Top.Mail.Ru
ÖZƏL

Ermənistan SÜLH İSTƏMİR, Paşinyan yenə topu AUTA ATDI – Kamal Aliyev

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında Qarabağ probleminin yekun həlli, İrəvanın KTMT-də bundan sonrakı fəaliyyəti və başqa mövzularla bağlı səsləndirdiyi fikirləri diqqətlə izlədim. Gəldiyim qənaət bundan ibarətdir ki, erməni baş nazir yenə də əsas mövzuları hiyləgərcəsinə və özünəməxsus formada interpritasiya edir. Paşinyan 2020-ci il 10 noyabr üçtərəfli razılaşmanı manipulyasiya edərək deyir ki, Bakı anlaşmanı pozur və o, Laçın yolundakı etiraz aksiyasını gündəmə gətirir.

Bəli, doğrudur ki, Azərbatcan tərəfi Laçın koridoru vasitəsilə etnik ermənilərin sərbəst keçidinə maneə yaratmamalı, təhlükəsizlik məsələlərini isə rus sülhməramlıları öz üzərinə götürüblər. Lakin maraqlı və düşündürücü həm də budur ki, 10 noyabr razılaşmasının 4-cü bəndi – yəni rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz erməni silahlılarının ərazidən çıxarılması mövzusunu erməni baş nazir xatırlamır.

Halbuki,10 noyabr 2020-ci ildə rus sülhməramlılarının Qarabağa daxil olmasıyla paralel olaraq, erməni silahlılar bölgəni tərk etməliydilər. Şübhəsiz ki, bu mövzuda təkcə Ermənistan hakimiyyəti deyil, Rusiya sülhməramlı kontingenti də məsuliyyət daşıyır.

Gəlinən nöqtədə görürük ki, ermənilər Laçın yolunun əvəzinə bir müddətdir Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah-sursat keçiriblərmiş. Nəticədə martın 5-də məlum torpaq yolda erməni təxribatına şahid olduq.

Digər tərəfdən, Paşinyan hər vəchlə Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsini tələb edir. O, deyir ki, guya Praqada keçirilən görüşdə prezident İlham Əliyev Azərbaycan ərazisində də Avropa İttifaqının Müşahidə Missiyasının fəaliyyətinə icazə verib, ancaq daha sonra bundan imtina edib. Göründüyü kimi, Paşinyan sülh prosesinin qarşısını almaqdan ötrü ənənəvi olaraq prosesi manipulyasiya edir. Nikol Paşinyan Qarabağdakı erməni əhalisinə təhlükəsizlik zəmanətləri istəyərkən, daha çox əraziyə beynəlxalq müşahidəçilərin gəlməsində maraqlıdır. Hərçənd, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu təklifi qəbulolunmaz hesab edib.

Nikol Paşinyanın hiyləsi həm də budur ki, o, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşıdır və Xankəndidəki separatçı liderləri də bundan yayındırır. Belə ki, martın 1-də Azərbaycan nümayəndələri və Qarabağdakı erməni icmasının təmsilçiləri arasında rus sülhməramlılarının iştirakıyla görüş keçirilmişdi. Həmin görüşdə müzakirə predmetləri sadəcə humanitar və yaxud texniki məsələlər deyil, eyni zamanda, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası da müzakirə olunmuşdu. Azərbaycan hökuməti daha sonra Qarabağ erməniləri ilə növbəti görüşü Bakıda keçirməyi təklif etsə də, qarşı tərəf bundan imtina edib. Görünür, həm İrəvan, həm də Moskva Qarabağ ermənilərinə Bakıya getməyə icazə verməyib. Həmişə olduğu kimi, Moskva və İrəvan arasında müəyyən narazılıqların mövcudluğuna baxmayaraq, hər iki tərəf Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməməsində vahid mövqedən çıxış edirlər. Zənnimcə, Azərbaycan və Ermənistan arasında danışıqlar bundan sonra daha da çətin mərhələyə qədəm qoyacaq. Paşinyan və Qarabağ separatçıları yeni döyüş mövqeləri qurur, müharibəyə hazırlaşırlar. Hadisələr bu minvalla davam edərsə, yaxın vaxtlarda hərbi eskalasiyanın olacağını istisna etməməliyik.

Paşinyanın KTMT ilə bağlı dediklərinə gəldikdə, erməni bsş nazir dedi ki, onlar yox, hərbi qurum onları tərk etmək istəyir. Bu məsələdə də Paşinyan ikili oynayır. Məlum olan budur ki, Paşinyan KTMT-dən çıxmaq istəyir, Ermənistan ərazisindəki 102 saylı Rusiya hərbi bazasının çıxarılmasında maraqlıdır. Lakin Paşinyan tələm-tələsik qərar verməyə risq etmir. Səbəb budur ki, Paşinyan özünə qarşı dövlət çevrilişi ehtimalını görür.

Doğrudur, Paşinyan KTMT baş katibinin müavinlərindən biri üçün Ermənistana ayrılan kvotadan imtin etdi, ancaq bu, körpüləri yandırmaq yox, daha çox Moskvaya qarşı bir demarşdır. Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir. Güman edirəm ki, Lavrovun ziyarətində KTMT mövzusu Ermənistan tərəfi ilə ciddi şəkildə müzakirə olunacaq.

P.S. Nikol Paşinyan bu gün onu da dedi ki, ötən əsrin 80-ci illərində azərbaycanlılar Ermənistandan deportasiya olunarkən, onlara təzminat ödənilib. Paşinyan deyib ki, Sovet Ermənistanın arxivlərində bununla bağlı sənədlər var.

P.P.S. Paşinyan növbəti dəfə yalan danışır. Çünki azərbaycanlılar Ermənistan ərazisindən məcburi deportasiyaya məruz qalıb. Əgər Paşinyanın əlində azərbaycanlılara Ermənistandan qovularkən təzminat ödənilməsi haqqında arxiv materialları varsa, buyursun, təqdim etsin.

Kamal Aliyev,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button