Top.Mail.Ru

MÜSAHİBƏ

Böyük Vətən müharibəsinin qəhrəmanı: “Atdığım mərmi generalların qarşısına düşdü, amma…” – MÜSAHİBƏ

Dünya tarixinin İkinci Dünya müharibəsi… 1939-cu ilin sentyabrında başlayan bu savaş keçmiş Sovet İttifaqının tərkibində olan respublikaların, o cümlədən Azərbaycanın tarixindən Böyük Vətən müharibəsi kimi keçib. 

Xalqımız bu müharibədə 300 min nəfərdən çox itki verib. Bu müharibədə kişilərlə yanaşı, Azərbaycan qadınları da onlarla çiyin-çiyinə mübarizə aparıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Təəssüf ki, o tarixin canlı şahidlərindən bu gün çox az adam həyatda qalıb. Həmsöhbətimiz məhz o fədakarlardan biri – Böyük Vətən müharibəsinin iştirakçısı, 99 yaşlı Ramazanov Nazim Tağı oğludur.

Nazim Ramazanov 1923-cü il aprelin 1-də dünyaya gəlib. Özünün də dediyi kimi, Gülüş Günündə dünyaya gəlməsi xasiyyətinə də təsir edib. Yaşı çox olsa da, ruhu hələ də cavan qalan Nazim dayı Stalinqrad, Krasnodar, Pribaltika, Polşa, Çexoslovakiya istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Fəal döyüşçü olduğu üçün müharibə vaxtı əsgərlərdən yeganə Nazim Ramazanovu yeddi nəfərlik zabit heyəti ilə döyüş bölgəsinə göndəriblər:

“1942-ci ildə bizi seçim mərhələsindən keçirib göndərdilər Terek çayı tərəfə. Oraya çatanda gecə olduğundan yatmaq əmri verildi. Gecə biz olduğumuz yerə mülki və hərbi geyimdə iki nəfər yaxınlaşdı. Məlumat verdilər ki, komandirlərə qulaq asın, səhər birmənalı irəli gedəcəyik. Geri çəkilmək olmaz.

Səhəri Terek çayının kənarında aça bilmədik, 40 dəqiqə sonra həyəcan siqnalı gəldi ki, ərazi toplarla atəşə tutulur. Biz də cavab atəşi açmağa başladıq. Gecə saat 2-də atışmadan sonra hücum əmri gəldi. Hücuma keçib bir neçə ərazini götürdük. İrəli getdikcə gördük ki, bir çox mövqelərdə silahlılar yoxdur. Səhər saat 6 radələrində iki ərazini mübarizəsiz geri aldıq”.

Leninqraddan (indiki Sankt-Peterburq – red.) olan komandirin heyətində olan Nazim bəy deyir ki, xəndəklər qazaraq gizlənirlər:

“Rusiya Federasiyasında yerləşən, Stavropolun inzibati ərazisinə daxil olan Minvoda (Mineralnıye Vodı) qədər irəlilədik. Buraya çatanda bizi 28 nəfərlik heyətlərə böldülər. Maşınlara minib Kislovodsk istiqamətində kurort ərazisinə getdik. Bizim sənədlərimizi yoxladılar. Biz oraya gedənə qədər almanları təyyarə ilə ərazidən götürmüşdülər. Döyüş tapşırığı, demək olar ki, yerinə yetirilmiş hesab olunmuşdu. Bizə təklif etdilər ki, istəsəniz, istirahət edə bilərsiniz, istəmirsinizsə, Minvoda qayıdın. Yenə maşınlara mindik və qayıtdıq”.

600 mindən çox azərbaycanlı döyüşlərə yollanıb, 300 mindən çox həmvətənimiz bu yolda canından keçib.

Səhərlər istirahət edib, gecələr hücuma keçdiklərini deyən 99 yaşlı Nazim dayı daha sonra istehkamçı təlimlərinə cəlb edilib:

“Krasnodar vilayətinə getdiyimizdə məni minatəmizləmə təlimlərinə yazdılar. Həmin ərəfələrdə texnika çox məhdud sayda idi. Təlimləri uğurla başa vurdum. Krasnodarda bizim bankımız olub. Bankı gizlətmək üçün üçmərtəbəli ev tikilib. Evin ikinci mərtəbəsindəki mənzillərin birindən üçüncü mərtəbəyə yol açılırdı. Heç kim bankın yerini dəqiq tapmasın deyə belə ediblər. Orada səlahiyyətli şəxs 500 rubldan ibarət bir bağlamanı verdi ki, 28 nəfər arasında bölün. Pulların bir qismi isə yanmışdı. Komandir bizə dedi ki, niyə hamısını götürmədiniz? Biz ehtiyac olmadığını dedik”.

Dəstələrə bölünən silah yoldaşları ilə fərqli istiqamətlərdə döyüşdüklərini deyən Nazim dayı o vaxt komandir müavini olub.

Danışdıqca bəzi şeylər yadından çıxır, bir qədər düşünür Nazim dayı.

“Yüzün astanasına çatmışam, amma tamam edərəm, ya yox, Allah bilir” .

Sərrast atışlarına görə ona bir çox medal və təltiflər verilib:

“Komandirim soruşdu ki, bu medal səndə haradandır? Mən də ona bunun təlim kurslarını keçdiyimi dedim. Morze əlifbasını bildiyim üçün döyüş zamanı bir neçə dəfə təhlükəli məqamın qarşısını almışdım. Buna görə xidmətlərim müqabilində məni medalla mükafatlandırmışdılar. Döyüşlər bitənə yaxın təlimlər keçirdilər. Təlimdən sonra isə üç saat hər kəsə istirahət verirdilər. Mən istirahət etmədim, dedim, gedim minaatan təlimlərinə. Heç vaxt atmamışdım”.

Atdığım minaatan mərmisi komandir, generallarla mənim arama düşdü, Allahdan, partlamadı.

Bir dəqiqə içərisində hər kəsə dəhşət yaşadan Nazim dayı deyir ki, o gün onu və heyəti Allah qoruyub:

“Təlimə gəlib dedim ki, mən də minaatanla atəş açmaq istəyirəm. Koordinatları düzgün qoymadığım üçün atdığım mərmi göyə qalxıb geri qayıtdı. Generalın köməkçisi bunu gördü və cəld hər kəsə yerə uzanmalarını dedi. Mərmi düz generalların qarşısındakı palçığa düşdü. Hamımız da gözümüzü yumduq ki, yəqin, öldük. Amma mərmi partlamadı, Allah bizi saxladı. General, komandirim soruşdular ki, bunu kim atdı? Hamı məni göstərib dedi ki, “Kəşfiyyatçı Nazim”. Münasib dil ilə desək, qorxudan mənə itin sözünü dedilər (gülür). Amma sonra barışdıq. Dedilər, get, istirahət elə, növbəti dəfə koordinat məsələsində ehtiyatlı ol.

Bizə deyirdilər ki, alman hərbçisi gördünüzsə, geri addım atmayın, vurun. Mən də qarşıma çıxanı vurub, silahını götürürdüm. Komandirim deyirdi ki, mərd oğlansan. Bir dəfə alman əsgərinin birini mən vurdum, bir də çaşıb öz heyətləri vurmuşdu.

Müharibədən geriyə qalan xatirələr çox ağırdır. Yoldaşlarımızı itirdik, amma bu gün qələbənin artıq 77-ci ildönümüdür. Buna görə qürurluyam”.

Nazim dayı deyir ki, işğaldan azad edilən Qarabağa getmək istəsə də, səhhəti buna imkan vermir:

“Bu gün Azərbaycanın çox güclü ordusu var. Mərd oğullarımız torpaqlarımızı işğaldan azad etdilər. Mən o vaxt ulu öndər Heydər Əliyevlə yeddi dəfə görüşmüşdüm. O hər zaman deyirdi ki, siz heç vaxt unudulmazsınız. Həqiqətən də, bu gün dövlət bizi hər zaman yad edir, unutmur. Bu bizim üçün ən böyük qayğıdır”.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button