Top.Mail.Ru

MÜSAHİBƏ

Politoloq: “Azərbaycan-Britaniya əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələr var”

“Müxtəlif radikal qruplar Azərbaycan daxilində vəziyyəti gərginləşdirməyə çalışdıqlar kimi, xarici əlaqələrimizə də zərbə vurmağa çalışırlar. Əlbəttə, daxildə onlara qarşı uğurlu mübarizə aparılıb və indi ölkəmizdə həmin radikal qüvvələrin bazası yoxdur. Ona görə də xaricdə təxribat törətməyə çalışırlar”.

KAİM.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu qrupları həvəsləndirən xüsusi qüvvələr var və tarixi təcrübə də bunu təsdiqləyir: “Yəqin ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı təxribat əvvəlcədən xüsusi planlaşdırılıb. Çünki mühafizə olunan obyektə gözlənilməz hücum mümkün deyil. Planlaşdırılan hücum isə o deməkdir ki, məsələnin arxasında heç də zəif olmayan güclər, xüsusi təşkilatlar dayanıb”.

Loading...
Yazının davamı reklamdan sonra

İ.Vəlizadənin fikrincə, hədəf kimi məhz Azərbaycanın Britaniyadakı səfirliyinin seçilməsi təsadüf deyil: “Londonla Bakı arasındakı əlaqələr son illər çox inkişaf edib. Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp işğaldan azad edilmiş rayonlara tez-tez gedir, həmin ərazilərin minalardan təmizlənməsi işləri ilə tanış olur. O digər həmkarlarından daha çox fəallıq göstərir. Yəqin ki, bundan narahat olan qüvvələr var. Çox güman, kimlərsə Britaniya-Azərbaycan əlaqələrinin inkişafında, Londonun Cənubi Qafqaza investisiya qoymasında maraqlı deyil”.

Politoloq həmçinin bildirib ki, belə addımlar tərəflər arasındakı əlaqələrə zərbə vura bilməz: “Bildiyiniz kimi, Britaniyanın Baş naziri Boris Conson artıq istefa verib. Onun postuna əsas namizədlərdən biri hazırkı xarici işlər naziri Liz Trassdır. Bəlkə də, kimlərsə istəyir ki, növbəti hökumətin dövründə Britaniya ilə Azərbaycan arasındakı münasibətlər indiki kimi dinamik olmasın. Lakin belə cəhdlər mənasızdır. Ucuz oyunların Azərbaycanın xarici əlaqələrinə ziyan vurması mümkünsüzdür. Sadəcə, ola bilsin, həmin qruplar öz güclərini göstərməyə çalışıb”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button