Top.Mail.Ru

MÜSAHİBƏ

TƏCİLİ! Azərbaycan və Ermənistan BARIŞIR: Xankəndi və ətrafındakı SÜLHMƏRAMLILAR isə…

“Ötən illərə nisbətən Azərbaycanın Avropa Birliyi ilə də münasibətləri yaxşılaşıb, hətta bu il yeni müqavilənin imzalanması da gözlənilir. Rusiya ilə də müəyyən iradlarımız, problemlərimiz və Rusiya tərəfindən bəzən həddi aşan bəyanatlar olsa da, Azərbaycan tərəfi münasibətlərin korlanmaması üçün diplomatik addımlar da atır. Yəni bütün bunları nəzərə alsaq, zaman Azərbaycanın xeyrinə işləyir. İqtisadi və demoqrafik güc də Azərbaycanın tərəfindədir. Yəni bu yolda tələsmədən, amma qətiyyətli irəliləmək lazımdır”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya gedəcək. Sizcə, bu səfərdə məqsəd nə ola bilər?

Loading...
Yazının davamı reklamdan sonra

– Əslində formal səbəb Ermənistanla Rusiya arasında münasibətlərin yaranmasının 30 illiyi ilə bağlıdır. Amma böyük ehtimalla gündəmdə bir neçə məsələ də olacaq. Birinci məsələnin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, burada Rusiyanın marağı və payı ilə bağlı olacağını düşünürəm. Çox güman ki, Rusiyanın bununla bağlı öz təklifləri olacaq və addımların həm də onun maraqları çərçivəsində atılmasını istəyəcək. Digər məsələlərin isə Xankəndi və ətrafında yerləşdirilmiş Rusiya sülhməramlılarının gələcəyi, Ermənistan-Azərbaycan münasibətləri, sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsi və Brüssel görüşünün nəticələri ilə əlaqədar olacağı qənaətindəyəm.

Hələlik Rusiyasız, təkcə Avropa Birliyinin iştirakı ilə məsələlərin həlli ehtimalı çox aşağı göründüyündən çox güman ki, İrəvan və Moskva bu prosesdə ortaq maraqlarının nədən ibarət olduğunu müzakirə edəcəklər.

– Paşinyan tez-tez sülh mesajları verir, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dilə gətirir. Bu da o ehtimalı yaradır ki, nəhayət Azərbaycan və Ermənistan bir-birinə yaxınlaşmağa başlayıb. Bəs Rusiya bu prosesi dayandıra bilərmi, ümumiyyətlə, səyləri buna hesablanıbmı?

– “Dayandırmaq” deməzdim, amma öz maraqları çərçivəsinə yönəltməyə çalışacaq. Rusiyanın indiki məqamda bir neçə istiqamət üzrə maraqları var. İlk növbədə, münaqişələrin tamamilə həll olunmasında maraqlı deyil. Yəni Ermənistanla Azərbaycan arasındakı problemlərin birdəfəlik həlli Moskvanın maraqlarına cavab vermir. Çünki bu, həm Azərbaycan, həm də Ermənistana təzyiq rıçaqlarının itirilməsi ilə nəticələnə bilər. Bu da Rusiyanın maraqları çərçivəsində deyil.

Başqa bir məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Rusiya burada yeganə moderator olmağa çalışır. Dəfələrlə bunu bəyan ediblər, hətta Putinin özü xəritələrin onların arxivlərində olduğunu söyləyib. Bununla “Dəqiq xəritələr Rusiyanın əlindədir” mesajını verir. Rusiya Azərbaycana, ən çox da Ermənistana təsir etmək və ya onu cəzalandırmaq üçün bu xəritələrdən istifadə edə bilər. Çox güman ki, Ermənistanın İran və Türkiyə ilə sərhədlərində olduğu kimi, gələcəkdə Azərbaycanla sərhədlərində də Rusiya sərhədçilərinin yerləşdirilməsi müzakirə olunacaq. Rusiyanın bu yöndə də maraqları var və bunun təminatına çalışacaq.

Prosesə qlobal kontekstdə baxsaq, Rusiyanın burada ən böyük hədəfi bundan ibarətdir ki, yeganə moderator funksiyası əlindən çıxmasın. Yəni Avropa Birliyinin önə çıxmasını istəmir. Rusiyanın indiki aqressor və təcavüzkar imicini nəzərə alsaq, dünyaya buradan “sülh göyərçini” olduğu mesajını verməyə çalışacaq. Bu məsələlərin həllində özünün əsas rol oynadığını göstərmək istəyir. Bunu da ön plana çıxarmağa çalışacaq.

– Rusiyanın iki ölkə arasındakı problemlərin birdəfəlik həllini istəmədiyini dediniz. Belə olan halda proses hara qədər uzanacaq, bu, nə kimi gəlişmələrə yol aça bilər?

