Top.Mail.Ru
ÖZƏL

“Qarabağ” tumlarının adı və loqosu SAXTALAŞDIRILDI: Nazirin əqrabası deyilən “iş adamı” Antiinhisar rəisini NECƏ SATIN ALDI? – VİDEO

“Qarabağ” günəbaxan tumlarının nailiyyət və etibarından sui-istifadə edən qondarma istehsal müəssisəsi aşkar edilib.

Bu barədə KAİM.az-a “Qarabağ” günəbaxan tumları istehsal müəssisəsinin rəhbəri, sahibkar Taleh Mətləb oğlu Muradov məlumat verib.

Məlumata görə, qəbul edilmiş standartlara cavab verməyən, sanitar-gigiyenik qaydalara riayət etməyən “istehsal müəssisəsi” uzun müddətdir ki, Bərdə şəhəri H.Əliyev prospekti, Laçın rayon qaçqın məktəbinin həyətində fəaliyyət göstərir.

Lakin, rəzillik bununla bitmir.

Taleh Muradovun sözlərinə görə, Zaur Abuzər oğlu Məmmədovun rəhbərliyi ilə qanunsuz fəaliyyət göstərən qondarma müəssisə “Qarabağ” günəbaxan tumlarının adını və loqosunu mənimsəyib. Eyni ad və loqo altında istehsal edilən məhsulların dadının müxtəlifliyi həqiqi müəssisənin etibarını ciddi şəkildə zədələyib. Alıcı sayında kəskin azalmanın müşahidə olunması isə sağlam bazar rəqabətində bir sıra ciddi problemlər yaratmaqda davam edir.

Məlumatda o da bildirilir ki, “Qarabağ” günəbaxan tumlarının ad patenti Mədəniyyət Nazirliyi tərəfindən Taleh Mətləb oğlu Muradova verilib. Həmçinin, qanuna uyğun fəaliyyət üçün tələb olunan bütün vacib sənədlər və müasir tələblərə uyğun istehsal müəssisəsinin qurulması təmin edilib.

Taleh Muradov qondarma qurumun fəaliyyətinə xitam verilməsi məqsədilə bir çox dövlət qurumlarına dəfələrlə müraciət edib. Xüsusən də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sabiq rəisi Zahid İsayevin, Xidmətin Antiinhisar və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyevin bir neçə dəfə qəbulunda olub. Amma bu günə kimi heç bir nəticə olmayıb. Şahin bəy qeyd edbi ki, bu malların oxşarlığını sübut etmək üçün məhkəmə rəyi lazımdır. T.Muradov da Şahin bəyin məsləhətinə uyğun Bərdə rayon məhkəməsinə müraciət edib. Yerli məhkəmə oxşarlığı sübut etmək üçün sənədləri Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Bakı şəhər Məhkəmə Ekspertizasının araşdırması zamanı Taleh Muradovun hüquqlarının pozulduğu təsdiq edilib. Məhkəmə Ekspertizası Mərkəzi 24 dekabr 2018-ci il tarixdə № 29627/30178 nömrəli ekspertiza rəyində bildirir ki, Zaur Məmmədovun istehsal etdi mal əmtəə nişanı qarışdırılacaq dərəcədə oxşardır və kontrafakt məhsullara aiddir.

Sahibkar təkrar Şahin Nağıyevin qəbulunda olub və Məhkəmə ekspertiza rəyini ona təqdim edib. Şahin bəy qeyd edib ki, tez bir zamanda ciddi tədbir görüləcək. Amma nə fayda…

Babalı deyənlərin boynuna, deyirlər ki, Şahin bəy qondarma istehsalçının Sahil Babayevin qohumu olduğunu bilib, öz karyerasını düşünərək qanuni bərpa etməkdən vaz keçib.

Deməli, kiminsə qohumu olsan, bu əsas şərtdir, qanundan kənar fəaliyyət göstərə bilərsən. Buna sübut olaraq, qeyd edə bilərik ki, göz önündə olan bütün faktlara baxmayaraq hal-hazırda qondarma istehsal müəssisəsi öz fəaliyyətini hələ də davam etdirir.

Sahibkarın rəsmi nümayəndəsi Mətləb Muradov saytımız vasitəsilə dövlət qurumlarına VİDEOMÜRACİƏT ünvanlayaraq qondarma istehsal müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir.

Bənzər yazılar

Back to top button