Top.Mail.Ru
ÖZƏL

İravanda Azərbaycan BAYRAĞININ YANDIRILMASI Rusiyanın sabotajıdır?

Ermənistanın paytaxtı İravanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Aram Nikolyan adlı dizayner Azərbaycan bayrağını yandırmağa cəhd edib. Daha sonra yanan bayrağ səhnədən yığışdırılaraq yenisi ilə əvəz olunub. Yarışın keçirildiyi salonda Ermənistan prezidenti, baş nazir Nikol Paşinyan və digər yüksək rütbəli şəxslər də iştirak edib.

Şübhəsiz ki, Azərbaycan bayrağına qarşı hörmətsizlik yolverilməzdir və bu, son illər Qərbin təşəbbüsü ilə iki dövlət arasında aparılan sülh danışıqlarına da zərbə vurur. Onu da nəzərə almalıyıq ki, aprelin 11-də Laçın rayonu istiqamətində baş verən erməni təxribatı və daha sonra Ermənistan ərazisində əsir götürülən azərbaycanlı əsgərlərə qarşı işgəncə faktları iki ölkə arasında münasibətləri daha da gərginləşdirir. Həm ayın 11-də baş verən təxribat, həm azərbaycanlı əsirə qarşı qeyri-insani rəftar, həm də dünən Avropa çempionatının açılış mərasimində dövlət bayrağımızın yandırılmasının təsadüf olmadığını və sabotaj olduğuna qənaət gətirmək mümkündür.

Nızərə alsaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan srağagün parlamentdəki çıxışında da sərhəddəki hadisənin təxribat olduğuna işarə etmişdi. Bilirik ki, Ermənistanın siyasi elitasında, xüsusilə, orduda Rusiyanın agentura şəbəkəsi hələ də güclüdür. Əlbəttə, erməni cəmiyyətindəki anti-Azərbaycan əhval-ruhiyyəsi var və bu fakt başqa ölkə(lər)nin daxildəki agent şəbəkəsinin işini asanlaşdırır.

Eyni zamanda, Rusiyanın son zamanlar Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə bir qədər də aktivləşdiyini sezmək mümkündür. Görünür, Kreml ABŞ və Avropa İttifaqının Qarabağ probleminin siyasi həllindəki aktivliyini qəbul edə bilmir. Hətta ayın 11-də baş verən, hər iki tərəfdən 7 nəfərin ölməsi ilə naticələnən eskalasiyadan sonra Rusiya XİN-i yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin görüşünün Moskvada baş tutacağını dedi. Görünən budur ki, Rusiya Qərbi Cənubi Qafqaza buraxmamaq üçün təkcə siyasət deyil, eyni zamanda, idman sahəsində də təxribatlarını davam etdirəcək.

Əsir götürülmüş Azərbaycan əsgərinə qarşı işgəncə və İravanda Azərbaycan bayrağına qarşı hörmətsizlik hər iki xalqın sinir uclarına toxunmaqdır. Hətta belə demək mümkünsə, Azərbaycan cəmiyyəti üçün həssas olan nöqtələrə toxunmaqla sülh müqaviləsinin qarşısını almaq və köhnə haqq-hesabları yenidən gündəmə gətirmək istəyirlər.

Hər halda, Ermənistan hökuməti Avropa çempionatında iştirak edən azərbaycanlı idmançıların təhlükəsizliyinə təminat verib.

Güman edirəm ki, Avropa çempionatının açılış mərasimində iştirak edən erməni baş nazir Nikol Paşinyan da Azərbaycan bayrağının yandırılmasını arzulamazdı. Lakin Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətləri onillərdir o qədər gərgindir ki, özünü regionun “yiyəsi” hesab edən Rusiya istənilən təxribata əl atır və atacaq.

Kamal ƏLİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button