Top.Mail.Ru
ÖZƏL

POLİTOLOQ: “Kişineuda Əliyev və Paşinyan arasında SÜLH MÜQAVİLƏSİNİN imzalanması realdırmı?”

Əvvəlcə mövzuya ondan giriş edək ki, Moskvada baş tutan Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Qarabağla bağlı hər hansı sülh müqaviləsinin imzalanacağı gözlənilmirdi. Əslində, Rusiya prezidenti Vladimir Putini də sülh müqaviləsinin imzalanmasından daha çox Azərbaycan və Ermənistan arasında kommunikasiya xəttlərinin açılması maraqlandırırdı.

Görünən budur ki, Kreml daha çox “Xovayev planı”nın üzərində dayanır və bu planın da mahiyyəti ondan ibarətdir ki, Qarabağın statusu gələcəyə saxlanılır. Halbuki, ABŞ-ın təqdim etdiyi “Vaşinqton planı” Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu özündə ehtiva edir.

Saytların yığılması Saytların yığılması

Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağın Azərbaycana aud olduğunu açıq şəkildə bəyan edib. Bu, onu deməyə əsas verir ki, Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı Qarabağ probleminin yekun siyasi həllinə daha çox diqqət yetirirlər.

Moskvadakı Aİİ zirvəsində onu da gördük ki, bu təşkilatın ən böyük iqtisadi benefisiarı Ermənistandır. Ukraynada Rusiya işğalı başlayandan bəri Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Buna paralel olaraq, Ermənistan iqtisadiyyatında 12%-lik iqtisadi artım var.

Yeri gəlmişkən, Ermənistan Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların dəlinməsində iştirak edərək, milyardlarla vəsait qazanır.

Nəticə isə budur ki, Ermənistanın Rusiyadan təkcə siyasi deyil, həm də çox ciddi iqtisadi asılılığı mövcuddur.
Şübhəsiz ki, Paşinyan da bunu bilir, ancaq onun da fərqindədir ki, Ermənistanın Qərbə inteqrasiyası daha sərfəlidir.

Hal-hazırda əsas diqqətlər iyunun 1-də Moldaviyanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammitinə çevrilib. Məlum sammitdə Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Ermənistanın baş naziri də iştirak edəcək. Əlavə olaraq, Fransa prezidenti Emanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldə sammitdə iştirak edəcəklər.

Mümkündür ki, Kişineuda Azərbaycan və Ermənistan arasında Qarabağ probleminin siyasi həllinə dair “çərçivə sazişi” imzalansın. Eyni zamanda, iki ölkə arasında nəqliyyat xəttlərinin açılması da müzakirə olunacaq. İndi əsas məsələ çərçivə sazişinin imzalanması və onun implementasiyası ola bilər. Belə demək mümkünsə, Qərbin Qarabağ probleminin siyasi həllində kifayət qədər maraqlı olması, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması problemin həllində yeni imkanlar açır.

Hətta onu da proqnoz etmək olar ki, Kişineu zirvəsində Qazaxın 7, Naxçıvanın da Kərki kəndinin Azərbaycana qaytarılması istiqamətində ciddi razılıq da əldə olunsun. Zənnimcə, Azərbaycan kəndlərinin geri qaytarılması çərçivə sazişinin imzalanmasında ciddi əhəmiyyət kəsb edə bilər. Kişineu sammiti Qarabağ probleminin yekun siyasi həllinin başlanğıcı ola bilər. Ortada çox ciddi fürsət var, görək Paşinyanla Əliyev bu fürsətdən necə faydalanacaqlar…

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar