Top.Mail.Ru
MÜSAHİBƏ

SENSASİOPN AÇIQLAMA: Zəngəzur dəhlizi dünya güclərinə lazımdır

Yeni başa çatan iyun ayı dünya siyasətində qlobal tarixi görüşlərin, toplantıların keçirilməsi ilə yadda qaldı. NATO üzvü ölkələrin liderlərinin zirvə görüşü, dünya liderlərinin ikitərəfli görüşləri, ABŞ-la Avropa Birliyi arasında görüşlərin nəticələrinin dünyadakı bundan sonrakı proseslərin konturlarını cızdığı şübhəsizdir. Bu proseslərin içərisində Azərbaycanın və ölkəmizin yer aldığı regionun da olduğunu nəzərə aldıqda meydana gələn çoxsaylı sualların cavabını cəmiyyətimizin də bilməsi gərəkir. Haqqında söz açdığımız mövzular və bundan doğan suallarla bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə danışdıq.

– Sülhəddin bəy, iyun ayında dünya gündəminin əsas mövzularına çevrilən dünya liderlərinin görüşlərinin, qlobal miqyaslı sammitlərin hansı nəticələri oldu.

– Nəticələr çoxdur, amma mən bir neçə əsas başlıca hesab etdiyim nəticələrə toxunmaq istəyirəm. Ən böyük nəticələrdən biri odur ki, Co Bayden administrasiyası, Bayden Amerikası yenidən Avroatlantik məkanı bütövləşdirə bildi. Yəni bütün Avroatlantik cameəni, kollektiv Qərbin birliyini təmin edə bildi. Bu çox ciddi nətricədir. Bayden Amerika-Avropa birliyini yenidən qura bildi. Bunun da mərkəzində ABŞ-la Böyük Britaniya arasında imzalanmış yeni Atlantik xartiya dayanr. Bu bir növ anti-Hitler koalisiyasının yaradılması zamanı atılan addıma bənzəyir. Sanki demokratik dünya avtoritar, totalitar dünyaya qarşı müharibəyə hazırlaşır və demokratik koalisiya, qlobal demokratik koalisiya qurulur. Mən bunu belə dəyərləndirirəm. Yəni Anqlosakson birliyi bərpa olunur, Avroatlantik birlik bərpa olunur, NATO yenidən birləşdirilir, Avropa Birliyi ilə NATO arasında münasibətlər yenilənir. Bir sözlə kollektiv Qərbdəki münasibətlər yeniləndi. Bayden admnistrasiyası buna nail ola bildi.

İkinci böyük nəticə NATO-nun qloballaşmasıdır. NATO artıq gözlənildiyi kimi, qloballaşdı. Qurumun yekun bəyannaməsinə baxsanız bunu çox açıq şəkildə görmək mümkündür. Çünki artıq Çin də NATO-nun məsuliyyət zonasına daxil edilib. Digər tərəfdən NATO artıq tərəfdaş ölkələrlə də əməkdaşlığı sıxlaşdırmağı nəzərdə tutur. Yəni NATO həm hədəflərinə görə, həm də məsuliyyət zonasının genişlənməsinə görə qloballaşdı. Bu NATO-nun 2030-cu ildə hazırlanacaq konsepsiyasında öz əsasını tapacaq. Çünki NATO-nun yeni konsepsiyası qəbul olunmuş yuxarıda xatırlatdığım bəyannaməyə əsasən hazırlanacaq. Artıq NATO Şimali Amerika və Avropanı-köhnə qitəni deyil, bütün yer kürəsini öz məsuliyyət zonası hesab edir. Buradan törənən nəticə isə ondan ibarətdir ki, deməli, hədəflər də qloballaşır, məsuliyyət zonası da qloballaşır, koalisiya da qloballaşır. Yəni hər bir tərəf, beynəlxalq birliyin üzvü olan hər bir dövlət, hər bir beynəlxalq subyekt seçim etməli olacaq – ya demokratik koalisiyada yer alacaq, ya da totalitar rejimli koalisiyalarda yer alacaq. Bizi maraqlandıran əsas nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycanın strateji müttəfiqi olan qardaş Türkiyə də kollektiv Qərblə birgə hərəkət etməyə qərar verib. Əks təqdirdə hazırda bilirsiniz ki, onunla ABŞ arasında Əfqanıstanla bağlı intensiv dialoq aparılmazdı…

