Top.Mail.Ru
ÖZƏL

Ömrünün otuz ilini “Bulaq” a həsr edən Tahir Talıblı 76 yaşını qeyd edir

Tahir Talıblı 1948-ci il fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra ali təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Dil – ədəbiyyat müəllimi kimi 1974-cü ildə əmək fəaliyyətinə doğma kəndində başlayan Tahir Talıblı 1975–1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980–1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışıb.

Ötən əsrin 1970-ci illərindən mətbuatda imzası görünməyə başlayan Tahir Talıblı “Sovet Ermənistanı”, eləcə də Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlarında şeirləri və publistik yazıları ilə oxucuların görüşünə gəlib.

Saytların yığılması Saytların yığılması

“Yeni fikir” qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru kimi fəaliyyət göstərib. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişlərində yaradıcılığını davam etdirir.

Bir müddət “Güney Azərbaycanı” şöbəsində redaktor vəzifəsində çalışdıqdan sonra Azərbaycan radiosunda “Xalq yaradıcılığı” redaksiyası yaradılır. Həmin ildən Azərbaycan radiosunda “Bulaq”, “Gündoğandan günabatana”, “Yazıya pozu yoxmuş”, “Xeyrə qənşər”, “Aşıq gördüyün çağırar”, “Yerin-yurdun adın andım”, “İlmə”, “Şirvan nəfəsi”, “Divani saz-söz məclisi”, “Dastan saatı”, “Qərib axşamlar”, “Şirvan şikəstəsi”, “Tərəkəmə” folklor rəqs toplusu, “Yurd yeri”, “Soyumuz-soykökümüz”, “İrəvan Çuxuru” kimi verilişlərinin yaranması və dinləyicilərə təqdim olunmasında böyük xidmətləri olub.

Bu günlərdə dünyasını dəyişən xalq yazıçısı Mövlud Süleymanlı tərəfindən yaradılan “Bulaq” verilişinin artıq 30 ilə yaxındır ssenari müəllifi olan Tahir Talıblı “Aşıq Məhəmməd Sadaxlı”, “At igidin qardaşıdır”, “O quzeylər”, yeddi hissəli “Deportasiya” filmlərinin də ssenari müəllifidir .

“Sevgi harayı” , “Yazılmamış şerlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti”, “Bu tale dediyin”, “Qurdu qəmgin, quşu qərib”, “Vaxt vaxtında gəlir…” , “Söz içində söz” kitablarının müəllifi olan Tahir Talıblı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində “Əməkdar jurnalist” adı ilə təltif olunub.

Bu gün ömrünün 76-cı baharını yaşayan dəyərli ziyalımıza uzun ömür, can sağlığı, yaradıcılığında uğurlar arzu edirik.

Analoq.az

Bənzər yazılar