Paşinyan Qarabağa muxtariyyətdən GERİ ÇƏKİLDİ, 1975-ci xəritələrini QƏBUL ETDİ – Kamal Aliyev

Belə demək mümkünsə, Azərbaycan tərəfi Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi qurmaqla, “Laçın dəhlizi” məfhumunu da aradan qaldırdı. Bu gün faktiki olaraq, Azərbaycanın suveren ərazisində “dəhliz” adlı keçid və ya yol yoxdur. Doğrudur, Paşinyan Praqada Azərbaycanın Qarabağı blokadaya aldığını, hətta ərazidəki ermənilərə qarşı “etnik təmizlimə” siyasəti apardığını desə də, məsələnin belə olmadığını demək olar ki, hər kəs bilir.
Buna baxmayaraq, N.Paşinyan ziqzaqlı siyasi mühəndisliyini davam etdirir. Erməni baş nazir strategiyası aydındır: mimimum Rusiyanın Ermənistandakı nüfuzunu azaltmaq, maksimum isə ölkəsini Moskvanın təsir obyektindən birdəfəlik çıxarmaq. Təbii ki, Paşinyanın əsas hədəfi də maksimum hakimiyyətdə qalmaqdır.
Nikol Paşinyan mediaya açıqlamasında bir məqamda olduqca maraqlıdır. Erməni baş nazir 1975-ci il xəritələrinə görə, sərhəd xəttini tanımağa hazır olduğunu, işğal olunmuş kəndləri də qaytarmağa razılaşdığını bəyan edib.
Zənnimcə, Paşinyanın bu açıqlaması da pozitiv hadisədir. Çünki Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla ABŞ-da keçirdiyi görüşdə də Qazaxın 7, Naxçıvanın Kərki kəndinin geri qaytarılmasını gündəmə gətirmişdi.
Konkret olaraq 1975-1976-ci il xəritələrinə gəlincə, bunlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır. 1975-ci il xəritələri 1988-ci ildəkindən həm də ona görə əhəmiyyətlidir ki, burada ermənilərin “Miatsum” ideyası sıradan çıxır. Maraqlıdır ki, ermənilər son 2 ildə 1975-ci il xəritələri ilə dövlət sərhədlərinin delimitasiya və demorkasiyasını qəbul etmirdilər. Lakin Paşinyan bu gün 1975-ci il xəritələrinə istinad etdiyini deyir.
Ermənilər eyni zamanda, indiyəcən ona görə 1975-ci il xəritələrini qəbul etmirdilər ki, son 30 ildə xeyli toponimləri təhrif etmişdilər.
Qazaxın 7, Naxçıvanın isə Kərki kəndinin Azərbaycanın nəzarətinə keçməsi erməni separatizminə psixoloji zərbə olacaq. Bu,i frat və riyakar erməni millətçiliyinin ağır yara alması deməkdir.
Dogrudur, Ermənistan Azərbaycanla sərhəd məsələsinin Rusiyanın vasitəçiliyi olmadan da həll edə bilırdi. Ancaq müsbət hal odur ki, nəhayət, Nikol Paşinyan keçmiş Sovet Azərbaycanının sərhədlərini tanıyacağını etiraf edir.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin “Valdat” Klubunun son toplantısında 70-ci illərdəki xəritələrə istinad etmişdi.
Onu da qeyd edək ki,1975-1976-cı illərdəki xəritələr ETSN-nin nəzdində “Geodeziya və Kartoqrafiya” MMC-də hələ də qalıb.
Kamal ALİYEV,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq