Top.Mail.Ru
Ölkə

“İrəvanın siyasi iradəsi varsa…” – Mirzoyana cavab

“Son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb”.

APA-nın xəbərinə görə, bu fikirləri ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüşdən öncə bildirib. Onun fikrincə, tərəflər arasında sülhün əldə olunması hər iki ölkə və region üçün, xüsusilə də ABŞ ilə əlaqələrdə misilsiz imkanlar yaradacaq. ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller də eyni məsələ ilə bağlı məlumat yayıb. Onun paylaşdığı məlumatda vurğulanır ki, Blinken “davamlı və ləyaqətli” sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib. Məlumatda həmçinin bildirilib ki, Blinken regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğulayıb: “Bu isə bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir”. Maraqlıdır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra özünün “X” paylaşımında “Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsinin olduğunu” bəyan edib. Erməni nazir bununla nə demək istəyib? Onun sözündən belə çıxmır ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi sülh müqaviləsi bağlamaq üçün siyasi iradə nümayiş etdirmir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ermənistanın tez-tez bu cür bəyanatlar verməsini “içiboş dil pəhləvanlığı” adlandırıb: “O dövlətin rəsmiləri “siyasi iradə”dən danışa bilər ki, sərhədlərini öz qoşunları qorusun. Torpaqlarında başqa dövlətin qoşunları olmasın. Siyasi iradəsi olan dövlət ilk öncə öz torpaqlarından başqa dövlətlərin qoşunlarını çıxarar, sonra gəlib meydanda dil-dil ötər. Nə yazıq ki, Ermənistan bu şansa malik deyil. Sərhədləri rus qoşunları tərəfindən qorunur, hələ də Rusiyanın 102 saylı hərbi hissəsi Ermənistan ərazisindədir və istənilən an yad ordular ölkənin siyasi həyatına təsir göstərə bilər. Ümumiyyətlə, torpağında başqa dövlətin ordusunu saxlayan ölkə faktiki işğal olunmuş məmləkət deməkdir. Ermənistan isə təkcə rus işğalı ilə razılaşmır. Həm də Fransa, ABŞ ordularını ölkəyə çağırıb öz müdafiəsini onlara tapşırmaq istəyir. Anlamır ki, başqasının himayəsinə sığınan ölkənin siyasi iradəsi olmaz. Çünki himayədarı nə vaxt istəsə, onun qulağını burub “haqq yolu”na gətirər”.

Saytların yığılması Saytların yığılması

Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olub-olmamağına gəlincə, siyasi şərhçinin fikrincə, rəsmi Bakının bu barədə fikri bəllidir: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistan öz konstitusiyasındakı ərazi iddiaları ilə bağlı maddələri çıxarmadıqca onunla sülh müqaviləsi imzalamağa dəyməz. Çünki bağladığımız sülh müqaviləsi ilk əvvəl konstitusiyalarımıza uyğun olmalıdır. Əks halda o müqavilələrin heç bir hüquqi qiyməti qalmaz və istənilən an ləğv edilə bilər. Necə ki, 2009-cu ilin oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli Sürix protokolları üzərindən haradasa 10 il keçdikdən Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən qeyri-legitim sənəd kimi qiymətləndirildi və Serj Sarkisyan tərəfindən ləğv olundu. Kim təminat verə bilər ki, bu gün Ermənistanla bağladığımız müqavilə sabah eyni tale ilə üzləşməyəcək? Xüsusilə də ermənilərin yeni himayədarlarının hesabına öz müdafiə güclərini artırıb gözləri ayaqlarını altını görməyəndə. Ona görə də adama deyərlər ki, sən əgər elə siyasi iradə sahibisən, zəhmət çək, ilk öncə Konstitusiyandakı absurd iddiaları çıxart, sonra gəl, danışıqlar masasında otur”.

Bir çox analitiklərin beynəlxalq hüquq normalarının və müqavilələrin milli qanunlardan üstün olduğu fikri ilə razılaşmayan Heydər Oğuz vurğuladı ki, bu prinsip konstitusiyaya şamil olunmur: “Bütün dövlətlərin konstitusiyası qanunların iyerarxiyasında ən yüksək mərtəbədə dayanır. Bu baxımdan Ermənistan konstitusiyasında dəyişiklik edilmədən onunla müqavilə bağlamağın həqiqətən də heç bir hüquqi əsası yoxdur”.

Elədirsə, o zaman ABŞ niyə israrla sülh müqaviləsinin tez imzalanmasını istəyir?