– Qənaətimə görə, il ərzində hansısa sənədlər imzalanacaq. Bunda da Rusiya ilə yanaşı, Avropa Birliyinin də rolu olacaq. Yəni prosesin tamamilə dayandırılmasını gözləmirəm. Çünki Türkiyə də burada vacib rol oynayır. Türkiyə isə indiki sanksiyalar dönəmində Rusiya üçün bir nəfəslikdir. Türkiyə sanksiyalara qoşulmayıb, öz hava məkanını ona bağlamayıb. Üstəgəl, Rusiya digər ölkələrlə Türkiyə üzərindən əlaqə saxlayır, Ankara Rusiya-Ukrayna böhranında rol almağa çalışır. Yəni Türkiyə Rusiya üçün həyati əhəmiyyət kəsb etdiyindən bu amili nəzərə almaya bilməz.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşması fonunda baş verə bilər. Bu məsələlərin ayrı-ayrılıqda həlli mümkün deyil. Rusiya bunu anlayır. Buna görə də, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına paralel olaraq, Azərbaycanla da müəyyən sənədlərin imzalanmasına maneə yaratmayacaq. Amma bu o demək deyil ki, məsələlərin birdəfəlik həllində yardımçı olacaq. Bunu anlamalıyıq.

Azərbaycan kifayət qədər təmkinli xarici siyasət yürüdür. Azərbaycan artıq öz prinsiplərini elan edib. Artıq məsələlər bu prinsiplər ətrafında müzakirə olunur. Bu, kiçik də olsa, diplomatik uğurdur. Ordunun hazırlıqlı olması və istənilən tapşırığı yerinə yetirməyə qadir olması mesajının verilməsi, müəyyən hərbi fəallığın olması da önəmlidir. Bunlar hərbi və diplomatik sahələrdə bir-birini tamamlayan addımların atılmasını özündə ehtiva edir.

Ötən illərə nisbətən Azərbaycanın Avropa Birliyi ilə də münasibətləri yaxşılaşıb, hətta bu ilə yeni müqavilənin imzalanması da gözlənilir. Rusiya ilə də müəyyən iradlarımız, problemlərimiz və Rusiya tərəfindən bəzən həddi aşan bəyanatlar olsa da, Azərbaycan tərəfi münasibətlərin korlanmaması üçün diplomatik addımlar da atır. Yəni bütün bunları nəzərə alsaq, zaman Azərbaycanın xeyrinə işləyir. İqtisadi və demoqrafik güc də Azərbaycanın tərəfindədir. Yəni bu yolda tələsmədən, amma qətiyyətli irəliləmək lazımdır.

Qənaətimə görə, Ermənistan da başa düşür ki, təkcə Rusiyaya ümidli olmaq gələcəkdə böyük problemlər yarada bilər. Çünki Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır. Rusiya iqtisadiyyatında problemlərin artması Ermənistana da təsir edəcək. Bunu balanslaşdırmaq üçün Qərblə də münasibətləri yaxşılaşdırmaq lazımdır. Ermənistanın Qərbə yolu isə Azərbaycan və Türkiyə üzərindən keçir. Bunu Ermənistan da anlayır.

– İrəvanda Paşinyan əleyhinə mitinqlər başlayıb. Bu aksiyalardan nə çıxacaq, kütləvi hal alması mümkündürmü, daxildəki bu gəlişmələr Paşinyanı Bakı ilə danışıqlarda geri addım atmağa sövq edə bilərmi?

– Düşünürəm ki, böyük ehtimalla bu aksiyalar Kremldən idarə olunur və Paşinyana təzyiq vasitəsidir. Kremlin “Damokl qılıncı” daim Paşinyanın başı üstündədir ki, onun icazəsi olmadan hansısa kənar addım atılmasın. Amma Ermənistan cəmiyyəti 44 günlük müharibədə məğlub olan baş nazir və partiyaya səs verdi, onu yenidən təkbaşına hakimiyyətə gətirdi. Bu o deməkdir ki, Ermənistan cəmiyyətinin böyük hissəsi müharibə istəmir. Amma təbii ki, orada revanşistlər – müharibə istəyənlər də var. Ən azı Ermənistan cəmiyyətinin 25-30 faizi müharibə və revanş açıqlamaları verən siyasətçiləri dəstəkləyir. Bunlar da kifayət qədər ciddi qruplardır. Buna görə də, Paşinyan zaman-zaman daxili auditoriya üçün ritorikasını sərtləşdirir. Amma Paşinyan beynəlxalq danışıqlarda daha yumşaq, qurucu və işlərin irəliləməsinə çalışan şəxs kimi görünür.

– ATƏT-in Fransa və ABŞ-dan olan həmsədrləri ayrı-ayrı vaxtlarda İrəvana gəldilər. Sizcə, bu səfərlərdə məqsəd nə ola bilər?

– Artıq Minsk qrupu əvvəlki formatda yoxdur. Bu, həm də Rusiyanın indiki durumu ilə əlaqədardır. Yəni Minsk qrupunun əvvəlki formatda davam etdirilməsi mümkünsüz idi. Bundan başqa, danışmağa mövzu da qalmayıb. Çünki Minsk qrupu 26 ilə yaxın imitasiya ilə məşğul oldu. Həmsədrlər ötən illər ərzində hansısa formullar kəşf etmişdilər: “5+2”, “Madrid prinsipləri”, “Kazan sənədləri” və s. İndi bunların heç biri masada yoxdur.

ATƏT-in Minsk qrupu qəribə duruma düşüb: de-fakto yoxdur, de-yure olaraq isə özünü saxlamağa çalışır. Azərbaycan da öz təkliflərini verib ki, əgər Minsk qrupu hansısa formada sülh quruculuğunda iştirak etmək istəyirsə, etsin. Amma Minsk qrupu əvvəlki formatda və mandatı ilə artıq fəaliyyətdə deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button