Top.Mail.Ru

MÜSAHİBƏ

SON DƏQİQƏ! Rusiya və İrana sərt MESAJ: “Türk ordusunu dayandıra bilməyəcəklər”

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

– Yunanıstan-Türkiyə gərginliyi pik həddə qalxıb. Artıq Yunanıstan ordusu Aralıq və Egey dənizlərində Türkiyənin F-16 qırıcılarına açıq müdaxilələr edir. Sizcə, Yunanıstanı Türkiyəyə qarşı kim qızışdırır və burada məqsəd nə ola bilər?

Loading...
Yazının davamı reklamdan sonra

– Yunanıstanı kimin qızışdırdığı bəllidir. Təəssüf ki, Amerikadakı bəzi siyasi dairələr Türkiyə əleyhinə Yunanıstana dəstəyi artırıblar. Amerikanın Yunanıstandakı hərbi bazalarının sayının artırılması da müşahidə olunur. Türkiyə Prezidenti Ərdoğan haqlı olaraq amerikalı rəsmilərindən soruşdu ki, Yunanıstanda hərbi bazaların artırılması kimə qarşı yönəlib? Cavab verdilər ki, guya Rusiyaya qarşıdır. Ərdoğan da məntiqli cavab verdi ki, Rusiya uzaqdadır. Yəni Yunanıstanda qurulan hərbi bazalar niyə Rusiya əleyhinə olmalıdır? Hiss olunur ki, bunlar Türkiyə əleyhinə atılmış addımlardır.

ABŞ Yunanıstanı silahlandırdığı halda, Türkiyənin pulunu əvvəlcədən ödədiyi F-35 təyyarələrini vermir, əməkdaşlıqdan vaz keçir. Bugünlərdə ermənipərəst konqresmen Bob Menendez açıqlama verdi ki, ABŞ Yunanıstanı silahlandırmalı, Türkiyəni müttəfiqlər siyahısında çıxarmalıdır. Menendez Türkiyəni Çin və Rusiya ilə bərabər tutur. Guya Türkiyə Amerika üçün Rusiya və Çin qədər təhlükəlidir. Menendez belə fikirlər də söyləyir. Yəni Amerika Yunanıstanı Türkiyə əleyhinə cəsarətləndirir.

Türkiyə böyük dövlətdir, güclü ordusu var, Yunanıstanın qarşısından geri çəkilən deyil. Üstəgəl, anlaşmalara görə, yunan adaları silahlandırılmamalıdır. Amma Yunanıstan bu anlaşmalara məhəl qoymur. Bu adalar öz sahillərinə yaxın olduğuna görə Türkiyə hərbi addımlarını atır. Yəni bölgədə gərginliyi artıran Yunanıstandır. Halbuki hər ikisi NATO üzvüdür, müttəfiq sayılırlar. Buna baxmayaraq, iki ölkə arasında gərginlik yaradılır.

Gərginliyin müharibəyə çevriləcəyini zənn etmirəm. Gərginliyin artması da NATO üçün faydalı deyil. Buna görə də çıxış yolu tapılmalıdır.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarında Şimali Suriyada gözlənilən antiterror əməliyyatlarına etiraz edən İran və Rusiyaya sərt mesajlar verdi. Ərdoğan yeni əməliyyatda qərarlı olduqlarını bildirdi. Sizcə, İran və Rusiyanın etirazı türk ordusunu dayandıra biləcəkmi, yaxud yeni antiterror əməliyyatları bölgədə hansı gəlişmələrə yol aça bilər?

– Türkiyə Silahlı Qüvvələri bundan əvvəl də Suriyada bir neçə antiterror əməliyyatı keçirib. İran və Rusiya o zaman da bunun əleyhinə çıxmışdı. Bəs Türkiyəni dayanda bildilər? Xeyr!

İran və Rusiyanın etirazlarına baxmayaraq, Türkiyə bu əməliyyatları keçirdi, çünki bu onun təhlükəsizliyi üçün vacib idi. PKK və ona bağlı təşkilatlar orada at oynadırdılar. Əgər indi Türkiyənin təhlükəsizliyi üçün təhdidlər varsa, türk ordusu Suriyaya daxil olacaq. İran və Rusiya da onu dayandıra bilməyəcək. Heç Türkiyə ilə münasibətləri gərginləşdirmək Rusiya və İranın maraqlarına cavab vermir. Çünki hər ikisi Qərbin sanksiyaları altındadır və Türkiyəyə ehtiyacları var.

Buna görə də Suriyaya görə Türkiyə ilə düşmən olmayacaqlar. Üç ölkə arasında Astana prosesi də var. Əlbəttə narazılıqları ola bilər, amma bu, Türkiyəni dayandıra bilməyəcək.

– İraqın paytaxtı Bağdadda anti-İran qüvvələri, “Sədr” Hərəkatı etirazlara başlayıb. İranın dəstəklədiyi qüvvələrin hakimiyyəti ələ keçirmək səylərinə etiraz edən “Sədr” tərəfdarları prezident sarayı, hökumət və parlament binalarını ələ keçiriblər. Hadisələrin gedişatı haqda proqnozunuz necədir?

– Təəssüf ki, İraqda sabitlik yaratmaq mümkün olmur. Vaxtilə ABŞ Səddam Hüseyni devirəndə çoxları düşünürdülər ki, bütün məsələlər həll ediləcək. Amma bunun əksi baş verdi. Səddam Hüseyn diktator olsa da, onun dövründə ən azı sabitlik vardı. Amma bu gün İraq faktiki olaraq, müxtəlif qüvvələr arasında parçalanıb. Ölkənin şimalında kürdlər öz bildiklərini edirlər, bir qrup şiə İranla ittifaqdadır, digər qüvvələr də onlarla mübarizə aparırlar. İndi isə İraq vətəndaş müharibəsinə sürüklənir.

