Top.Mail.Ru
Ölkə

Britaniyanın dövlət naziri Dokerti: Bizim Azərbaycanla olduqca dərin və xüsusi əlaqələrimiz var

Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertinin APA-ya eksklüziv müsahibəsi

– Cənab nazir, ilk növbədə, bu fürsətə görə sizə təşəkkür edirəm. Cənubi Qafqaz regionunda normallaşma və sülh, Ermənistanla Azərbaycan arasında sülh və Brüssel danışıqlarından başlamaq istərdim…

Saytların yığılması Saytların yığılması

– Əlbəttə, biz Cənubi Qafqazda sülhün olmasında çox maraqlıyıq. Bu həftə mən İrəvanda, Tbilisidə oldum, indi də Bakıdayam. Beləliklə, biz proseslə çox fəal məşğuluq. İnanırıq ki, sülhün möhkəmlənməsi üçün aşkar imkan var və biz bunu təmin edə biləcək istənilən mexanizmi dəstəkləyirik. Aydındır ki, Avropa ölkələrinin, Amerikanın rolu var, eyni zamanda, ən önəmlisi iki ölkə – təbii ki, Azərbaycan və Ermənistandır. Biz Britaniya olaraq ikitərəfli fikir mübadiləsi və sülhə doğru addımları dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Bizim üçün aydın olan odur ki, indi aşkar, unikal imkan mövcuddur və biz səmimi qəlbdən ümid edirik ki, hər iki tərəf bundan istifadə edəcək.

– Bu yaxınlarda regiona səfər edən Almaniyanın xarici işlər naziri xanım Berbok da bildirdi ki, Almaniya tərəflər üçün platforma təklif edə bilər və ya Fransadan eşidirik ki, Paris tərəflər arasında vasitəçilik edə bilər, eləcə də ABŞ-ın prosesdə rol oynadığını görürük. Bəs Birləşmiş Krallıq?

– Əlbəttə ki, biz Azərbaycanın güclü müttəfiqiyik, həm də Ermənistanla çox güclü əlaqələrə malikik. Bir çox başqa ölkə kimi, bizim də rolumuz var, amma məncə, ayrı-ayrı ölkələrin öz rolu haqqında spekulyasiya etməsi faydalı deyil. Faydalı olan odur ki, hər iki ölkəni əmin edək ki, biz onları dəstəkləmək üçün orada olacağıq və proses Azərbaycan və Ermənistanın üstünlüklərini, seçimlərini rəhbər tutmalıdır. Bu, irəliyə doğru ən yaxşı yoldur.

– Bakıdan əvvəl İrəvanda olmusunuz və bildiyimə görə, Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsi ilə tanış olmusunuz. Layihə haqqında təəssüratınız, fikriniz necədir?

– Bəli. Bizə aydındır ki, Cənubi Qafqazda daha yüksək dərəcədə əlaqələnmə çox məntiqli bir yanaşmadır. Əlbəttə ki, bu əlaqələnmə artıq mövcuddur və buna görə də Azərbaycan Avropa enerjisinin mühüm tədarükçüsüdür və uzun illərdir ki, bu belədir. Və təbii ki, Böyük Britaniyanın Azərbaycandakı iştirakı Avropanın enerji təchizatçısı kimi oynadığı çox mühüm rola görə mümkün oldu. Hesab edirəm ki, Azərbaycan və Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında çox mühüm körpü rolunu oynayır. Əgər biz birlikdə infrastrukturu və əlaqəni təkmilləşdirə bilsək, istər boru kəmərləri, istər elektrik kabelləri, istərsə də ticarət və infrastruktur marşrutlarını yaxşılaşdıra bilsək, bütün regionlar bundan faydalanacaq. “Orta Dəhliz” anlayışı çox ciddi təklifdir və düşünürəm ki, bütün ölkələrə maraqlıdır. Mərkəzi Asiya dövlətləri Rusiyanı etibarsız tərəfdaş hesab etdikləri üçün öz enerjilərini Rusiyaya arxalanmadan, asılı olmadan Avropaya göndərməkdə maraqlıdır. Mən hesab edirəm ki, biz infrastrukturun təkmilləşdirilməsində rol oynamaqda çox maraqlıyıq. Daha çox ticarət daha sabit region deməkdir və bu, hamı üçün yaxşıdır.

