Top.Mail.Ru
Ölkə

Fransa Ermənistanı poliqonaçevirir – ayı xidməti…

Paris sülhə ehtiyacı olan İrəvanı silahlandırır, hərbi əməkdaşlığı genişləndirir, yeni sistemlər tədarük edir; hərbi və siyasi ekspertlər regionu nələr gözlədiyini açıqladılar

Postmüharibə dövründə Fransanın Ermənistanla bağlı siyasəti əslində İrəvana “ayı xidməti” kimi qiymətləndirilməlidir. Ermənistan 30 illik işğalçılıq siyasətinin nəticəsində faktiki olaraq elə bir dalana dirənib ki, onu ancaq sülh, regional əməkdaşlıq xilas edə bilər.

Saytların yığılması Saytların yığılması

Ancaq fakt bundan ibarətdir ki, Fransa Ermənistana sülh imzalamağa, başqa sözlə, normal yaşam tərzinə keçməyə imkan vermir. Onu revanşa həvəsləndirir, silahlandırır, sülhdən yayındırır. Əslində Fransa bununla Cənubi Qafqaz siyasətində Azərbaycana münasibətdə məkrini göstərir, Rusiyaya qarşı dirəniş göstərməyə çalışır. Beləliklə, Ermənistanı ancaq gələcəkdə poliqon olmağa yönləndirir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu istiqamətdə daha bir fitvaverici addım atılıb. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanla Fransa Ordusu Quru Qoşunlarının komandanı Pyer Şill arasında görüş buna sübutdur. Sözügedən görüşdə Ermənistan-Fransa orduları arasında xüsusilə təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Əməkdaşlığın daha da inkişaf etdirilməsi razılaşdırılıb.

Ermənistan Fransanın əslində ona ən böyük pisliyi etdiyinin fərqinə varmır, yoxsa Parisin Cənubi Qafqazdakı “ada dövləti” olmasından qurtula bilmir?

Yeri gəlmişkən, ABŞ prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makronun görüşündə Cənubi Qafqaz məsələləri də müzakirə edilib. Ukraynada müharibənin daha da şiddətləndiyi və ciddi müzakirələrin getdiyi bir vaxtda ABŞ və Fransa liderlərinin Cənubi Qafqazı “unutmaması” diqqət çəkir. Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200″ (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Bu silahlar “müdafiə xarakterlidir” və rəsmi Paris də israrla bu məqamın üzərində dayanaraq, Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışır. Hərçənd Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi istisna deyil, hətta rəsmi açıqlanan silahların müdafiə məqsədli olması Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Bundan öncə sərhəddə erməni təxribatı nəticəsində baş verən eskalasiyalar zamanı da Ermənistanın zəif yeri hava hücumundan müdafiə qabiliyyəti idi, görünür, öncə bu boşluğu doldurmağı planlaşdırırlar. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Misal üçün, Hindistanın Ermənistana göndərəcəyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, Ermənistan ordusunda kadr hazırlığını də həyata keçirəcək və təcrübə mübadiləsi aparılacaq.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Fransa-Ermənistan hərbi əməkdaşlığının tarixi qədimdir. Onun sözlərinə görə, ötən əsrin əvvəlləri, yəni 1918-20-ci illərdə bu əməkdaşlıq olub, SSRİ dağılandan sonra yenə hərbi və hərbi-texniki əmədaşlıq davam etdirilib: “Sadəcə, 2013-cü ildən bu əməkdaşlıq indiki səviyyədə inkişaf etməyib. Rusiya və İran nəzərə alınaraq Fransa-Ermənistan əlaqələri redaktə olunub. Lakin 2018-ci ildən əlaqələr aktiv fazaya daxil olub və Fransa Ermənistanı radiolokasiya, hava hücumundan müdafiə sistemləri, yerüstü nəqliyyat vasitələri ilə təmin etməyə başlayıb”.

R.Məmmədli vurğuladı ki, erməni ordusunda xeyli sayda fransız mütəxəssis müşahidəçi kimi xidmət aparır və ordunun yenilənməsində iştirak edir: “Bu da Şərq düşərgəsində yerləşən Ermənistan üçün qənaətbəxş deyil. Çünki burada əsas faktor Rusiyadır. Təbii ki, İran da kənarda qoyula bilməz. Rusiya üçün Fransa əsas düşmənlərdən biridir. Bir sözlə, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq regionda yeni reallıqlar yaradır. Lakin bölgənin münasibətlər sistemini və müstəvisini dəyişə bilməyəcək. Əgər proses dərinə gedərsə, Rusiyanın Cənubi Qafqazda atacağı addımları görəcəyik. Amma bunu Ukrayna müharibəsi başa çatandan sonra aydın söyləmək olacaq”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova isə Fransanın Ermənistanı silahlandırmasını Rusiyanın orbitindən qoparmaq kimi qiymətləndirir. Onun fikrincə, bu hazırlıq müharibəyə deyil, sadəcə, Qafqazda ən çox Rusiyadan asılı olan bir ölkə onun peykindən uzaqlaşdırılır: “Rusiyanın iki hərbi bazası orada yerləşir, Türkiyə və İranla sərhədlərini rus hərbçiləri mühafizə edir… Bu baxımdan Qərb Ermənistanda hərbi-siyasi mövcudluğunu artırmağa çalışır. Hazırda fransız atteşesi var orada, amerikalılarla birgə təlimlər keçirilib, bütün bu hərəkətlər Azərbaycan əleyhinə yönəlməkdən əlavə daha çox Rusiyaya qarşı addımlardır”. Siyasi təhlilçi hesab edir ki, Ermənistana verilən silahlarla Azərbaycanla müharibə aparmaq olmaz: “Ukrayna müharibəsinə yaramayan sınıx-salxaq texnikalar İrəvana göndərilir. Azərbaycan da boş oturmayıb, biz daha müasir silahlar alırıq. Ermənistanın silahlanması həm də postmüharibə dövründən sonra gözlənilən idi. 44 gün içində bütün hərbi texnikaları sıradan çıxarılıb, o da ordusunu yeniləməyə çalışır. Bütün hallarda, biz rəsmi İrəvandan verilən son bəyanatlara baxmalıyıq. Ümid edirik ki, sülh müqaviləsi ilə bağlı verdikləri açıqlamalar vaxt qazanmaq məqsədi daşımır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bənzər yazılar