Heydər Oğuzun fikrincə, bunun bir neçə səbəbi var: “Həmin səbəbləri cari və perspektiv planlar kimi xarakterizə etmək olar. Cari planda Bayden hakimiyyəti bizə sülh müqaviləsi imzaladıb, seçkilərə hansısa mühüm beynəlxalq problemi həll etmiş kimi getmək istəyir. Bir növ özünün qısa vədəli hədəfləri üçün bizim milli maraqlarımızla manipulyasiya etməyə çalışır.  Perspektiv planları isə çoxşaxəlidir. Əvvəla, ABŞ sülhə tam hazır olmayan erməniləri lazım gələndə qızışdırıb yenidən bizim və Türkiyənin üsütnə salmaq niyyətindədir. ABŞ-ın müxtəlif coğrafiyalarda həyata keçirdiyi siyasətlərə nəzər salanda bu metoddan ustalıqla faydalandığını görə bilərik. Çox uzağa getməyək, ABŞ-ın ərəb dünyasını yəhudi, Türkiyəni yunan və erməni problemi ilə ram etməyə çalışdığı bu gün hər kəsə bəllidir. Ümumiyyətlə, təkcə ABŞ yox, bütün imperialist qüvvələrə həlli dondurulmuş problemlər sərf edir – region dövlətlərinə təzyiq göstərib hansısa güzəştlər qoparmaq, özündən asılı vəziyyətə salmaq üçün”.

ABŞ-ın ikinci perspektiv planının Çinin yüksəlişinin qarşısını almaq olduğunu düşünən Heydər Oğuz fikrini belə izah edir: “Məlumdur ki, Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizi Cənubi Qafqazdan keçir. ABŞ və Qərb dövlətləri Ermənistanı da bu projeyə əlavə etməklə bu marşruta nəzarət etməyə çalışır. Hətta əsas xəttin Zəngəzurdan keçməsini arzulayır. Məqsədi təbii ki, ermənilərin qara qaşı, qara gözünə aşiqlikdən irəli gəlmir. O, sadəcə, lazım gələndə xarici himayəyə meylli erməniləri qızışdırıb yenidən boş xülyalara sala biləcəyinə inanır. Bu məsələdə arxalandığı əsas amil isə ABŞ-da yaşayan erməni diasporudur. Onlar vasitəsilə erməniləri qızışdıra biləcəyinə inan Vaşinqton hələlik Cənubi Qafqazın iki dövləti arasında problemləri konservləşdirmək istəyir. Bunun üçün də ABŞ-a yarımçıq sülh sazişi daha çox sərfəlidir, nəinki problemin tamamilə həll olunması.

Fikrimcə, üçüncü perspektiv plan isə ABŞ-ın silah sənayesinin maraqları ilə bağlıdır. Bəllidir ki, ABŞ öz silah sənayesinin davamlı inkişafı üçün yeni münaqişə ocaqları, bitməyən problemlər axtarışındadır. Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həlli bu baxımdan da ABŞ-ın stateji hədəflərinə uyğun deyil”.

Həmsöhbətimiz bildirdi ki, özünü dünən Rusiyanın və İranın, bu gün ABŞ və Qərbin istifadəsinə verən dövlətin “siyasi iradə”dən danışması gülüncdur və boş-boş qürrələnmək əvəzinə, konkret addımlar atıb səmimiyyətlərini ortaya qoymalıdırlar: “Ermənilər üçün ən yaxşı səmimiyyət testi isə təbii ki, Konstitusiyalarını tez bir zamanda dəyişdirmək olardı”.

Bütün bunlara baxmayaraq, siyasi şərhçi istisna etmir ki, ABŞ-ın və digər Qərb ölkələrinin basqılarına məruz qalan Azərbaycan Ermənistanla Konstitusiyasını dəyişdirmədən də sülh müqaviləsi bağlaya bilər: “Məlumdur ki, istənilən qanunun və ya müqavilənin hüquqi qüvvəyə minməsi üçün Milli Məclisin ratifikasiyası lazımdır. Azərbaycan ermənilərlə bağladığı müqaviləni imzalaya, amma onun ratifikasiyasını sonraya saxlaya bilər.  Açığı, mən erməni bəhanələrini çürütmək üçün rəsmi Bakının payıza qədər buna gedəcəyinə inanıram. Təbii ki, Ermənistanın qısa müddətdə öz Konstitusiyasında lazımı dəyişikliklər aparması şərtilə. İrəvan bu addımı atmasa, Azərbaycan sülh sazişini ratifikasiya etməməklə qalmamalı və Ermənistanı dalan çıxaracaq Zəngəzur dəhlizini açmamalıdır. Necə olsa, bizim Gürcüstan üzərindən dünyaya çıxışımız var və o xəttə daha çox üstünlük verilməlidir. Digər tərəfdən İran üzərindən keçən kommunikasiya xəttini də açmaqla da İrəvana sürpriz hazırlaya bilərik. İrəvan başa düşməlidir ki, nə qədər ləng hərəkət etsə, öz strateji əhəmiyyətini ya tamamilə itirəcək, ya da öz avantajını İranla bölüşməli olacaq. Qoy, ondan sonra ermənilər “siyasi iradə” bəhanəsi arxasında gizlənməyin nə olduğunu daha dərindən anlasınlar”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Bənzər yazılar