Top.Mail.Ru
ÖZƏL

Paşinyan “Cənubi Qafqaz” ideyasını nə məqsədlə GÜNDƏMƏ GƏTİRDİ? – Kamal Aliyev

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var. Erməni baş nazir vurğulayıb ki, üç Cənubi Qafqaz ölkəsi arasında regional əməkdaşlıq formatı əslində yeni yox, köhnə ideyadır və o, bunu əvvəllər də dəstəkləyib. Paşinyana görə, məlum format regionda “nifrət ritorikası”nın aradan qaldırılmasına kömək edə bilər.

Prinsipcə, N.Paşinyanın irəli sürdüyü “Cənubi Qafqaz” Platforması arzuolunan və uzun illərdir Qərbin təklif etdiyi regional əməkdaşlıq formatıdır. Ancaq Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq mühitinin yaradılmasını qeyri-mümkün edən faktor şübhəsiz ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hələ də tanımaması, Qarabağı “müstəqil subyekt” kimi görməsi və ən başlıcası, regionda Rusiyanın forpostu rolunu oynamasıdır.

Təsəvvür edin ki, Paşinyan bir tərəfdən Cənubi Qafqazda əməkdaşlıq formulunun vacibliyindən danışır, digər tərəfdən isə, Rusiyaya təklif edir ki, Qarabağdakı sülhməramlılarınızı 15-20 il ərazidə saxlayın. Bu, Paşinyanın səmimiliyinə şübhə yaradan faktorlardan biridir. Halbuki, erməni baş nazir bilməmiş deyil ki, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi varlığı “Cənubi Qafqaz” ideyasının qarşısında duran ən böyük maneədir. Üstəlik, hər üç Cənubi Qafqaz ölkəsində Kremlə bağlı olan və ondan siyasi direktivlər alan “5-ci kolon” var. Və belə olan təqdirdə, Cənubi Qafqaz respublikaları arasında siyasi əməkdaşlığın təsis edilməsi müşkül məsələyə çevrilir.

Əlbəttə, Bakı-Yerevan-Tbilisi arasında siyasi məsləhətləşmələrin aparılması, hər üç ölkə liderinin mütəmadi siyasi müzakirələrə start verməsi arzuolunandır, lakin bunun üçün Cənubi Qafqazda etnik, ərazi mübahisələrinə son qoyulmalıdır. Əvvəlcə bu prosesə Ermənistan başlamalıdır. Yəni, Yerevan nəhayət Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul etməli, ərazi bütövlüyümüzü tanımalı və gərəksiz iddialarından birdəfılik vaz keçməlidir. Şübhəsiz ki, bunun üçün Paşinyan siyasi iradə nümayiş etdirməlidir. Görünür, Ermənistan hökuməti dildə Cənubi Qafqazda əməkdaşlıq formatından bəhs edir, ancaq real addımlar atmağa hələ də siyasi iradəsinin olmadığını bilir.

Nikal Paşinyan onu da bəyan edib ki, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri də vacibdir. Erməni baş nazir deyir ki, Bakı-Ankara-Yerevan bölgədə təhlükəsizlik, ölkələrin ərazi bütövlüyünü təmin etməkdən ötrü bir-birinə ehtiyacı var və bu, vacib formuladır. Baxmayaraq ki, Paşinyan hökuməti Türkiyə ilə əməkdaşlığa meyillidir, ancaq bu, təkcə Ermənistan hökumətindən asılı olan faktor deyil. Amma önəmli olan budur ki, erməni hökuməti onun fərqindədir ki, bu ölkənin inkişafı, böyüməsi Türkiyə və Azərbaycan kimi ölkələrlə normal münasibətlər qurmaqdan keçir.

Lakin görünən budur ki, N.Paşinyan Türkiyə və Azərbaycanla münasibətlər qurmağa tələsmir. Bu məsələdə bəzi faktorlar da var. Belə ki, Paşinyan Türkiyədə gələn ilin iyun ayında keçiriləcək prezident və parlament seçkilərinin nəticələrini gözləyir. Ermənistan hökuməti eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin nəticəsini, İranda baş verən kütləvi aksiyaların da gedişatını izləyir.

Kamal Aliyev, Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button