Top.Mail.Ru
ÖZƏL

İsrailli nazir Azərbaycana SƏFƏR EDƏCƏK – Molla rejimi bu iki ölkənin yaxınlaşmasını HƏZM EDƏ BİLMİR

İsrailin xarici işlər naziri Eli Kohen sabah Azərbaycana səfər edərək, prezident İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək. Şübhəsiz ki, Kohenin səfərindən ən çox narahat olan ölkə İrandır və Tehran bu ziyarətin baş tutmamasını arzulayardı.

Lakin indiki məqamda, xüsusilə, İran-Ermənistan münasibətlərinin sıcaq olduğunu nəzərə aldıqda, Bakının Təl-Əvivlə strateji əlaqələrə üstünlük verdiyini normal qarşılamaq mümkündür. Hərçənd, Azərbycanın xarici işlər naziri Ceyhun Bayramov martın 30-da İsraildə Azərbaycan səfirliyinin açılışında iştirak etmişdi. Ceyhun Bayramov Təl-Əvivə səfərində israilli həmkarı və bu ölkənin prezidenti Yitzhak Hersoqla görüşmüşdü.

Güman etmək olar ki, Eli Kohenin Azərbaycana səfəri gələn ay İsrail prezidenti Yitzhak Hersoqun Azərbaycan səfərinə hazırlıq mahiyyəti daşıyır. Həm Eli Kohenin, həm də prezident Yitzhak Hersoqun Azərbaycana səfərinə ən çox qıcıqlanan ölkə şübhəsiz ki, İrandır. Rejim onunla 800 km uzunluğu olan və əhalisinin böyük əksəriyyəti şiə müsəlmanlarından ibarət olan Azərbaycanın İsraillə yaxınlaşmasını həzm edə bilmir.

Xüsusilə, indiki mərhələdə Bakı-Təl-Əviv arasında “strateji əlaqələr” Tehranı olduqca tədirgin edir. Çünki, hal-hazırda İranın nüvə proqramı ətrafında vəziyyət gərginləşməkdədir. İsrail bəyan edir ki, heç bir halda onlar İranın nüvə silahı yaratmasına imkan verməyəcəklər, hətta lazım gələrsə, bu ölkənin nüvə təsislərin bombalayacaqlar. Təbii ki, İsrail İrana qarşı müttəfiqi ABŞ ilə birlikdə hərəkətə keçəcək.

İranın ehtiyat etdiyi məqam budur ki, İsrail Azərbaycan ərazisindən ona qarşı istifadə edə bilər. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən İsrailə qarşı hər hansı istifadəyə imkan verilməyəcək. Lakin görünür, Tehran hələ də Bakıya inanmır. Azərbaycan isə düşünmək olar ki, İsraillə iqtisadi, təhlükəsizlik münasibətlərini bundan sonra da inkişaf etdirməkdə maraqlıdır.
İsrailin xarici işlər naziri Eli Kohenin Türkmənistana da səfəri gözlənilir. Hətta yaxın gələcəkdə İsrailin Türkmənistanda da səfirliyinin açılacağı haqqında məlumatlar var.

Təbii ki, Türkmənistanın da İranla sərhəd dövlət olduğunu nəzərə alsaq, Tehranın nə qədər narahat olduğunu fərz etmək mümkündür. Hətta bir müddət əvvəl İran prezidenti İbrahim Rəisinin Türkmənistan prezidenti Sərdar Berdimuhammedova zəng etdiyi və israilli nazirin Aşqabada səfər etməsinin arzu edilmədiyi haqqında məlumatlar var. Görünür, İranın şimal qonşuları-Azərbaycan və Türkmənistanın İsraillə münasibətləri rejimin xarici siyasət doktrinasına xələl gətirir.

Maraqlıdır, İran Azərbaycan-İsrail münasibətlərinin inkişafını Ermənistanla əməkdaşlığını dərinləşdirməklə kompensasiya edirsə, bunu Türkmənistana qarşı necə həyata keçirəcək?

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button