Top.Mail.Ru
MANŞET

Şirvan İcra Hakimiyyəti ilə bağlı ŞOK FAKTLAR: Körpələr evində…

KAİM.az-ın əldə etdiyi məlumata görə, Elmira Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 iyun 2016-cı tarixli 27 nömrəli əmri ilə həmin tarixdən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.

Saytların yığılması Saytların yığılması

Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elmiranın barəsində Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə – təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmira ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1990-cı ildən 2015-ci ilə qədər Şirvan şəhəri 2 saylı “Nərgiz” uşaq bağçasında işləyib:

“2015-ci ildən 2016-cı ilə qədər Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdir əvəzi vəzifəsində işləmişəm, 2016-cı ildə həmin bağçada müdir vəzifəsinə təyin olunmuşam. 2022-ci ilin avqustuna qədər orada bağça müdiri vəzifəsində işləmişəm. Mən komplektləşmə dövründən deyil, fevral ayından işə başladığım üçün 2014-2015-ci illərin komplektləşməsi mənə hazır şəkildə verilib. 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında işə başlayarkən tarifləşmə cədvəli də hazır vəziyyətdə olub.

Həmin dövrdə komplektləşmə və tarifləşmə cədvəli hazır vəziyyətdə olduğu üçün mən eyni qayda ilə işləmişəm. Tarifləşmə cədvəli hər il bizə Şirvan şəhər İcra hakimiyyəti tərəfindən hazır şəkildə verilib. Mən müstəqil şəkildə heç bir şey etməmişəm. Hazır şəkildə verilmiş sənədləri imzalamışam. Mənim əlavə qrup yaratmaq ixtiyarım olmayıb. Yalnız mənə verilmiş göstərişləri həyata keçirmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fəaliyyət göstərdiyi 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçası 110 nəfərlik, 6 qrupluq bağça kimi fəaliyyət göstərib: “Yoxlama zamanı həmin bağçada 6-cı qrupun olması əlavə qrupun yaradılması kimi qeydə alınsa da, həmin qrup əlavə qrup deyildi. Bağça müdiri işlədiyim dövrdə 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında 36 işçi fəaliyyət göstərib. İşçilərin 12-si tərbiyəçi müəllimə vəzifəsində çalışıb.

Bundan başqa, bağçada texniki vəzifələrdə, yəni tibb bacısı, aşpaz, gözətçi, ocaqçı, istilik sisteminə baxan fəhlə, santexnik vəzifələrində çalışan işçilər də olub. Ocaqçı işi mövsümi xarakter daşıyıb. İstilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini eyni adam icra edib. İstilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini eyni adamın icra etməsi əvvəllər də həmin qaydada olub. Sonradan 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçası Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildikdən sonra mənə bildirdilər ki, bu vəzifə olmamalıdır.

Tarifləşmə cədvəlində həmin şəxsin adı qeyd olunduğu üçün bu halın baş verməsi mənim səhvim deyil. Bu hal bütün bağçalarda eyni qaydada olub”.

Təqsirləndirilən şəxs deyib ki, uşaqların yaşına uyğun olaraq qruplar yaradılıb, uşaqlar növbəli olaraq kiçik qruplardan orta qruplara, orta qruplardan böyük qruplara, böyük qruplardan məktəbəqədər hazırlıq qruplarına keçirilib: “Məktəbəqədər hazırlıq qrupunda olan uşaqların hamısı bağçanın tərkibindəki uşaqlar olub. Bağçaya kənardan heç bir uşaq daxil edilməyib. Əlavə qrup yaratmamışam.

Əgər əlavə qrup yaratmış olsaydım, uşaqların və qrupların sayında dəyişiklik olardı. Bağça müdiri olduğum dövrdə ad dəyişikliyi olub.Həmin ad dəyişikliyi Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Həmin dövrdə məktəblərdə 5 yaşlı uşaqlar üçün qruplar açılıb. Uşaqların çoxu ora götürülməyib, uşaqlar da məcbur olub bağçada qalıb”.

Elmira Səfərova bildirib ki, bağça mərkəzi istilik sistemi ilə təchiz olunub, ocaqçı işi mövsümi xarakter daşıyıb: “Fuad Abbasov ocaqçı vəzifəsində çalışmayıb. Fuad Abbasov 1.5 ştat vahidi olmaqla 2 vəzifəni, istilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini yerinə yetirib. Bu hal məndən qabaqkı dövrdə də belə olub. Mən də eyni qayda ilə davam etmişəm. Mərkəzi istilik sistemi mövsümi xarakter daşısa da, bağçada yay aylarında da isti suya ehtiyac olduğu üçün Aristona və boruların işlək vəziyyətdə qalmasına nəzarət Fuad Abbasova həvalə edilib. Bu vəzifə binanın qızdırılması dövrü üçün yazılmalı olsa da, mən Şirvan şəhər İcra Hakimiyyətinin göstərişi əsasında belə yazmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onun müstəqil hərəkətlər etmək ixtiyarı olmayıb: “Mənim “Asan imza”m da özümdə olmayıb. Bu barədə müraciət edərək “Asan imza”mı tələb etsəm də, mənə bildirilib ki, bütün bağça müdirlərinin “Asan imza”sı Şirvan şəhər İcra Hakimiyyətində Şəhla xanımdadır. Mən işdən çıxdıqdan sonra öyrəndim ki, “Asan imza”lar müdirlərin özlərinə paylanıb.

