Azərbaycan Qarabağ separatçılarının nəfəsliyini bağladı – ŞƏRH

Azərbaycan tərəfi bu addımı atmamışdan qabaq Rusiya sülhməramlı kontingentini, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Komandanlığını məlumatlandırıb.
Əslində, bu addım gözlənilən idi və aprelin 22-də Ermənistana məxsus hərbi maşınların rus sülhməramlılarının müşahiyəti ilə Xankəndinə çatdırılması bu addımı tezləşdirdi. Belə görünür ki, Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsindən danışmasına, ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, erməni hökuməti Qarabağdakı separatçıları silahlandırmaqda davam edir. Və bütün bunlar rus sülhməramlılarının gözləri qarşısında həyata keçirilir.
Laçın rayonu ərazisində Həkəri çayı üzərindəki körpünün bağlanması isə Qarabağdakı separatçıların nəfəsliyinin kəsilməsi deməkdir. Həm 21-22 aprel tarixlərində rus sülhməramlılarının müşahiyyəti ilə ermənilərin Azərbaycan ərazisinə silah-sursat daşıması, ötən gün Şuşa ərazisində minanın partlaması nəticəsində üç Azərbaycan əsgərinin yaralanması Həkəri çayı üzərində körpünün bağlanmasını labüd edirdi.
Bundan sonra Qarabağdakı separatçılar yəqin ki, dünyaya car çəkəcəklər ki, Azərbaycan etnik ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirir, onların Ermənistanla əlaqələrini kəsir.
Azərbaycan tərəfi bunu ona görə edir ki, Həkəri çayı üzərindəki körpüdən indiyəcən dəfələrlə hərbi təyinatlı yüklər daşınıb və bu, 2029-cu il 10 noyabr razılaşmasına ziddir. Yəni, Qarabağdakı etnik ermənilər Ermənistanla əlaqə saxlaya bilər, ancaq hərbi təyinatlı yüklərin daşınmasına bundan sonra icazə verilməyəcək. İndiki halda Qarabağdakı separatçıbaşların-Arayik Arutunyan və Qurgen Nersisyanın nə deməsi o qədər də əhəmiyyət daşımır.
Dogrudur, Həkəri körpüsü Laçın dəhlizi üzərində yerləşir və rus sülhməramlılarının məsuliyyət zonasındadır, ancaq bu, o demək deyil ki, separatçılar həmin körpüdən silah-sursat daşıya bilərlər.
Digər yandan, Həkəri çayı üzərində körpünün bağlanması və Laçın-Xankəndi istiqamətində nəzarət postunun qurulması 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə zidd deyil. Digər tərəfdən, son addımlar Qarabağdakı separatçıların Azərbaycana qarşı müqavimət potensialını da zəiflədəcək.
Kamal ALİYEV,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq