Top.Mail.Ru

MÜSAHİBƏ

“Anladım ki, İslam dini azərbaycanlı varlığının, mövcudluğunun ayrılmaz hissəsidir”

“Artıq hamı dəyişir, siyasi mövqelər də dəyişir və biz başa düşürük ki, vətənin azadlığından böyük heç nə yox imiş”

Vətən savaşı ölkənin müxtəlif siyasi, dini, mədəni baxışlara malik olan kəsimlərini bir amal altında birləşdirib. İnsanlar şəxsi mövqelərini donduraraq, əsgər mövqeyində dayanıblar.
Dinə qarşı statuslar yazıb, cəmiyyətdə ateist kimi tanınan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun da bu günlərdə İslam dini ilə bağlı fikirlərinin dəyişməsi sosial şəbəkədə marağa səbəb olub.

Hər zaman dinə qarşı sərt tənqidi mövqedə dayanan V. Məmmədov bunları yazıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Hamı bilir ki, ölkədə bəlkə də ən qatı ateistlərdən olmuşam. Fikrimi dəyişdiyimi də demirəm. Amma mənim Əsgərim azad etdiyi Vətən torpağımda azan verirsə, namaz qılırsa, başıma dəysin mənim ateistliyim.  Fərqi yoxdur, haqlıdır ya haqsız – əgər din Əsgəri qabağa aparan qüvvədirsə, eşq olsun o Dinə! Əsgərim nə edirsə, düz edir! Heç bir dindar məni dinə hörmətlə yanaşmağa məcbur edə bilməmişdi, amma Əsgərim elədi!!!”

Bu fikirlərin müəllifinin Musavat.com-a müsahibəsini təqdim edirik:

– Vüsal bəy, cəbhədə namaz qılan əsgərlə bağlı kadrları gördükdən sonra  İslam dininə münasibətinizin dəyişməsi  ilə bağlı statusunuz çox müzakirə olunur və demək olar ki, bəyənilir. Hansı düşüncənin təsiri altında yazmışdınız onu?

– Mən cəbhə bölgəsində namaz qılarkən şəkilləri çəkilən əsgərləri gördüm, bizim vətənə qaytardığımız ərazilərdə səslənən azan səsini eşitdim. Bu, mənə çox qəribə təsir elədi. Sanki işğaldan azad etdiyimiz ərazidə  yenidən varlığımızın təsdiqi kimi, bu fakta vurulan möhür kimi təsir bağışladı mənə azan səsi. Belə göründü ki, harada azan səslənirsə, orada Azərbaycan xalqı var. Bu mənə çox güclü, qəribə hiss yaşatdı. Başa düşdüm ki, İslam dini azərbaycanlı varlığının , mövcudluğunun ayrılmaz hissəsidir. Bir halda ki, biz vətən uğrunda ölənimizə şəhid deyirik, bu bir dini termindir. Əsgərlərimizə “Allah qorusun” deyiriksə, azad etdiyimiz torpaqlarda azan səsləndiririksə, deməli bu, Azərbaycan varlığının, müqəddəs vətən ideolojisinin ayrılmaz  hissəsidir. Belə bir vaxtda ateist olmağım özümə yersiz göründü. Haqsız göründü demirəm, fikrimi dəyişib ateizmdən dinə keçməmişəm, dindar olmamışam. Sadəcə, yersiz göründü ki, belə bir vaxtda, belə bir mühitdə ürəkdən “Allah əsgərimizi qorusun”, “Allah əsgərimizə kömək olsun”, “İnşallah torpaqlarımız qayıtsın” demək üçün, ateizmi dondurmaq, bir müddət kənara qoymaq lazımdır. Bu sözləri ürəklə deməyə sənin ateist kimliyin mane olursa, artıq burada ateizm yersizdir. Bu statusu yazmaq içimdən gəldi, onu yazdım və çox sevinirəm ki, səmimi də qarşılandı.

– Əslində, təkcə siz deyilsiniz, cəmiyyətdə sanki hər kəs şəxsi mövqeyini, mənafeyini kənara qoyub. Müxalifət iqtidarla, ateistlər dindarlarla birləşib, eyni mövqedən savaşır, Şuşa məscidində namaz qılmağı əhd edən ateistlər var. Bu milli birliyi necə qiymətləndirirsiniz? İnsanların dini, siyasi, etnik baxışları arxa planda qalıb.

– 2016-cı ildə Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri tikiləndə belə bir sözüm olmuşdu ki, təki Şuşa məscidinin özü azad olunsun, mən hətta ateist olsam belə, o məsciddə məmnuniyyətlə, namaz qılacam. Bunu ürəkdən demişdim. Bəli, ateizm mənim üçün bir dünyagörüşü formasıdır, maraqlı və dəyərli dünyagörüşüdür. Ancaq vətən ideologiyası o qədər böyükdür və əzəmətlidir ki, istənilən dünyagörüşü və siyasi ideologiya onun yanında çox kiçik qalır. Vətənin azadlığı- biz bu hissi heç vaxt yaşamamışıq. Mənim 42 yaşım var və ilk dəfə bu hissi yaşayıram. Vətənin azadlığını görmək, düşməni öz torpağından qovmaq necə möhtəşəm bir hissdir, bütün  vücudumuzu sarıb. Tanış olmayan bir hiss idi, biz bilmirdik ki, bunu yaşayanda bizə nələr gətirəcək, hansı fikirlərə salacaq. İndi bütün o fikirlərin burulğanı bizi o istiqamətdə aparır. İllərdir çox amansız və sərt müxalifət mövqeyində duran  insanlar var ki, indi deyirlər İlham Əliyev  bizim qürurumuzu bərpa elədi, biz artıq ona qarşı müxalifətdə olmayacağıq. Həqiqətən də, vətən namusdur, bu müzakirə oluna bilməz, xalqın namusunu müdafiə edən şəxsə qarşı da müxalifətdə durmaq olmaz. Artıq hamı dəyişir, siyasi mövqelər də dəyişir və biz başa düşürük ki, vətənin azadlığından böyük heç nə yox imiş. Bütün bu illər ərzində biz sadəcə başımızı qatmışıq, müxalifətçiliklə, ateizmlə, siyasi ideologiyalarla sadəcə, başımızı qatmışıq. Amma gözlədiyimiz bu günlər imiş.

– Bəzən Azərbaycan iqtidarını demokratik dəyərlərə uymamaqda, seçkilərin azad keçirilməməsində tənqid edirdilər. Ancaq bu gün Azərbaycan iqtidarının apardığı savaş da göz önündədir, xalq inqilabı ilə hakimiyyətə gələn Paşinyanın erməniləri məhvə sürükləməsi də… Siz bu haqda necə düşünürsüz, savaşda qələbə üçün nə önəmlidir?

– Mən bu haqda çox düşünmüşəm ki, əgər Serj Sərkisyan hələ də hakimiyyətdə qalsa idi, yenə də biz bu müharibəni edərdikmi… Şübhəm yoxdur ki, yenə də edəcəkdik, qarşımızdakı kim olsa da edəcəkdik. Ancaq Serj Sərkisyan hakimiyyətdə qalsaydı və “mavi” adlandırılan inqilabla Paşinyan rəhbərliyə gətirilməsəydi, biz hazırkı müharibəni apara biləcəkdikmi? Açığı, birmənalı cavab vermək çətindir. Düzdür, nə vaxtsa mütləq Qarabağda müharibə edəcəkdik. Ancaq əminəm ki, hazırkı vaxt da bizim üçün bu dərəcədə yaxşı, ermənilər üçün bu qədər pis olmazdı. Onlar inqilab etməklə və guya demokratik proseslə Paşinyanı hakimiyyətə gətirməklə, özləri özlərinin kəfənlərini biçdilər. Azərbaycanda isə müharibənin bu qədər  möhtəşəm, uğurlu keçməsi üçün son dərəcə möhkəm, monolit bir hakimiyyət olmalı idi. Bu günə qədər olan hər şey, ölkədaxili proseslər də məhz buna hesablanmışdı ki, həqiqətən möhkəm, bir əldə yumruq kimi cəmləşən hakimiyyət olsun. Yeri gələndə o yumruğu erməninin başına endirmək mümkün olsun. Əgər bizdə də demokratiya adı altında hakimiyyəti zəiflədən, ikitirəlik yaradan proseslər getsəydi, güman ki, indi biz də bu uğurları cəbhədə qazana bilmirdik.

– Son 30 ildə  Meydan hərəkatından bəri belə milli birlik olmamışdı. Sanki xalqla, bugünkü gəncliklə, cəmiyyətlə bağlı bir inamsızlıq, ruh düşkünlüyü var idi. Vətən savaşı bu düşüncəni necə dəyişdi?

– Mən xalqımızla bağlı əmin idim, onun necə böyük olduğunu bilirdim, ancaq açıq desək tam istədiyim kimi görmürdüm. Ancaq heç zaman şübhəm olmamışdı ki, müharibə başlasa bizdə hər şey müharibəyə yönəlmiş olacaq. Yusuf Tuna adlı gözəl bir türkiyəli şair var, o bir şeirində yazır ki, “Savaş türkün düyünüdür”. Həqiqətən də ölkədə indi gedən proseslərə baxanda görürük ki, biz sanki bir toydayıq. Düzdür şəhidlərimiz var, itkilərimiz var, komendant saatı tətbiq olunur. İstədiyimiz kimi sərbəst yaşaya bilmirik. Pandemiya vaxtı biz buna deyinirdik ki, niyə axşam hər yer bağlanır, niyə restoranda otura bilmirik, niyə toylar yoxdur. Ancaq indi savaşla bağlı olduğu üçün heç kim şikayət etmir, heç bir narazılıq yoxdur. Bilirik ki, şəhidlərimiz var, bilirik ki, onların sayı az deyil. Ancaq bu da bizi narahat etmir, çünki şair dediyi kimi, sanki savaş türkün düyünüdür. Elə bil müharibə deyil, sevinirik, zarafatlar  qoşuruq, özümüzü bədbin hiss etmirik. Bilirik ki, müharibənin ağrısı da, acısı da var, ancaq bunu bayram kimi qəbul edirik. Doğrudan da görürük ki, savaş həqiqətən türkün düyünü imiş.

– Müharibənin gedişatı ilə bağlı fikirləriniz necədir?

– Məncə müharibənin taleyi artıq həll olunub. Mahiyyət baxımından məsələ artıq çözülüb. Sadəcə olaraq, bizim üçün proseslərin tam nöqtəsini qoyan hadisə Laçın dəhlizinin  nəzarətə alınması ola bilər. Artıq müharibənin taleyi bəllidir, bundan sonrakı məsələlər texniki proseslər və zaman məsələsidir. Məncə, müharibənin və Qarabağın taleyi ilə bağlı heç bir müzakirə ola bilməz. Qələbə də Azərbaycanındır, Qarabağ da Azərbaycanındır.

– Bir media nümayəndəsi olaraq kütləvi informasiya vasitələrinin işini, informasiya savaşını necə qiymətləndirirsiniz? Öhdəsindən gələ bilirikmi?

– Xaricdən maliyyələşən və xarici maraqlara qulluq edən bir neçə medianı, məsələn, “Meydan TV” kimi erməni təbliğatının desant bölməsini, bəzi “Youtube” kanallarını, Emin Hüseynov, Arzu Qeybulla kimi bloggerləri çıxmaqla , Azərbaycan mediası informasiya cəbhəsində əsgər kimi döyüşdü. Bütün jurnalistlərimiz informasiya döyüşünün hərbi birlikləri kimi ayaqdadırlar.

– Sizcə, beynəlxalq aləmdəki informasiya müharibəsində mövqeyimiz necədir? Xarici dildə olan resurslarımız yetərlidirmi?

– Müharibə yeni  başlayanda etiraf edək ki, ermənilərin təbliğatı bizdən qabaqda idi və daha güclü idi. Ancaq təxminən 1 həftə onların üstünlüyü sürdü. İkinci həftədən yavaş-yavaş qüvvələr bərabərləşdi, üçüncü həftədə Azərbaycan qabağa çıxdı. Mən bu prosesi çox yaxından müşahidə etdiyim üçün dəqiq deyə bilirəm. Qərbdə, Avropa məkanında Azərbaycanın informasiya cəbhəsindəki üstünlüyü açıq-aşkar hiss olunur. Artıq Azərbaycana maraq çoxdur, bizim mövqeyimiz işıqlandırılır. Bunu da xüsusi qeyd etməliyəm ki,  burada Türkiyə mətbuatının , xüsusən də Türkiyə televiziyalarının rolu çox böyük oldu. Bizim informasiya blokadasını yarıb Qərbə çıxmağımızda Türkiyə mediasının danılmaz rolu oldu, buna görə də, qardaş ölkənin jurnalistlərinə minnətdar olmalıyıq.

– Əlavə edim ki, dövlət başçısı İlham Əliyevin xarici mediaya müsahibələri də yüksək dəyərləndirilir…

– Hazırda Azərbaycanın bir nömrəli nyusmeykeri Ali Baş Komandandır. Bu, birmənalıdır. Ölkə ilə bağlı reallıqları,  o cümlədən, cəbhədəki proseslərin mahiyyətini də dünyaya hamıdan yaxşı İlham Əliyev çatdırır. Onun şəxsiyyətinə də Qərb mediasında maraq böyükdür, o da bu maraqdan ustalıqla istifadə edir. Vaxt tapıb xarici jurnalistləri qəbul edir, verilməsi lazım olan mesajları onların vasitəsilə verir. Dünyaya çatdırmaq istədiyi fikirləri çatdırır. Həqiqətən də çox böyük iş görür. Sərkərdə kimi döyüş meydanında müharibənin taleyini necə həll edirsə, diplomat kimi də diplomatiya meydanında məsələni artıq Azərbaycanın xeyrinə çözübsə, eyni şəraitdə informasiya müharibəsi meydanında da  nyusmeyker kimi bütün üstünlükləri qazanıb və informasiya cəbhəsini yarıb.

Nərgiz LİFTİYEVA
Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button