Top.Mail.Ru
ÖZƏL

Qarabağ erməniləri rusların təhrikiylə yeni təxribata əl ata bilərmi? – MÖVQE

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deməsi, sülh müqaviləsini imzalamağa hazır olduqları haqqında müsbət açıqlamaları məlumdur ki, Qarabağdakı tanınmamış adminstrasiyanı olduqca narahat etməyə başlayıb.

Qarabağdakı separatçı liderlər hətta o qədər qəzəbləniblər ki, növbəti dəfə “öz müqəddaratını təyin etmə” prinsipinə müraciət etməyə başlayıblar. Görünür, Araik Arutunyan, Nersisyan kimi separatçı liderlər nə geosiyasi reallıqları dərk edirlər, nə də qarşı tərəfin – Azərbaycanın hərbi potensialını. Ola bilər ki, son bir neçə gündə Qarabağdakı rus sülhməramlılarının müşayiəti ilə növbəti dəfə bölgəyə silah-sürsat keçirə bildiklərinə arxayın olublar.

Saytların yığılması Saytların yığılması

Digər arqument isə bundan ibarətdir ki, Qarabağdakı separatçıların Nikol Paşinyanın əleyhinə söylədikləri üstüqapalı təhdidlərin müəllifi də Rusiyanın siyasi rəhbərliyidir.

Şübhəsiz ki, biz Paşinyanın son açıqlamalarının arxasındakı həqiqi motivləri, arqumentləri hələ tam bilmirik. Bildiyimiz bir şey var ki, erməni baş nazir bu gün dediyini sabah inkar edə bilən biridir. Üstəlik, Paşinyanın davranışlarından bizə aydın olan budur ki, o, vaxt udmağı bacaran siyasi fiqurdur.

Konkret olaraq Qarabağdakı ermənilən bundan sonrakı addımlarına gəlincə, mümkündür ki, onlar növbəti provokasiyalara əl atsınlar. Çunki, separatçılar da bilir ki, Azərbaycan tərəfi 2025-ci ildən sonra rus sülhməramlılarının bölgədən çıxarılmasını tələb edəcək. Bu gün rus sülhməramlıların varlığı əslində Qarabağ ermənilərinin deyil, onları girovluqda saxlayan separatçı liderlərin təhlükəsizliyinin qarantıdır. Bakı Qarabağ ermənilərinin reinteqrasiyasını istəyir və onların təhlükəsizliyinə zəmanət verir.

Doğrudur, Paşinyan Qarabağ erməniləri üçün “beynəlxalq təhlükəsizlik zəmanəti” istəyir, lakin bunun Bakı tərəfindən qəbul görəcəyi inandırıcı deyil. Belə olan təqdirdə, Qarabağdakı separatçılar (təbii ki, rus sülhməramlılarının icazəsi ilə) yerli əhaliyə qarşı müxtəlif qanlı təxribatlara əl ata bilər. Bununla da, Arutunyan və Nersisyan dünya mediasına car çəkəcəklər ki, azərbaycanlılar bizi öldürür və bizim yeganə “qoruyucumuz” rus sülhməramlılarıdır. Yuxarıda da vurğuladıgım kimi, Qarabağdakı rus sülhməramlı kontingentinin icazəsi olmadan, separatçılar bir addım belə ata bilməzlər. Dolayı yolla, Qarabağdakı ermənilər separatçı liderlərin, onlar da rus sülhməramlılarının girovudurlar.

Paşinyana gəlincə, erməni baş nazir olduqca ikibaşlı və hiyləgər oyun oynayır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünu tanıdığını deməklə, sülh müqaviləsi imzalamağa (çərçivə sülh müqaviləsinin implementasiyası) hazır olduğunu deməklə, həm özünü “sülh göyərçini” kimi göstərir, həm də bundan sonra olanları Rusiyanın və separatçıların üzərinə qoyur.

Paşinyan ikili və hiyləgər oynamaqla, sanki Azərbaycan və Rusiyanı üz-üzə gətirmək istəyir. Erməni baş nazir bilir ki, ruslar 2025-ci ildə Qarabağdan çıxmaq istəmirlər və mümkündür ki, bu, Bakı və Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb olsun.

Təbii ki, Rusiya da Paşinyanın planlarından xəbərdardır və ehtimal olunur ki, separatçıların yerli ermənilərə qarşı təxribatlarına rus sülhməramlıları göz yumacaq.

Məqsəd aydındır: Moskva və Bakını 2025-ci ilə qədər qarşı-qarşıya gətirmək…

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar