Top.Mail.Ru
MANŞET

Şuşada ZƏFƏR SAMMİTİ – Prezident İlham Əliyevdən ÖNƏMLİ MESAJLAR

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi.  Bu sammitin Şuşada keçirilməsi tarixi bir hadisə kimi xarakterizə olunur. Çünki ilk dəfədir ki, türk dövlətləri azad olunmuş ərazilərdə keçirilən beynəlxalq səviyyəli sammitdə bir araya gəldilər.

Doğrudur, müxtəlif ölkələrin rəhbərləri Şuşaya fərqli zamanlarda səfər ediblər. Ancaq bu cür siyasi əhəmiyyətli tədbirdə bir araya gəlməyiblər.

Saytların yığılması Saytların yığılması

Bir zamanlar düşmən işğalında olan, təhlükəli ərazi sayılan Şuşa bu gün əzəli sahiblərinin ixtiyarında ən təhlükəsiz məkanlardan birinə çevrilib. Bu məkandan türk dövlətlərinin liderləri bütün dünyaya mesaj verib, birliklərini nümayiş etdirirlər.

ZİRVEMİ.jpg (242 KB)

KAİM.az Musavat.com-a istinadən xəbər verir ki, zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını şəxsən qarşıladı və öz çıxışında dünyaya mühüm mesajlar verdi.

MESAJİM.jpg (129 KB)

Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür:

“Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”.

Prezident çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir:

“Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir”.

Məlumat üçün bildirək ki,  2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə yaradılan TDT 14 ildən artıqdır ki, siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil, səhiyyə, rəqəmsal transformasiya və turizm kimi müxtəlif sahələrdə əməkdaşlıq platformaları yaradıb. Türk dövlətləri arasında Təşkilat damı altında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müntəzəm və sistemli şəkildə davam etdirilib və ildən-ilə daha da möhkəmlənib.

Ekspertlər bildirirlər ki, dünyada mövcud olan beynəlxalq təhlükəsizlik problemləri, münaqişələr, siyasi və sosial-iqtisadi böhranlar hər bir dövlətin sabitliyini və rifahını qoruyub saxlamağı zəruri edib. Bu baxımdan qardaş türk dövlətlərinin daha sıx bir araya gəlməsi, həmrəyliklərini gücləndirməsi və nəhayət vahid güc kimi çıxış etməsi vacibdir. Hər tərəfdən təhdid və çətinliklərlə əhatə olunmuş regionumuzda ölkələrimizin təhlükəsizliyi və sabitliyi gücləndirilməli, geosiyasi diversifikasiya və transformasiya tədbirləri həyata keçirilməlidir.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

SİXO.jpg (123 KB)

Yuxarıda da qeyd etdiyimiz kimi, sammiti önəmli edən tərəflərdən biri də onun Şuşada keçirilməsidir. Bu baxımdan sammiti Zəfər sammiti kimi adlandıranlar da var.

Ölkə Prezidenti də çıxışında bu məqama toxundu. Bildirdi ki,  Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur:

“Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır”.

SUSAMİ.jpg (217 KB)

Şuşa şəhərinin tarixi əhəmiyyəti hər kəsə bəllidir. Burada işğaldan öncə Azərbaycan xalqı əsasən mədəniyyətə aid tədbirlər keçirib. Şuşanın özü də mədəniyyətimizə böyük şəxsiyyətlər verib ki, bu da Türk dünyasına- bütün dünyaya yaxşı məlumdur. Yəni Şuşa tam bir mədəniyyət mərkəzidir.

Ölkə Prezidenti çıxışında bildirdi ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur:

“Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır”.

İndi təkcə Şuşa deyil, bütün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Burada “Böyük Qayıdış” proqramı icra olunur. Erməni vandallarının məhv etdiyi ərazilərəmizə Günəş doğur. Biz qayıtmışıq və bunun faydasını bütün region bilir, yaxşı anlayır.

Azərbaycan Prezidenti çıxışı zamanı açıqladı ki, cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq:

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər”.

Azərbaycan TDT-nin inkişafı və gələcəyi üçün də maddi dəstəyini əsirgəmədi. Azərbaycan Prezidenti bu gün açıqladı ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bütün dəhlizlər buradan keçir. İndiyə qədər erməni işğalına görə bəzi dövlətlər bu bölgəyə investisiya qoymaq istəmirdilərsə, bu gün həmin problem də aradan qalxıb. Artıq Qarabağın mərkəzində beynəlxalq sammit keçirilir və təhlükəsizlik yüksək səviyyədə qorunur. Bu gün Azərbaycan dünyanın ən sabit yerlərindən biridir. Bu da böyük layihələrin icrası üçün önəmli faktordur.

GENİSO.jpg (139 KB)

Azərbaycan prezidenti vurğuladı ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb:

“Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.  Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir”.

Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Şuşada böyük sammit sona çatdı. Azərbaycan COP29-a hazırlaşır.

COP.jpg (112 KB)

Məlumat verək ki, COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Prezident çıxışında vurğuladı ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.

Bugünkü sammitin daha bir önəmli tərəfi burada Qarabağ Bəyannaməsinin imzalanması oldu.

KARABAKO.jpg (144 KB)

Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Bənzər yazılar