Kamal Aliyev: “Rusiya İranı İsrailə qarşı MÜHARİBƏYƏ HAZIRLAYIR?”

Artıq İran uranın zənginləşdirilməsində 34%-lik həddi keçib və ehtimal olunur ki, ilin sonuna qədər rejim atom silahını yarada biləcək. Üstəlik, Çinin təşəbbüsü ilə 7 illik fasilədən sonra İran və Səudiyyə Ərəbistanı arasında barışıq əldə olunub və yaxın aylarda hər iki ölkədə səfirliklər fəaliyyətə başlayacaq.
Bununla yanaşı, İran İsraillə mümkün hərbi eskalasiyaya hazırlaşır və Rusiyadan müasir döyüş təyyarələri alacaq. Məlumdur ki, rejim Rusiyanın Ukraynada davam etdirdiyi qanlı müharibəyə dəstək verir, rus ordusunu ən müasir kamikadze PUA-larla təmin edir. Tehran nə qədər inkar etsə də, o Ukraynadakı müharibənin tərəflərindən biridir.
Şübhəsiz ki, Rusiyanın İrana qırıcı təyyarə ixracı İsrailin də diqqət mərkəzindədir. Təl-Əviv indiyəcən Rusiya-Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirirdi, Kiyevə ancaq humanitar yardım göstərirdi. Düşünmək olar ki, Təl-Əviv hazırda Moskva-Tehran xəttindəki yaxınlaşmanı və Rusiyanın İrana verdiyi Su-35 qırıcılarını diqqətlə izləyir.
Belə olan təqdirdə, mümkündür ki, Təl-Əviv Rusiya-Ukrayna müharibəsi kontekstində indiyəcən nümayiş etdirdiyi “neytral” strategiyadan imtina edərək Kiyevə meyillənsin. Nəzərə almaq lazımdır ki, “düşmənimin düşməni dostumdur” anlayışı siyasətdə də keçərlidir.
Bundan başqa, Rusiya ötən ilin fevralın 24-də Ukraynaya hücum edərkən, İsrailin baş naziri Naftali Bennet idi. Daha sonra Təl-Əvivdəki hökumətə Yair Lapid, ən sonda isə Benyamin Netenyahunun rəhbərlik etdiyi koalisiya yeni iqtidarı qurdu. Rusiya 2014-cü ildən Suriya böhranına daxil olub və Bəşər Əsəd rejimini ayaqda saxlayır. Buna rəgmən, İsrail HHQ vaxtaşırı Suriya ərazisində İrana bağlı proksi qrupları bombalayır. Rusiya isə müttəfiqi Suriyanın ərazisində İsrailin hərbi əməliyyatlar keçirməsinə göz yumur və icazə verir. Maraqlıdır ki, İsrail hal-hazırda Moskva-Tehran xəttində münasibətlərin dərinləşməsinə necə mövqe sərgiləyəcək?
Görünən budur ki, Netenyahu hökuməti Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil. Və o da məlumdur ki, Rusiya ilə münasibətlərin korlanması Moskvanın Tehranla daha da yaxınlaşması deməkdir. Üstəlik, Təl-Əvivdə başa düşürlər ki, Rusiya ilə münasibətlərin korlanması və Ukraynaya lazımı silah-sursatın verilməsi İsrailin Suriyadakı hərbi əməliyyatlarına da problemlər yarada bilər. Yəni, Rusiya ilə münasibətlər kəsilsə, İsrail Müdafiə Qüvvələri (İDF) əvvəlki kimi Suriyada hərbi əməliyyatlar apara bilməyəcək. Təl-Əviv-Moskva xəttində siyasi və diplomatik gərginlik ən çox Dəməşq və Tehrana yarıyacaq. Buna paralel olaraq, İran-Səudiyyə Ərəbistanı arasındakı barışıq da İsrailin maraqlarına cavab vermir. Çünki, İran növbəti mərhələdə Ər-Riyada yaxın olan ərəb ölkələrilə də münasibətlərini normallaşdıracaq.
Bu gün Yaxın Şərqdə ABŞ-dan boşalan “vakumu” Çin doldurur. Belə ki, 2021-ci ildə Pekin və Tehran arasında bağlanmış müqaviləyə görə, növbəti 25 ildə Çin İrana 400 milyard dollar investisiya yatıracaq. Çin və Səudiyyə Ərəbistanı arasında siyasi münasibətlər də inkişaf edir. Həm İran, həm də Səudiyyə Ərəbistanı İsrailin Yaxın Şərqdəki iki ən böyük və ənənəvi rəqibləridir.
Rusiya görünür gələcəkdə də İranı sürətlə silahlandıracaq. Bu isə İsrailin təhlükəsizliyi üçün təhdid qaynağıdır. Yaxın tarixdə təkcə Təl-Əviv-Tehran xəttundə deyil, həmçinin, Təl-Əviv-Moskva arasındakı münasubətlər də gərginləşə bilər. Əgər Rusiya İranı İsrailin mümkün hücumlarına qarşı silahlandırarsa, o zaman Təl-Əviv də Ukrayna strategiyasına yenidən baxa bilər.
Kamal Aliyev,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq