Top.Mail.Ru
MÜSAHİBƏ

150 illik oyun bitdi: Azərbaycan Zəngəzurdan bu şərtlərlə keçir

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

Saytların yığılması Saytların yığılması

– Musa müəllim, sülhlə bağlı ötən ilin sonunda Ermənistandan müsbət mesajlar verilsə də, yeni ilin başlanğıcında revanşizmə xidmət edən açıqlamalar gündəmə gəlir. Kilsə bu prosesdə daha “aktiv” görünür…

– Ermənilərin dövlətçilik tarixi olmadığına görə, kilsə erməni mədəniyyəti, siyasəti və etnoqrafiyasını müəyyən edir. Kilsə dini məbəddən daha çox ermənilərin gizli siyasi mərkəzinə çevrilib. İndi də, gələcəkdə də kilsə bu “status”dan çıxa bilməyəcək. Yəni Ermənistan daxilində az qala “dərin dövlət” hesab olunur.

– Dinin siyasətə müdaxiləsi hansı məntiqə əsaslanır?

– Ermənistandakı xristian kilsəsi İncilin tövsiyə etdiyi “öldürmə, ziyan vurma, pislik etmə” kimi dəyərlərindən uzaqlaşaraq məqsədinə çatmaq üçün hətta terrordan istifadə etmək niyyətini gizlətmir. Uzun on illiklər bu belə davam edib. Son 150 ildə Azərbaycan, Türkiyə, Qafqaz, Yaxın Şərqdə gedən proseslərdə ermənilərin dağıdıcı rolu kilsə ilə bağlıdır. 1988-ci ildə Azərbaycan ərazisində başladılan separatizm, Ermənistanın Azərbaycan ərazilərini işğal faktı, Qərbi Azərbaycandan azərbaycanlıların zorla deportasiyası, Qarabağda ermənilərin həyata keçirdiyi soyqırımı aktları məhz erməni kilsəsinin “xeyir-dua”sı ilə baş verib.

– Paşinyanla erməni kilsəsi arasında hazırkı mübarizənin səbəbi nədir?

– 1988-ci ildə erməni katolikosun “müraciəti” ilə bu qanlı əməllər törədilməyə başlanılıb. Müsəlman və türklərin əhatəsində süni olaraq yaradılan Ermənistan məhz erməni kilsəsinin düşmənçilik mövqeyinə əsaslanıb. Nikol Paşinyan hazırkı durumda prosesləri idarə etməyə çalışsa da buna nail ola bilmir. Çünki ona kənardan təsirlər çoxdur. Xarici təsirlər də fərqli rakurslarda olur. Mövqeyini diktə edən tərəflər maraqlarını önə çəkir. Ermənistanın gələcəyi nəzərə alınmır.

– Revanşistlərin Ermənistandakı proseslərə təsiri hansı səviyyədədir?

– Keçmiş hərbi canilər Köçəryan-Sərkisyan “klanı”nı hələlik Paşinyan tam neytrallaşdıra bilməyib. Qətl, müharibə, soyqırımı üzərində hakimiyyədə olan revanşistlərin indiki davranışları da məhz buna əsaslanır.

– Kənar təsirlərin rolunu necə dəyərləndirirsiniz?

– Hazırda Ermənistanda dövlətin imkanları zəifdir. Ölkəyə liderlik edəcək şəxs demək olar ki, yoxdur. Belə olan halda erməni kilsəsi dağıdıcı fəaliyyətinə davam edir. Erməni kilsəsi ilə yanaşı kənardan da revanşistlərə dəstək var. Din adı altında onlara dəstək verən terrorist qruplaşmalar mövcuddur.

– Sülhlə bağlı gözləntilər nədən ibarətdir?

– Sözsüz ki, sülhə bağlı ümidlər böyükdür. Nəhayət, bu il sülhün əldə edilməsi ehtimalı var. Prezident İlham Əliyevin həyata keçirdiyi böyükmiqyaslı beynəlxalq siyasət Azərbaycanı təkcə bölgədə deyil, qlobal miqyasda titul dövlətlərdən birinə çevirib. Artıq hamı başa düşür ki, Azərbaycanın iradəsi olmadan bölgədə hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Bu baxımdan da bölgədə sülhün olması ilk növbədə region dövlətlərinə lazımdır.

– Zəngəzur dəhlizinin açılması ilə bağlı hazırkı siyasi konyukturanı necə qiymətləndirisiniz?

– Artıq dünyada kritik gəlişmə başlayıb. İqtisadiyyatda, hərbi-siyasi sahədə böhran dərinləşir. Dünya dövlətləri bundan ehtiyyat edir. Xüsusilə Qafqaz bölgəsində sülhün olması Böyük İpək Yolunun bir hissəsi olan Orta Dəhlizin daha şaxələnmiş formada fəaliyyətinin həyata keçirilməsi Avropanın və Çinin maraqlarına uyğundur. Ona görə də, Zəngəzur dəhlizinin açılması artıq labüdləşir.

– Dəhlizlə bağlı İranın yanaşmaları necədir?

– İran burada öz maraqları çərçivəsində prosesə yanaşır. Artıq Azərbaycanla İran arasında əldə edilən razılaşma real müstəvidə icra edilir. İran ərazisindən ikinci bir yolun açılması üçün proseslər gedir. Bununla Naxçıvana oradan da türk dünyasına yol açılır. Bütün bunlar Azərbaycanın logistika mərkəzinə çevrilməsini şərtləndirir.

– Erməni cəmiyyətində sülhə münasibətdə hansı dəyişikliklər müşahidə olunur?

 

– Bu il Azərbaycan Ordusunun, iqtisadiyyatının, siyasətinin gücü ilə Ermənistan cəmiyyətində sülhə doğru meyillərin, çağırışların daha da artması gözləniulir. Artıq Ermənistandan da dərk edirlər ki, onların Türkiyə və Azərbaycanla iqtisadi-siyasi, diplomatik əlaqələr qurmadan gələcəkləri yoxdur. Bütün bu amillər imkan verir ki, nəhayət bölgəyə ədalətli sülh gəlsin.

Bənzər yazılar