Molla rejimindən NÖVBƏTİ TƏXRİBAT: İran Azərbaycanı niyə qarşıdurmaya ÇƏKİR? – TƏHLİL

Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktı, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı üstüörtülü hədələməsi, dahi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi” adlandırmaqla, növbəti dəfə “sionizm” üzərindən Bakını təhdid etməsi artıq iki ölkə arasında gərginliyin pik həddinə çatdığını göstərir.
Şübhəsiz ki, Tehrandakı klerikal rejim Azərbaycana qarşı qəsdən və planlı həm terror, həm də psixoloji təzyiq metodlarından istifadə etməklə öz geosiyasi məqsədlərini reallaşdırmaq istəyir. Həmişə vurğuladığım kimi, İran Azərbaycanı öz hinterlandı, “şiə ayparası”nın tərkib hissəsi kimi görür, öz hədəflərinə çatmaq həm yumuşaq gücdən (softpower), həm də sərt gücdən (hardpower) istifadə edir. İndiyəcən İrandakı rejim Azərbaycanda “yumuşaq güc”dən istifadə edirdisə,nindi siyasətini daha da sərtləşdirib.
Görünür, dünən Azərbaycan prezidenti İlham Əliyevin İsrailin kəşfiyyat naziri Gila Qanieli qəbul etməsi molla rejimini əməlli-başlı sarsıdıb. Eyni gündə Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov İsrail mediasına açıqlama verdi ki, Bakı yəhudi dövlətinin İrana hücumu üçün öz ərazisindən imkan yaratmayacaq. Buna rəğmən, görünür, İranı Azərbaycanın dəfələrlə bəyan etdiyi fikirlər məmnun etməyib.
Beləliklə, bu gün səhər İranın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini gördük. Rejim Azərbaycanı qəsdən hərbi konfrantasiyaya çəkmək istəyir və ölkəmizi bu yolla işgal etmək arzusundadır.
Zənnimcə, İranın Azərbaycana qarşı təxribatları bundan sonra da davam edəcək; mümkündür ki, rejim ölkə daxilindəki cəsus şəbəkəsi vasitəsi ilə müəyyən addımlar atsın. Hətta İran Xəzər dənizində də provokasiyaya əl ata bilər.
Müharibədən dərhal sonra Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçən rejim güman edirəm ki, növbəti dəfə ölkəmizə qarşı “əzələ nümayişi” göstərsin.
Yeri gəlmişkən, İran 2001-ci ilin avqust ayında da Xəzər dənizində Azərbaycanın hava sərhədini pozmuşdu. O vaxt Türkiyə Silahlı Qüvvələrinin rəhbəri general Hüseyn Kıvrıkoğlu Azərbaycana səfər edərək, ulu öndər Heydər Əliyevlə görüşmüşdü. Daha sonra “Türk Yıldızları” Bakı səmasında uçuş həyata keçirmişdi. Hüseyn Kıvrıkoğlu sonra Bakı Hərbi Akademiyasının ilk məzuniyyət mərasimində iştirak etmişdi.
Görünür, bu dəfə Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək. Tehran anlamalıdır ki, Azərbaycanın başqa etibarlı hərbi-siyasi müttəfiqləri də var.
Kamal Aliyev,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq