Top.Mail.Ru

MÜSAHİBƏ

SON DƏQİQƏ! Ermənistandan SƏRSƏM BƏYANAT – Paşinyanın imzaladığı sənədlər LƏĞV EDİLİR

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Elman müəllim, Ermənistandakı aksiyalar səngimir və günü-gündən fərqli məsələlər gündəmə gətirilir. Siz necə düşünürsünüz, aksiyaların perspektivi haqqında hansı proqnozlar var?

Loading...
Yazının davamı reklamdan sonra

– Bu proseslərdə pərdəarxası məqamlarda Ermənistan Baş naziri Nikol Paşinyanın əli var. Çünki Paşinyan özü də bütün görüşlərdən sonra sərsəm bəyanatlar verir. Brüssel görüşündən sonra onun açıqlaması pozuculuğa hesablanmışdı. Separatçılarla və Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın açıqlamasını heç kəs unutmayıb. Sadəcə olaraq görünən odur ki, sanki bir oyun qurulub, Ermənistan müxalifəti, iqtidarı da eyni taftalogiyadan çıxış edir. Doğrudur, Paşinyan komandası bu məsələlərlə bağlı açıq danışmasa da mövzuya dair sükut nümayiş etdirmələri birmənalı qəbul edilmir.

Çünki Paşinyan özü və komandası başqa-başqa yerlərdə açıqlamalar verməklə əslində bu mövzuya dəstək göstərir. Görünür, onlara vəd verənlər, şirnikləşdirənlər, xam xəyallara salanlar belə mövzularla prosesi idarə etməyə çalışırlar. Eyni zamanda “Qarabağ klanı” bu gün Ermənistanda küçələrdə at oynadır. Buna qarşı da bir loyal yanaşma var. Çünki Paşinyan bu məsələdə konkret mövqe tutsa, “Qarabağ klanı”na rəhbərlik edən iki hərbi cani Köçəryan və Sərkisyan haqqında ciddi tədbirlər görülə bilər. Onların həbsi üçün Ermənistan qanunverciliyində çoxlu əsaslar ola-ola bu iki hərbi caniyə nədənsə toxunulmur.

– Separatçıların “hüquqları, təhlükəsizlik” və Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfinin yanaşmaları nədən qaynaqlanır?

– Azərbaycanın iradəsini sınağa çəkmək qarşı tərəfə uğur gətirməyəcək. Çünki onlar düşünürlər ki, vaxt uzatmaqla ola bilsin Şimaldan və Qərbdən hansısa bir dəstək ola bilər. Sözsüz ki, bütün bunlar xəstə təxəyyülün məhsuludur. Dövlət başçısı bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini birmənalı olaraq ortaya qoyub. Ermənistan və ona havadarlıq edənlər də bilir ki, bundan sonra ermənilər üçün Azərbaycan ərazisi daxilində heç bir “status”dan söhbət gedə bilməz. Bu gün Ermənistanda yenə də iqtidar və müxalifətin Zəngəzur dəhlizi məsələsində inkarçılığını müşahidə edirik. Halbuki 10 noyabr 2020-ci il bəyanatında bu məsələlər öz əksini tapıb. Zəngəzur dəhlizində maneəsiz hərəkətlə bağlı açıq qeyd edilmiş müddəalar mövcuddur. Ermənistanda kimlərsə, bunu inkar etməyə çalışırsa, 10 noyabr 2020-ci il razılaşmasının müddəalarını diqqətlə oxuyub nəticə çıxarsınlar. Biz Laçın dəhlizi məsələsində öz mövqeyimizi ortaya qoya bilərik. Ermənistanın nə deməsindən asılı olmayaraq biz Zəngəzur dəhlizi məsələsində də alternativə malikik. Çünki bu yaxınlarda İranla memorandum imzalandı. Həmin sənədlə biz rahat şəkildə Naxçıvana və Türkiyəyə çıxış əldə edə bilərik. Ona görə də, Ermənistanın dəhliz və kommunikasiyalar məsələsindəki inadkarlığı sadəcə olaraq onun özünə ziyan vuracaq.

– Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın sabotajlarının davam etməsi fonunda Laçın dəhlizində Azərbaycanın inzibati imkanları hansı halda işə düşə bilər?

 

– Azərbaycan Zəngəzur dəhlizindəki yanaşmalardan asılı olaraq Laçın dəhlizində özünün inzibati imkanlarını ortaya qoyacaq. Bununla ermənilərin Qarabağa yeganə çıxış yolu olan nəfəsliyi bağlanacaq. Qarşı tərəf yaxşı olardı ki, bunu düşünsün. Çünki Azərbaycan dövləti bundan daha 30 il onların mövqeyini gözləməyəcək. Qalib tərəf Azərbaycandır. Kapitulyasiyaya imza atmış dövlət də ona nə diktə edilir buna uyğun davranmalıdır.

– Ermənistanda hakimiyyəti dəyişikliyi fonunda Azərbaycan və Rusiya ilə imzalanan üçtərəfli sənədlərə təhlükə görünürmü?

– Ermənistanın baş naziri Nikol Paşinyan bu sənədlərə fiziki şəxs kimi imza atmayıb. O, bu sənədlərə Ermənistan dövlətinin adından imza atıb. Nikol Paşinyanın imzasının arxasında Ermənistan Respublikasının baş naziri sözü yazılıb. Bizim üçün bu imzanı kimin atması qətiyyən maraqlı deyil. Ermənistanda kimlərsə düşünürsə ki, Paşinyan hakimiyyətdən getsə, onun imza atdığı sənəd qüvvədən düşəcək, yanılırlar.

– Amma sərhəddə təxribatlara əl atılır…

– Bu cür təxribatlar olacaq. Çünki hələ də Azərbaycan ərazisində separatçıların tör-töküntüləri qalır. Ona görə də, belə hallar olacaq. Təxribatlara birdəfəlik son qoymaq üçün onlar ilk növbədə Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır. Bununla paralel olaraq iki dövlət arasında olan sərhəd xətti dəqiqləşməli və sərhəd xidməti həyata keçirilməlidir. Bundan sonra sabitliyin təminatına əmin olmaq olar. Eyni zamanda üçüncü qüvvələrin də burada pozucu mövqeyi kənara qoyulmalıdır. Ermənistan da birmənalı olaraq Azərbaycan qarşısında siyasi, diplomatik, hərbi cəhətdən zəif və aciz olduğunu dərk edib bu təxribatlardan əl çəkməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button