MÜSAHİBƏ
“Guya mən onu qızlığa götürmüşəm” – Səfurə İbrahimovadan alınıb yayımlanmayan müsahibə

Xalq artisti Səfurə İbrahimova ilə bağlı son günlərdə mətbuatda yayılan xəbərlər yəqin ki, onu sevənləri də çox üzüb. Təbii ki, bu cür xəbərlərin mətbuatda yayılması arzuedilməzdir. Xatırladaq ki, sənətkar mətbuata qapalı olsa da zaman-zaman Moderator.az-a müsahibələr verib. O elə son müsahibəsini də ölümündən 3 həftə əvvəl bizə vermişdi. Xalq artistindən onun haqda yazılacaq kitab üçün bir neçə dəfə müsahibə alınıb. Onlardan bir neçəsini sizlərlə bölüşəcəyik. Müsahibələrinin birində Səfurə xanım ona qarşı olan laqeyd münasibətdən şikayətlənmişdi.

“Sevdiyim, hörmət etdiyim sənətkarlar çox olub. Təbii ki, bəziləri də olub ki, nə mən onu sevməmişəm, nə də onlar məni. Teatrda bəzi hallarda rolları dublyorlarla birgə oynayırdıq, o dublyorlar mənə göz verib, işıq vermirdi. Deyirdim ki, ayıbdır! Sən özün kimi oynayırsan, mən də özüm kimi. O aktrisa mənə deyirdi ki, birinci mən çıxıb həmin rolu oynayacağam, sonra ataram sən oynayarsan! Deyirdim ki, xeyr! Belə halların üstündə çox dava-dalaşlarım olub. Haqqımı tələb etmişəm! O adamı sözümlə yerində otuzdurmuşam. Demişəm ki, oynayacağam, baxarsan görərsən mən necə oynayıram! Sənin nə ixtiyarın var ki, mənə belə şərt qoyasan! Kimsən sən? Mən səndən əvvəl sənətə gəlmişəm! Belə olmaz. Hərəniz bir arxa-dayaq tapmısız özünüzə, mənim isə arxamda heç kimim yoxdur. Nə qədər belə çətinliklər olsa da o illər üçün çox darıxıram. O illərdə mən heç nəyim dərini çəkmirdim. “Sevil” filmində Dilbəri oynayırdım, gözəl geyimim var idi. Çəkilişdə çoxlarını itələyirdim ki, keçin sən Allah geyimimə ləkə salarsınız. Mən belə məsuliyyətlə yanaşmışam işimə. “Arşın mal alan” filmində qulluqçu obrazına çəkilmişəm. Bu film Göy-Göldə çəkilirdi. Yadımdadır, kökəlmişdim. Toy səhnələrinə görə 2 gün 2 sutka mən yatmadım, səhərə kimi çəkilirdi. Deyirdim ki, yatmayım, rejissor Tofiq Tağızadə mənə irad tutar. Amma bəziləri çəkilişi yarımçıq qoyub Gəncəyə gedirdi. Çəkilişə başlamaq istəyirdilər amma görürdülər ki, aktyor, aktrisa yoxdur! Bir çəkilin sonra gedin də gəzməyə” – deyə aktrisa bildirib.
Xalq artisti aktrisa Məlahət Abbasova haqda da fikirlər səsləndirmişdi.

““Sən həmişə mənimləsən” televiziya tamaşasında Nargiləni Məlahət Abbasova çox gözəl oynayıb. O vaxt bu obrazı oynayan başqa bir aktrisa “mənəm-mənəm” deyirdi. Çıxıb efirdə dedim ki, Məlahətə qədər bu obrazı oynayan olub, amma bu gün Məlahət sübut etdi ki, obrazı oynamaq yaşa baxmır. Mən onun oyunundan ləzzət aldım. O obrazı hiss edərək yaşayırdı, haldan-hala doğru keçirdi. Mən Məlahətə uğurlar arzu edirəm. Onunla teatrda bir çox ana-qız rollarını oynamışıq. Bu tamaşalardan biri də “Sevgililərin cəhənnəmdə vüsalı” idi. Rolda belə idi ki, guya mən Məlahəti qızlığa götürmüşəm” – deyə aktrisa bildirib.
Aktrisa müsahibələrinin birində hamilə qadın rolunu oynamaqdan imtina etdiyini də bildirmişdi.

“Zeynəb Kazımova adlı bir rejissor xanım var idi. Mən universitetdə oxuyurdum o vaxtlar. Məni çağırıb dedilər ki, bir gənc ana rolu var, ərə gedib, hamilədir. Onu oynamaq lazımdır. Mən dedim ki, üzr istəyirəm ailə həyatı qurmamışam, ana olmamışam. Bu rolu oynaya bilmərəm. Dedilər ki, yox oynayarsan. Filmin adı da “Dünyaya insan gəldi” idi. Həyat yoldaşımı gürcü akyoru oynayırdı. Ana ola bilmədiyim üçün hamilə qadın rolunu oynamaq mənə çətin idi. Ona görə də rejissor yaxın planlarda məni çəkdi, digər planlarda isə yerimə başqa aktrisa çəkildi. Onlara mənim simam maraqlı idi. Film çəkilib bitdi. Filmi görən Adil İsgəndərov bu roluma etiraz etmişdi” – deyə o bildirmişdi.
P.S. Mövzunu davam etdirəcəyik.
/ moderator.az