– Amma Türkiyənin Rusiya ilə daha sıx yaxınlaşdığı müşahidə edilir. Hətta bu günlərdə hər iki ölkənin xarici işlər nazirlərinin qucaqlaşaraq görüşdüklərini dünya izlədi…

– Türkiyə ilə Rusiya arasında görünən yaxınlığı, bir neçə gün öncə xarici işlər nazirləri arasında qucaqlaşmanı zahiri əlamət hesab etmək daha düzgün olardı. Sadəcə olaraq, tərəflər bilirlər ki, toqquşmaya doğru gedirlər və mümkün qədər bu toqquşmanın gec baş verməsinə, ertələnməsinə çalışırlar. Ona görə də əməkdaşlıq bölgələrində mümkün həddə qədər əməkdaşlığı davam elətdirmək istəyirlər. Birbaşa toqquşacaq dövlətlər məhz Türkiyə ilə Rusiyadır. Baxın, Liviyada Rusiya ilə Türkiyə toqquşur, Suriyada Türkiyə ilə Rusiya toqquşur, Ukraynada da onların böyük toqquşması potensialı getdikcə artır. Bu baxımdan tərəflər anlayırlar ki, nə zamansa toqquşacaqlar. Sadəcə olaraq, toqquşma zamanınadək əməkdaşlığı sürdürmək istəyirlər. Çünki bu, operativ taktiki baxımdan da hər iki tərəfə lazımdır. Türkiyəyə Qərblə danışıqlar da lazımdır, Rusiya ilə də danışıqlar lazımdır. Xüsusən də Çin məsələsinə görə. Türkiyəyə Qərblə Rusiya məsələsinə görə oynamaq üçün lazımdırsa, Rusiyaya da Çin məsələsində Qərblə oynamağa lazımdır. Ona görə də bütün məsələlərə strateji planda deyil, operativ taktiki planda baxmaq daha doğru olardı.

“Rusiyadan tələb olunurdu ki, bu münaqişə həll olunsun və ardınca qlobal orta dəhliz layihəsi həyata keçsin”

–  Hansı vəziyyət meydana gələ bilər ki, Rusiya ilə Türkiyə arasında dediyiniz toqquşma qaçılmaz olsun? Bir çox siyasi ekspertlər hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad eləməsində Türkiyə ilə Rusiya arasında yaxınlaşma, əməkdaşlıq münasibətlərinin sıxlaşması da rol oynadı. Əgər bu iki dövlət arasında dediyiniz toqquşma baş verərsə, Azərbaycan-Ermənistan münasibətlərində vəziyyət necə inkişaf edər?

– Əvvəla, onu deyim ki, doğrudan da ikinci Qarabağ müharibəsi geopolitik, geostrateji savaş idi və arxasında geoekonomik maraqlar da dururdu. Mən dəfələrlə demişəm, burada əsas məsələ bir kəmər-bir yol layihəsinin – orta dəhlizin açılması məsələsi idi. Əgər Rusiya bu məsələni danışıqlar yolu ilə həll edə bilsəydi, heç müharibəyə ehtiyac qalmayacaqdı. Ermənistanın Rusiyanın sülh planına razı olmaması müharibəyə gətirib çıxardı. Yəni bir tərəfdən Rusiyadan tələb olunurdu ki, bu münaqişə həll olunsun və ardınca qeyd etdiyim orta dəhliz layihəsi həyata keçsin. Rusiya isə məsələni sülh yolu ilə həll edə bilmədiyinə, digər tərəfdən Moskva Paşinyan hökumətindən narazı olduğuna görə müharibə variantı ortaya çıxdı. Burada geopolitik maraqlar, geostrateji, geoekonomik maraqlar üst-üstə düşdüyündən Azərbaycan çeviklik göstərərək uduşlu geopolitik konyukturanı yaxalaya bildi və bundan da bacarıqla istifadə etdi. Yəni burada bir nömrəli başlıca səbəb Türkiyə-Rusiya məsələsi deyil. Əsas məsələ daha böyük oyunçuların Rusiyaya təzyiqi məsələsidir. Böyük Britaniyanın və Çinin. Məqsəd qeyd etdiyim dəhlizi açmaq idi. Rusiya danışıq yolu ilə Ermənistana Lavrov planını qəbul etdirə bilsəydi, müharibə olmayacqdı. Təbii ki, Türkiyə-Rusiya münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə qalxması münasibətləri bir qədər yumşaltdı, Türkiyənin regiona girişini nisbətən asanlaşdırdı. Amma bizim torpaqlarımızın azad edilməsi üçün xarici faktorlar arasında həlledici məsələ qeyd  etdiyim kimi, böyük geopolitik, ekonomik maraqlar idi. Burada da həlledici mövqedə Böyük Britaniyanın və Çinin Rusiyaya təzyiqi rol oynayırdı.