– Enerji sahəsində əməkdaşlığı qeyd etdiniz. Mən bu əməkdaşlığa qarşı ittihamlarla bağlı sual vermək istərdim. Böyük Britaniyanın Azərbaycanla enerji sahəsində kommersiya əlaqələrinə qarşı ittihamlar səsləndirilir. Bu yaxınlarda Britaniya mətbuatında, xüsusən də BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrdə həmin layihələrin Azərbaycana hərbi potensialı maliyyələşdirməsinə kömək etdiyi barədə hesabat dərc olunmuşdu…

– Bu, yanlışdır. Biz BP-nin Azərbaycanda oynadığı rolu çox mühüm və vətəndaşların xeyrinə hesab edirik. Onun ölkənizlə tərəfdaşlıq nəticəsində yaratdığı tərəqqi hər kəs üçün çox faydalıdır, sabitlik və firavanlıq üçün gücdür və bu, çox vacibdir. Onu da deməliyəm ki, biz kollektiv şəkildə karbohidrogenlərdən keçid etdikcə, BP-nin rolu və Azərbaycanın bərpa olunan enerjidə regional lider kimi rolu həqiqətən çox maraqlıdır. Beləliklə, Azərbaycanın enerji mənbəyinin dayanıqlı və yaşıl gələcəyi və onun Avropanı bərpa olunan enerji ilə təmin etmək qabiliyyəti olduqca həyəcanverici bir məqamdır. Mən bunu ona görə deyirəm ki, Azərbaycanın karbohidrogen enerjisi tarixi var. Onun gələcəyinin getdikcə bərpa olunan enerji ilə uyğunlaşacağını düşünürəm. Və yenə də qeyd edirəm ki, bu, əhəmiyyətli sivil faydanın qaynağıdır. Bu, Azərbaycan, regional sabitlik üçün yaxşıdır və açığı, Qərbi Avropanın iqtisadi inkişafı üçün də çox vacibdir. Çünki Azərbaycan Xəzərdən Cənubi Qafqaz vasitəsilə Avropaya gələn təmiz yaşıl enerjini təmin edərsə, bu, əslində böyük fürsətdir.

– Növbəti sualım Azərbaycanda minaların təmizlənməsi prosesi ilə bağlıdır. Bildiyimiz kimi, Böyük Britaniya bu problemin aradan qaldırılmasında Azərbaycana kömək edən ən böyük donorlardan biridir. Yaxın gələcəkdə bu məsələdə daha çox dəstək gözləmək olar?

– Bəli. Şübhəsiz ki, biz minaların təmizlənməsi prosesindəki rolumuzla fəxr edirik. Bildiyiniz kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Bizim zəngin təcrübəmiz var, bu təcrübəni bölüşməyə əsaslanan güclü əlaqələr qurmaqdan qürur duyarıq. Biz maliyyə qoymuşuq və indi etməyə çalışdığımız iş həm də daha çox mütəxəssis təcrübəsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə bağlı təcrübəmizi azərbaycanlı tərəfdaşlarla bölüşməyə imkan verən tərəfdaşlıq qurmaqdır. Beləliklə, biz bu tərəfdaşlığın uzun illər davam edəcəyini gözləyirik, çünki minaların təmizlənməsi işi əlbəttə ki, uzun illər çəkəcək.