 

İraqda cərəyan edən hadisələr qonşu dövlət Türkiyənin maraqlarına da cavab vermir. Türkiyə İraqda sabitlik istəyir. İran isə müəyyən qüvvələrlə çalışır ki, İraqda sözəbaxan hökumət olsun, bununla ölkəni öz təsiri altında saxlasın. İranın bu istəkləri də İraqda sabitliyin yaranmasına mane olur.

– İsrail aktiv şəkildə İranla Qərb arasında Tehranın nüvə proqramına dair davam edən müzakirələrə qarşı hərəkətə keçib. Təl-Əviv İranla heç bir anlaşmanı qəbul etməyəcəyini bildirir. Sizcə, İsrail bu prosesə mane ola biləcəkmi?

– Yeni nüvə sazişi İran üçün çox vacibdir. Hətta İran bunun üçün bir sıra tələblərindən geri çəkilib. Məsələn, İran ABŞ-dan tələb edirdi ki, İslam İnqilabı Korpusunu (SEPAH) terror təşkilatları siyahısından çıxarsın. Amerika belə bir addım atmayacağını bildirdi, nəticədə İran bu tələbindən vaz keçdi. Bu tələbi olmadan da nüvə sazişini imzalaya biləcəyi mesajını Brüssel vasitəsilə Vaşinqtona göndərib.

Yeni nüvə sazişinin imzalanması İrana iki səbəbdən lazımdır. Birincisi, bununla Qərb banklarında dondurulan pullarını geri almaq istəyir. İkincisi, neftini dünya bazarlarına çıxarmaqla gəlirlərini artırmağa, bununla da daxildə artan sosial-iqtisadi problemlərini həll etməyə çalışır.

İsrail baş verənlərdən narahatdır. İsrail düşünür ki, İran neftin satışından və Qərbdəki banklardan əldə etdiyi pullar hesabına hərbi qüdrətini artırmağa səy göstərəcək, yeni raketlər istehsal edəcək. Buna görə də, İsrail İranla istənilən anlaşmanın əleyhinədir. Amma Amerikanın öz maraqları var. Avropa da maraqlıdır ki, İranla nüvə sazişi imzalansın. Avropanın hədəfi budur ki, İran sanksiyalardan qurtulub, qitəyə daha çox neft-qaz çıxarsın.

Avropa Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə tədricən rus qazından imtina edir. İndi bunun yerini doldurmaq lazımdır. İran isə dünyanın neft-qazla zəngin ölkələrindən biridir. Avropa oradan da enerji resursları almaq istəyir. Amma sanksiyalar qüvvədə qaldığı müddətdə bu mümkün deyil. Ona görə də Avropa da bu məsələdə maraqlıdır. Bircə İsrail əleyhinə çıxır. Bunun da izahının necə olduğunu dedim.

Birincisi, İran bununla hərbi qüdrətini artıracaq. İkincisi, bölgədə özünə yaxın “Hizbullah”, HƏMAS kimi qruplaşmalara silah verəcək ki, onlar da bunlarla İsrailə hücum təşkil edəcəklər.

– Ukrayna ordusunun əks-hücuma hazırlaşdığı haqda məlumatlar var. Artıq Ukrayna qüvvələrinin Xersonda Rusiya qoşunlarının birinci müdafiə xəttini yardıqları da deyilir. Sizcə, Ukrayna ordusunun əks-hücumu necə nəticələnə bilər?

– Müharibə rutin halını alıb. Hər iki tərəf nə irəliləyə bilir, nə də geri çəkilir. Çünki hər iki tərəfin itkiləri çoxdur. Amma buna baxmayaraq, Ukraynanın qarşısına hədəf qoyulub ki, vəziyyəti ən azı fevralın 24-dək olan duruma gətirsin. Bunun üçün fevralın 24-dən bəri işğal edilmiş əraziləri geri almalıdır. Əsasən iki bölgənin azad edilməsi vacibdir. Bunlar da Xerson və Zaporojedir. Xerson Rusiya üçün də vacibdir. Çünki bu, Rusiya üçün Krıma quru yol deməkdir. Amma indi Ukrayna ordusu əks-həmlələr edir. Artıq rusların birinci müdafiə xətti yarılıb. Yenə də Ukrayna üçün çətin olacaq. Çünki müharibə qanunlarına görə, hücuma keçmək daha çox itki vermək deməkdir.

Rusiya Donbasdakı qüvvələrini Cənuba çəkmək məcburiyyətində qalıb. Məqsəd Xersonu müdafiə etməkdir. Rus işğalçılarına qarşı Xerson və Zaporojedə partizan müharibəsi də gedir.

Ukraynanın əks-həmlələri davam edir. Yəqin Ukrayna düşünür ki, belə həmlələri artırmaq lazımdır. Çünki qışda müharibəni davam etdirmək daha çətin olacaq. Amma fakt budur ki, hər iki tərəf nə çox irəliləyə bilir, nə də geri çəkilir. Rusiya istədiyini əldə edə bilmədi. Altı aydır müharibə gedir, Kiyevə yaxınlaşıb geri çəkildilər. Üstəgəl, çox itki vermələrinə baxmayaraq, Donbasın hamısını işğal edə bilmədilər.

Putin gedişatdan narazıdır, amma özünü o yerə qoymur. Guya ki, hər şey plan üzrə gedir. Putin Şoyqudan – müdafiə nazirindən narazıdır. Çünki Şoyqu üzərinə düşənləri edə bilmədi. Amma Şoyqunu istefaya da göndərə bilmir. Bunu etsə, Rusiyanın məğlubiyyətini etiraf etmiş olacaq.

Bənzər yazılar

Back to top button