– Belə çıxır ki, qeyd etdiyiniz böyük orta dəhliz layihəsində Zəngəzur dəhlizi də öz əksini tapır…

– Əlbəttə, Zəngəzur dəhlizi məsələsi bu layihənin içindədir və hətta bu layihənin reallaşmasında bir nömrəli yer alır. Mən ona görə deyirəm ki, Rusiyaya Qarabağ məsələsinin həll edilməsi üçün təzyiq edilirdi. Qarabağ məsələsi həll olunmadan Zəngəzur dəhlizinin açılması mümkün olmazdı. Nəyə görə Azərbaycan dövlət başçısı inamla deyir ki, Zəngəzur dəhlizi açılacaq? Çünki bilir ki, bu dəhlizin açılması üçün böyük dövlətlər arasında artıq razılaşma var. Mən nəzərdə tuturam Böyük Britaniya, Çin və Rusiyanı. Eyni zamanda Türkiyə də burada rol alıb.

– Onda belə çıxır ki, Zəngəzur dəhlizi Rusiya və Türkiyəyə, həmçinin Azərbaycana lazım olmaqla yanaşı, digər böyük güclərə lazımdır…

– Bəli. Zəngəzur dəhlizi dünya miqyaslı böyük bir yol layihəsinin həyata keçirilməsi üçün dünya güclərinə lazımdır. Bu layihə əsasən Böyük Britaniya ilə Çinin layihəsidir. Bilirsiniz ki, Böyük Britaniya Brexitdən sonra Avropa Birliyindən ayrıldı və qlobal Britaniya tezisi ilə yeni xarici siyasət həyata keçirməyə başladı. Britaniya yenidən qlobal liderlik iddiasını ortaya qoydu. Əgər Bayden hakimiyyətə gəlməsəydi, anqlosaksonların qurduğu qlobal sistemi Donald Tramp dağıtmaqda davam eləsəydi Böyük Britaniyanın qlobal iddialarını daha aydın görə biləcəkdik. İndi sadəcə olaraq, Bayden hakimiyyətə gəldiyinə görə, anqlosaksonların İkinci Dünya müharibəsindən sonra qurduğu qlobal sistemi bərpa etdiyi üçün ola bilsin Böyük Britaniya tədricən yenidən Amerika ilə birgə hərəkət eləməyə keçəcək və qlobal iddialarından vaz keçmiş olacaq. Zəngəzur dəhlizi qeyd etdiyimiz orta dəhlizin bir hissəsidir. Azərbaycanda bu dəhliz qırılırdı. Çünki Azərbaycanın torpaqları Ermənistanın işğalı altında idi. Bilirsiniz ki, həmin dəhlizin dəmir yolunun Azərbaycandan keçən hissəsi də Ermənistanın işğalı altında idi. Ona görə də bu ərazilər dəhlizin açılması üçün azad edilməli idi və azad edildi. Zəngəzur dəhlizi açılacaq və dəmir yolu tikiləcək. Keçmiş MTN işçisi kimi mənim operativ düşüncəm mənə deyir ki, bu yolu Çinin pulu ilə çəkəcəklər, amma yola nəzarət kollektiv Qərbin səlahiyyətinə keçəcək. Türkiyənin də burada möhkəmlənməsinə bu baxımdan da dəstək veriləcək.

“Avropa Birliyi ilə masa üstündə olan tərəfdaşlıq sazişini yubatmadan imzalamaq lazımdır”

– Cəmiyyətdə isə belə bir düşüncə var ki, Türkiyə ilə Rusiyanın münasibətləri pozulsa, indiki əməkdaşlıq qarşıdurma ilə əvəzlənsə, Qarabağ məsələsində bizim xeyrimizə olmayan geriyə dönüş başlaya bilər. Sizin fikirlərinizdən isə belə arxayınlıq yaranır ki, artıq gecdir və geri dönüş mümkün deyil?

– Bilirsiniz, siyasətdə mümkünsüz heç nə yoxdur. Belə bir məşhur deyim var ki, heç vaxt heç zaman demə. Yəni heç bir şey haqqında qəti mütləq bir söz demək olmur. Amma biz üstün tendensiyalardan danışa bilərik. Üstün tendensiyalar dediyiniz arxayınçılığın olmasına əsas verir. Rusiya da bunu bilir. Rusiya kəşfiyyatı bunu bildiyinə görə, Türkiyə ilə konfliktə gedilərsə bu konfliktin qloballaşacağını da bilir. Bilir ki, əgər Türkiyə ilə toqquşmaya başlasa təkcə Türkiyə qarşı-qarşıya durmayacaq, daha böyük güclərlə qarşı-qarşıya durmalı olacaq. Rusiya arxada böyük güclərin dayandığını görür. Həm Rusiya, həm də Türkiyə aralarında toqquşmanı bu səbəbdən mümkün qədər ertələməyə çalışır. Diqqət edirsinizsə, Türkiyə irəlilədikcə, Rusiya açıq və ya gizli müqavimət göstərə-göstərə geri çəkilməyə məcbur olur. Siz bunu Liviyada da, Suriyada da görəcəksiniz, Azərbaycanda da görəcəksiniz. Ən böyük toqquşma potensialı daşıyan yer Ukraynadır. Ona görə görürsünüz Rusiya ilə Türkiyə burada toqquşmamaq üçün nə qədər səy göstərirlər.

– Nəyə görə Ukrayna ən böyük toqquşma potensialı olan yerdir?

-Çünki yeni Avropa təhlükəsizlik sisteminin nəhəng daşı hesab olunur Ukrayna.  Yəni kollektiv Qərb Ukraynanı yeni Avropa təhlükəsizlik sisteminin nüvəsi hesab edir. Ukrayna varsa, yeni Avropa təhlükəsizlik sistemi var, Ukrayna yoxdursa, yeni Avropa təhlükəsizlik sistemi də yoxdur. Rusiya üçün isə Ukrayna varsa imperiya var, yoxdursa imperiya yoxdur. Çünki tarixi legitimliyin əsası Kiyevlə, Kiyev Rus Dövləti ilə bağlıdır. Əgər Ukrayna bu imperiyanın tərkibində yoxdursa imperiyanı bərpa etmək mümkün olmur. Hələ mən digər faktorları demirəm. Yəni bu iki başlıca amilə görə hər iki tərəf üçün Ukrayna olmazsa olmazdır. Ukraynada tərəflər arasında sərt güc tətbiqi meydana çıxsa bunun çox böyük sürətlə yayılma ehtimalı var. Eləcə də Qafqazda da yayılma ehtimalı var. Amma böyük miqyasda yox.

– Azərbaycan bəllidir ki, qalib mövqedədir. Azərbaycanın üstün qalib mövqedə olması proseslərdə Türkiyənin əlini gücləndirirmi?

– Təbii ki, gücləndirir. Amma burada bir məqam var. Azərbaycan necə ki, keçən il yuxarıda qeyd etdiyim geopolitik vəziyyəti düzgün oxudu və vaxtında çevik addımı atdı, indi də Bayden dövründə baş verməkdə olan yenilənən geopolitik dəyşiklikləri düzgün oxumalıdır, Amerikanın yenidən qlobal liderliyə soyunduğunu, bütün kollektiv Qərbin birləşdiyini, Türkiyənin də bu kollektiv Qərblə birgə hərəkət edəcəyini və nəhayət, Şuşa bəyannaməsini də nəzərə alaraq hərəkət etməlidir. Ona görə də ABŞ-la, NATO ilə, Avropa Birliyi ilə münasibətlərini keyfiyyətcə inkişaf etdirib yeni səviyyəyə qaldırmalıdır. Avropa Birliyi ilə masa üstündə olan tərəfdaşlıq sazişini yubatmadan imzalamaq lazımdır. Ermənistana imkan verməməliyik ki, siyasi diplomatik savaşda bizdən önə keçsin. //Müsavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button