– Siz regiona səfərinizdən əvvəl Cənubi Qafqaz üçün bu regionun təhlükəsizlik təhdidləri barədə bildirmişdiniz. Bəzən belə bir yanaşma səsləndirilir ki, Cənubi Qafqazdakı ölkələr Qərb dünyasına daha çox yaxınlaşdıqca, qonşu dövlətlərdən gələcək təhdidlər daha çox olacaq. Bu kontekstdə Azərbaycan, Gürcüstan, Ermənistan təhlükəsizlik problemləri ilə üzləşsə, Avropa onlara hansı vədi verə bilər?

– Bu, yaxşı sualdır. Siz də qonşularınız barədə qeyd etdiyiniz kimi, Rusiya ilə İran arasında sıxışmısınız. Bunun çox çətin olduğunu siz də artıq izah etdiniz. Düşünürəm ki, bizim həqiqətən istədiyimiz şey, bu regiondakı ölkələrin öz maraqlarını tarazlaşdırmaq ehtiyaclarına hörmət edən davamlı, uzunmüddətli əlaqələrdir. Hansı ki bəzən olduqca incə tarazlıq lazımdır, çünki siz çətin bir qonşuluqda yaşayırsınız. Biz bunu tamamilə dərk edirik. Ona görə də biz qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər qurmağa çalışırıq, söhbət ölkələrin tərəf tutması və ya başqa ölkə ilə dostluq, tərəfdaşlıq və ya əlaqə qurmaqla öz maraqlarımızı inkişaf etdirməyə çalışmaqdan getmir. Beləliklə, hesab edirəm ki, biz Azərbaycanla münasibətlərimizdə göstərdik ki, Azərbaycanın öz xarici siyasətini çox balanslı və nüanslı şəkildə aparmaq üçün suveren hüquqlarına tamamilə hörmət edirik. Bununla yanaşı, bizim üç onillikdən çox müddət ərzində qurulmuş olduqca dərin və xüsusi əlaqələrimiz var. Ona görə də düşünürəm ki, əgər bu, düzgün aparılıbsa və bu, qarşılıqlı hörmətə əsaslanıbsa, Azərbaycan Böyük Britaniya kimi tərəfdaşla əlaqə qurmaqda çox arxayın olmalıdır, çünki dediyim kimi, burada əsas söz tərəfdaşdır, o, əsl dostdur, təkcə öz maraqlarını təmin etməyə çalışan ölkə deyil.

– Ukrayna münaqişəsi ilə bağlı da soruşmaq istəyirəm, hansı ki bu müharibənin nəticəsinin bizim regiona da birbaşa təsiri var. Beləliklə, Kremlin müharibəyə başlamasından artıq iki il keçir. Təəssüf ki indi Qərbdə siyasi dairələrdən müharibə yorğunluğu ilə bağlı fikirlər eşidirik. Beləliklə, Ukraynaya hərbi dəstək davam edəcəkmi?

– Nə qədər lazımdırsa, Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Xarici işlər naziri cənab Devid Kemeron Kiyevdəki dostlarımıza bu mesajı verdi: biz Ukraynadakı dostlarımızı dəstəkləməkdə qətiyyətliyik. Aydındır ki, bu, çox çətin müharibədir. Bilirsiniz, bu həmişə belədir, bu heç vaxt asan olmayacaq və müharibə yorğunluğunun ölçüsünün ukraynalıların özlərinə baxmaqla ölçmək zərurətinin olduğunu düşünürəm. Hesab edirəm ki, onların göstərməyə davam etdikləri şey Vətənlərini azad etmək üçün döyüşü davam etdirməklə bağlı böyük cəsarətdir. Və bunun davam edəcəyinə şübhəmiz yoxdur, biz isə dəstəyimizlə bağlı tamamilə qərarlıyıq. Düşünürəm ki, onları dəstəkləyən əsas Qərb iqtisadiyyatlarının siyasi qətiyyəti var və dərin maddi, maliyyə dəstəyi hələ də kifayət qədərdir. Təbii ki, Yaxın Şərqdəki son hadisələrə görə ora daha çox diqqət yetirilib. Amma mən həm də Ukraynanın diqqətdə olduğunu düşünürəm.

Bənzər yazılar