Top.Mail.Ru
ÖZƏL

ABŞ – İran gərginliyi ARTIR. Vaşinqton rejimin nüvə obyektlərinə ZƏRBƏ ENDİRƏCƏKMİ?

Qonşu İran İslam Respublikası və ABŞ arasında münasibətlər gərginləşməkdə davam edir. Daha dogrusu, ABŞ prezidenti Cozef Rubinetto Bayden bəyan edib ki, ABŞ İranın nüvə silahı istehsal etməməsi üçün son çarə olaraq bu ölkəyə qarşı hərbi müdaxiləyə əl atacaq.

Bu barədə məlumatı ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robet Malli verib. Lakin R.Malli onu da vurgulayıb ki, hazırda İrana qarşı hərbi zərbələrin endirilməsinə ehtiyac yoxdur.

Əvvəlcə ondan başlayaq ki, ABŞ prezidenti C.Bayden ilk dəfə və açıq şəkildə İrana qarşı hərbi müdaxilənin nəzərdən keçirdiyini bəyan edib. Doğrudur, Ağ Ev rəhbəri bundan əvvəl də İranın nüvə proqramının qarşısını almaqdan ötrü hərbi müdaxilənin masa üzərində olduğunu və zəruriyyət yaranacağı təqdirdə hərbi zərbələrin endiriləcəyini bildirmişdi. Lakin bu dəfə görünən odur ki, Vaşinqtonda İranın yaxın tarixdə nüvə silahına sahib olacagı istiqamətində səhih məlumatlar var.

Üstəgəl, İran hal-hazırda Rusiyanın Ukraynada davam etdirdiyi qanli müharibədə bu ölkəyə kamikaze dronları və raket kompleksləri verir. Bu, o deməkdir ki, İran Ukraynadakı müharibədə döyüş meydanındadır. Bundan əlavə, ABŞ kəşfiyyatının əldə etdiyi informasiyalara görə, SEPAH-ın hərbi məsləhətçiləri də Ukrayna ərazisində rus işğalçılarına hərbi təlimatlar keçirlər.

Onu da qeyd edək ki, Ukrayna böhranında Qərb də artıq sahədədir və İranla döyüşür. Tehranın strategiyası həm də budur ki, öz sərhədlərindən kənar cografiyalarda ayrı-ayrı terrorçu qruplardan istifadə etməklə, “düşməni” özündən uzaq tutsun. Bu, teokratik rejimin geostrateji ssenarilərindən biridir.

Yeri gəlmişkən, İsraildə sağçı Benyamin Netenyahunun yenidən iqtidara qayıtması da Təl-Əviv – Tehran xəttində münasibətlər hərbi eskalasiyaya çevriləcəyi ehtimallarını artırır. Tehranın nüvə silahına sahib olması yəhudi dövləti “qırmızı xətt”dir və bir ehtimal da budur ki, İsrail hətta ABŞ-ı gözləmədən belə İrana zərbələr endirə bilər. Lakin bir məqamı da unutmamalıyıq ki, molla rejimi də yerində sakit durmayacaq və Yaxın Şərqdə onillərdir maliyyələşdirdiyi Hizbullah, Həmas, İslami Cihad kimi terrorçu qrupları İsrailin üzərinə hücuma təşviq edəcək. Eyni zamanda, o da mümkündür ku, rejim Hürmüz boöazını qapayıb dünyada yeni enerji böhranına səbəb ola bilər. Üstəlik, İranla müharibə aparmaqdan ötrü ABŞ-a ən azı 500 min hərbçi lazımdır. Ancaq bu, o demək deyil ki, İrana hərbi müdaxilə 100% qələbə ilə bitəcək. Şübhəsiz ki, İrana müdafiə məsələsində ciddi risqlər var və bu ölkənin Rusiya, Çin kimi müttəfiqlərinin olması da yaddan çıxarılmamalıdır. İranla geniş miqyaslı hərbi konfrantasiya Yaxın Şərqdə ciddi böhranlara səbəb ola bilər. Yəni, rejim ABŞ-ın Yaxın Şərqdəki ərəb müttəfiqlərini də vurmaqla, bu ölkələrin infrastrukturunu sıradan çıxara bilər. Bu baxımdan, Qərb koalisiyası gələcəkdə İrana hərbi müdaxilənin əızərdən keçirərkən, vacibdir ki, hərbi və siyasi risqləri də diqqətə alsın. Əlbəttə, dugər bir variant da 2 aydan çoxdur İrandakı teokratik rejimə qarşı davam edən etiraz aksiyalarına daha çox yardım edilə bilər. Üstəlik, rejimə qarşı iqtisadi sanksiyaların miqyasını genişləndirməklə, sistemi daxildən laxlatmaq da mümkündür.
İndi maraqlıdır, görəsən, anti-İran koalisiyası hansı varianta üstünlük verəcək…

Kamal Əliyev

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button