Top.Mail.Ru
ÖZƏL

Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır – Kamal ALİYEV

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü “Azərbaycan SSR” çərçivəsində tanımağa hazır olduğunu bildirib. Erməni baş nazir qarşı tərəfdən – Azərbaycanın da ölkəsinin ərazi bütövlüyünü “Ermənistan SSR” çərçivəsində tanımağa çağırıb. Fərz edirəm ki, Qarabağ probleminin yekun həlli üçün ideal seçim bu, ola bilər.

Maraqlıdır ki, Paşinyan açıq-aydın etiraf edir ki, Ermənistan Madrid prinsiplərinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Prinsipcə, Madrid prinsipləri o vaxt ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təqdim edilən və ideal olan həll paketi idi. Madrid prinsiplərinin mahiyyəti ondan ibarət idi ki, Ermənistan tərəfindən işğal edilmiş və keçmiş DQMV-yə aid olmayan 7 rayon Azərbaycana qaytarılmalı, sonra isə Dağlıq Qarabağın statusu müəyyən edilməliydi.

Nikol Paşinyanın Madrid prinsiplərinə istinad etməsində iki hədəfi var…

1. Erməni baş nazir Madrid prinsiplərinin keçmiş prezident Serj Sərkisyanın zamanında qəbul olunduğunu dolayı yolla dilə gətirərək, məsuliyyəti keçmiş iqtidarın üzərinə qoyur.

2. Nikol Paşinyan faktiki olaraq, Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməklə, erməni cəmiyyətini gözlənilən sülh müqaviləsinə hazırlayır. Yəni, Paşinyan ermənilərə deyir ki, geopolitik üstünlüklər Azərbaycanın tərəfindədir və biz Qarabağdan əl çəkməliyik.

Şübhəsiz ki, Nikol Paşinyanın indiki mərhələdə Qarabağ probleminin birdəfəlik həlli prosesində maraqlı olduğunu sezmək çətin deyil. Lakin proses olduqca mürəkkəbdir; Paşinyan daxildəki Rusiyaya bağlı olan hərbi-siyasi strukturun olduğundan xəbərdardır. Bundan başqa, Paşinyan diasporanın təzyiqlərinin də miqyasını dərk edir.

Buna rəgmən, Paşinyan KTMT hərbi missiyasının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsinə razılıq verməklə, Kremlin mümkün təzyiqlərini neytrallaşdırmaq xəttini də güdür.
O ki qaldı diasporun prosesə müdaxiləsinə, Paşinyan bunu “beynəlxalq mexanizm” təklifini irəli sürməklə, qarşısını almaq istəyir.

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar

Back to top button