremlin “borc dəftəri”nə yazdırır. Ona görə də, Kreml Ermənistana təbii qaz nəqlini dayandırıb, borcunu istəsə, rəsmi İrəvan yenə Rusiyaya yalvarmaq məcburiyyətində qala bilər.

Onu da nəzərə almaq lazımdır ki, Kreml Ermənistanın nəhəng borclarını azaltmaq üçün vaxtaşırı bu ölkədə Rusiya üçün əhəmiyyətli ola biləcək müəssisələri öz mülkiyyətinə keçirtmək taktikasına üstünlük verir. Məsələn, Ermənistanın dəmiryolu, rabitə və bank sistemləri və s. tamamilə Rusiyanın nəzarətindədir. Kreml Rusiyaya qarşı beynəlxalq sanksiyaları aşmaq üçün Ermənistanın bank sistemi üzərindən genişmiqyaslı manipulyasiyaları davam etdirir.

Belə örnəklərin sırasını daha da genişləndirmək mümkündür. Çünki Ermənistanın döyüş qabiliyyəti olmayan ordusu belə, tamamilə Rusiyanın nəzarətindədir. Erməni generallar hər an Paşinyan hakimiyyətinin təyin etdiyi müdafiə nazirinə əhəmiyyət vermədən Kremldən gələn təlimatları icra edə bilərlər. Baş nazir Nikol Paşinyan da bir müddət öncə Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin böyük əksəriyyətinin Rusiya kəşfiyyatı tərəfindən idarə olunduğuna dolayısı eyham vurmuşdu.

Nəhayət, Ermənistanda Rusiyanın iki hərbi bazası da mövcuddur. Əgər, rəsmi İrəvan Qərbin tələb etdiyi kimi, Kreml ilə müttəfiqliyi pozarsa, Rusiyanın hərbi bazalarını da Ermənistandan çıxartmalıdır. Bu isə ümumiyyətlə, mümkün deyil. Çünki iki ölkə arasında qüvvədə olan müqaviləyə görə, rəsmi İrəvan Rusiya hərbi bazalarını 2049-cu ilə qədər çıxartmaq hüququna malik deyil. Bu məsələ yalnız Kreml tərəfindən qəbul olunacaq təktərəfli qərarla həll edilə bilər. Halbuki, Kreml heç vaxt belə bir qərar qəbul etməyəcəyini, Ermənistandan çıxmayacağını qətiyyən gizlətmir.

b8c9bdda32b235a012744dc01225f46f.jpg (170 KB)

Üstünlük, Kreml son vaxtlar Ermənistanı yenidən silahlandırmağa da başlayıb. Paşinyan hakimiyyətinin təmsilçiləri Rusiyadan Ermənistana silah-sursat göndərildiyini rəsmən etiraf edib. Hətta Rusiyanın İran üzərindən Ermənistana göndərdiyi hərbi texnikanın görüntüləri də yayılıb. Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyanın dediyinə görə, Rusiyadan yenə hərbi texnikanın göndəriləcəyi gözlənilir. Onun fikrincə, hazırda bununla bağlı bəzi məsələlərin həll edilməsi üzərində ciddi iş gedir.

Belə anlaşılır ki, Kreml Ermənistanın Rusiyanın for-postu olaraq, qalacağına tamamilə əmindir. Əks halda, ABŞ və Qərbin – Rusiyanın düşmənlərinin təsir dairəsinə keçə biləcək bir ölkəyə silah-sursat və hərbi texnika göndərmədi. Xüsusilə də, Rusiyanın özünün Ukrayna savaşı ilə bağlı silah-sursat defisiti yaşadığı bir dövrdə belə bir addım atmazdı.

Bu, o deməkdir ki, Kreml Rusiya-Ermənistan münasibətlərində yaranmış kəskin ziddiyyətləri müvəqqəti hesab edir. Rusiya siyasi dairələri əmindirlər ki, Paşinyan hakimiyyəti müvəqqətidir, tezliklə onu dəyişmək mümkün olacaq. Ondan sonra Ermənistan yenidən Kremldən idarə edilən regional coğrafi məkan vəziyyətinə qaytarılacaq. Həmin vaxtda qədər isə Kreml Ermənistanı silahlandırıb, nisbətən gücləndirməkdə maraqlıdır. Çünki Rusiya Ermənistandan həm Qərbə, həm də Azərbaycan-Türkiyə İttifaqına qarşı istifadə etmək planları qurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar