Top.Mail.Ru
MÜSAHİBƏ

28 May tarixi niyə Müstəqillik günü adlandırılır? – Əli Hüseynli aydınlıq gətirdi – MÜSAHİBƏ

Milli Məclis “Müstəqillik günü haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarır.

Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

“Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir”.

Qanun layihəsinə görə, Azərbaycanda 28 May tarixi Müstəqillik günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası günü olaraq qeyd edilməlidir.


Modern.az
saytı qanun layihisi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə həmsöhbət olub:

– Əli müəllim, indiyə qədər ölkəmizdə ayrı-ayrılıqda Müstəqillik günü və Respublika günü qeyd olunurdu. Parlamentə təqdim olunmuş “Müstəqillik haqqında” yeni qanun layihəsinin bu formatda zərurətini nə ilə əsaslandırardınız?

– Parlamentə cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün əhəmiyyətli olan “Müstəqillik günü  haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi  tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 

Belə ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 

1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında “Konstitusiya Aktı”na əsasən xalqımız öz müstəqilliyini bərpa etmişdir.  Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə – mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə – oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin. 


– Amma bir sıra dairələrdə bu tarixi günlərin dəyişdirilməsi ilə bağlı fərqli düşüncələr də var. 

– Ola bilsin ki, fərqli düşüncələr var. Amma hüquqi baxımdan hər şey öz məzmununa görə dəqiq olmalı və tarixi xronologiyanı əks etdirməlidir. Mən istərdim ki, o dövrdə qəbul olunmuş qərarları bir daha xatırlayaq və müqayisə edək. 

1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul edən qurucu babalarımız ilk növbədə bu Bəyannamə ilə müstəqil bir dövlətin qurulduğunu bəyan etmişlər. 

O ki qaldı müstəqilliyimizin bərpası ilə bağlı keçən əsrin sonunda qəbul edilən qərarlara, onların xronologiyasına bir daha qayıtmaq istərdim.  30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti məhz Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdir. Sonra məhz bu Bəyannamədən irəli gələrək, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. 1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi günü elan edilmişdir. Təbiidir ki, həmin Fərman 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının adına uyğun verilmişdir. Bütün bunlarla yanaşı, bildirməliyəm ki, 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur:

“Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Gördüyünüz kimi, bu sənədlərdə söhbət məhz müstəqilliyin bərpasından gedir. Bu baxımdan da, 1991-ci ilin oktyabrın 18-nin Müstəqilliyin bərpa olunduğu gün kimi qeyd olunması tam məntiqli və parlamentin özünün vaxtilə qəbul etdiyi Aktlara uyğundur. 

28 May gününə gəldikdə isə “Azərbaycanın dövlət quruluşunun Dirçəliş günü olan 28 Mayın istirahət günü elan edilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanının təsdiq olunması barəsində Azərbaycan Respublikası Ali Sovetinin 5 fevral 1991-ci il tarixli Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 1992-ci il tarixli Fərmanı ilə 28 May Respublika günü kimi hesab edilmişdir. Amma yuxarıda qeyd etdiyim kimi, mahiyyət etibarilə bu, əslində Müstəqillik günüdür. Çünki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın ilk növbədə müstəqilliyini dünyaya bəyan edib.

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button