18 yanvar 2022-ci il tarixli Şirvan-Salyan Regional Təhsil şöbəsinin məktubuna əsasən mənə bildirilib ki, heç bir işçi götürülməməli, heç bir işçi işdən çıxarılmamalıdır. Biz işə götürməni və işdən azad etməni heç vaxt müstəqil həyata keçirməmişik. Bu səlahiyyəti bizim adımızdan Şirvan şəhər İcra Hakimiyyəti həyata keçirib. Bizə yalnız hazır sənədlərə imza etdiriblər. Şirvan şəhər İcra Hakimiyyətinə çağırılmışam, sənədlər bizə qeyri-iradəvi olaraq möhürlətdirilib. Möhürlənmiş sənədlərin əsası Şirvan şəhər İcra Hakimiyyətində qalıb. Surətlərini isə bağça müdirlərinə veriblər. Bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Yeni uşaq götürülərkən əraziyə yaxın olmağına, daha çox şəhid ailələrinə və qazi ailələrinə diqqət edilib”.

Təqsirləndirilən şəxs deyib ki, bağçaya müəyyən olunmuş yaş qrupuna aid olmayan uşaqları götürməyib, sadəcə karantin rejimindən qayıtdıqdan sonra əvvəllər bağçanın tərkibində olmuş uşaqların valideynləri ilə əlaqə saxlayıb, daha xəstəliyin olmadığını, uşaqların bağçaya qayıda biləcəklərini bildirib:

“Həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən bizə bildirilib ki, hansı bağçada uşaq sayı az olarsa, həmin bağça bağlanacaq. Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyində olarkən maaşlar icra hakimiyyəti tərəfindən müəyyən olunub. Biz yalnız sənədlərə imza atmışıq. İşə gələn işçilər gündəlik davamiyyət kitabçasına qol çəkib. İşə davamiyyətə özüm nəzarət emişəm. Bağçanın möhürü özümdə olub”.

Elmira Səfərova qeyd edib ki, bağça Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyindən Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra onlara hər hansı bir şeyi səhv etdikləri bildirilməyib: “Yenə hər şey olduğu kimi davam etdirilib. Tarifləşmə cədvəlləri bizə hazır şəkildə verilib. Tarifləşmə cədvəllərində məndən başqa icra başçısının, mühasibin və 2 nəfər nümayəndənin imzası olub. Tarifləşmə cədvəlləri sentyabrın 15-nə kimi tərtib olunub. Tədris ilinin ortasında cədvəli dəyişdirmək mümkün olmayıb. Mənim artıq ştat yaratmaq səlahiyyətim olmayıb. Heç vaxt belə bir şey etməmişəm.

Bağçaya yoxlama komissiyası hər il gəlməyib, Vüsalə Əhmədovanın şikayətindən sonra gəlib. Birinci dəfə bağçaya yoxlamaya 2 nəfər gəlib, heç bir nöqsan aşkarlanmayıb. Valideynlər Şirvan şəhər İcra Hakimiyyətinə şikayət etdikləri üçün icra hakimiyyəti tərəfindən bizə göstəriş verilib ki, şikayətləri daxildə həll edin, icra hakimiyyətinə şikayət gəlməsin. Bağçada yoxlama başlamamış Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vurulmuş zərərin miqdarının 30 000 manat yazılacağını, mənim könüllü olaraq ərizə yazaraq işdən çıxmağımı bildirdi.

Bağçada yoxlama aparılarkən çox haqsızlıqlar oldu. Yoxlama aktına imza edən şəxslərdən yalnız müdir müavinini tanımışam. Ondan yoxlamanın nə üçün gəldiyini soruşmuşam. O da Aygün adlı valideynin Prezident aparatına məktub yazması əsasında yoxlama aparıldığını bildirdi.

Mənim 2015-ci il təvəllüdlü veteran ailəsindən olan uşağın valideyninə yazdırdığı ərizə yoxlama zamanı onun özünə cırdırılaraq məhv edilib. Bütün uyğunsuzluqlar mənim günahım kimi göstərilsə də, bağça müdiri olduğum dövrdə sektor müdiri Həzi Qasımov tərəfindən hər hansı məsələni səhv etməsi barədə heç vaxt xəbərdarlıq edilməyib. Mən işdən çıxarılana qədər bağçanın Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyindən nazirliyin tabeliyinə keçirilməsi ilə bağlı təhvil-təslim başa çatmayıb”.

Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elmira Səfərova 4300 manat cərimə olunub. //Teleqraf.com

Bənzər yazılar