Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

KTMT Ermənistana ARXA ÇEVİRİR: Əliyev bu quruma Paşinyandan daha çox TƏSİR GÖSTƏRİR

Paşinyan hakimiyyətinin KTMT-dan Ermənistana real dəstək gözləməsi tamamilə mənasız və məntiqsizdir, bu hərbi-siyasi qurum rəsmi İrəvanı konkret addımlarla müdafiə etmək imkanlarına sahib deyil… Erməni baş nazir sədrlik etdiyi dövrdə KTMT-nı Azərbaycanla hərbi-siyasi qarşıdurmaya sövq etmək cəhdlərinin boşa çıxdığını, rəsmi İrəvanın əsas hədəflərinin iflasa uğradığını etiraf etmək məcburiyyətində qaldı…

Ermənistan ABŞ və Qərblə Rusiya arasında manevrlərini davam etdirir. Rəsmi İrəvan əslində, artıq bu məsələdə son mərhələyə yaxınlaşıb. Çünki hazırda həm ABŞ və Qərb, həm də Rusiya Paşinyan hakimiyyətinin davranışlarına daha ehtiyatla yanaşmağa başlayıb. Və rəsmi İrəvana etimad göstərilmədiyi müşahidə olunur.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistanı Kremlin təsir dairəsindən çıxartmaqla, Rusiyanı Cənubi Qafqazdan sıxışdıra biləcəyinə ümid bəsləyir. Rəsmi İrəvan vaxtaşırı Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə aparmağa çalışdığını sezdirir. Və Qərb siyasi dairələri bu məsələnin ən qısa müddətdə reallaşa biləcəyinə əmin olmağa başlayırlar.

Ancaq Paşinyan hakimiyyəti öz xarici siyasətində ardıcıl olmadığından, ABŞ və Qərbin əminliyini puça çıxartmaqda da davam edir. Belə ki, Kremlin təzyiqləri və ənənəvi vədləri qarşısında duruş gətirə bilmir. Ermənistanı ABŞ və Qərbə təslim etmək istəməyən Rusiya “erməni sürüşkənliyi”ndən maksimum səviyyədə yararlanır. Və hazırda həm Rusiyanın, həm də Ermənistanın bir-birini test etməyə çalışdığı da qətiyyən diqqətdən yayınmır.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Böyük ehtimalla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən növbəti sammiti hər iki tərəf üçün həlledici test rolunu oynaya bilər. Belə ki, KTMT-nın bu sammiti rəsmi İrəvan üçün demək olar, son şans kimi görünür. Çünki, rəsmi İrəvan Ermənistanın KTMT-ya sədrliyini bu sammitdə Belarusa təhvil verəcək. Və ona görə də, rəsmi İrəvan KTMT-nı nəhayət ki, Azərbaycan əleyhinə mövqeyə sürükləmək üçün bu son imkandan yararlanmağa can atır.

Son məlumatlara görə, Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ya üzv ölkələrin liderləri qarşısında çıxış edərkən, növbəti dəfə Azərbaycandan şikayətlənməyə çalışıb. Erməni baş nazir KTMT-nın Ermənistanı Azərbaycanın hərbi təzyiqlərindən qoruya bilmədiyini vurğulayıb. Bu qurumu dolayısı Azərbaycana münasibətdə konkret mövqe ortaya bilməməkdə qınayıb.

Məsələ ondadır ki, KTMT-nın bundan öncə online formatda keçirilən sammitində rəsmi İrəvanın Azərbaycana qarşı ittihamları digər ölkələr tərəfindən dəstəklənməmişdi. Əksinə, KTMT üzvləri Azərbaycanla yaxın münasibətlərinin olduğuna belə, üstüörtülü eyham vurmuşdular. Hətta Belarus prezident Aleksandr Lukaşenko erməni baş nazirin Azərbaycana qarşı ittihamlarına sərt reaksiya da vermişdi. Və nəticədə Ermənistan cəmiyyətində “Batka” ermənilərin dostu olmayan dövlət başçısı kimi antitəbliğat kampaniyasına məruz qoyulmuşdu.

Maraqlıdır ki, rəsmi İrəvan nə qədər ümid bəsləsə də, KTMT sammitində bu dəfə də Azərbaycanın əleyhinə Ermənistanı qane edəcək yekun sənədin qəbul edilməsinin mümkünlüyü qətiyyən inandırıcı görünmür. Hələ sammitdən bir neçə gün öncə Rusiyanın hakim dairələrində təmsil olunan bəzi rəsmi şəxslər Azərbaycan və Ermənistan arasında, eləcə də sərhəd bölgəsində baş verən hadisələrə müdaxilənin KTMT-nın kompitensiyasına aid olmadığını vurğulamışdılar. Və bu, KTMT-nın Azərbaycana qarşı “erməni təxribatı”na alət olmayacağının ilkin əlaməti də sayıla bilər.

6748893.jpg (108 KB)

Əslində, baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı ittihamlara həsr olunmuş açılış çıxışına verilən reaksiya da rəsmi İrəvanın ümidlərinin yenə də doğrulmayacağını biruzə verir. Çünki, erməni baş nazir Azərbaycan əleyhinə danışıb, şikayətlənərkən, KTMT-ya üzv dövlətlərin digər liderləri onu demək olar ki, dinləməyiblər. Toplantıdan yayılan videogörüntülərdə erməni baş nazir danışarkən, digər dövlət başçılarının hərəsinin müxtəlif işlərlə məşğul olduğu açıq-aşkar nəzərə çarpır.

KTMT toplantısında erməni baş nazir bildirib ki, Ermənistanın bu quruma üzv olması Azərbaycanı “hərbi təcavüz”dən çəkindirməyib: “Əslində, bu günə kimi də KTMT-nın həmin “təcavüzə” reaksiyası ilə bağlı ümumi mövqeyə və qərarın qəbul edilməsinə nail ola bilməmişik. Mən bunu Ermənistanın KTMT-ya sədrliyi dövründə əsas uğursuzluq kimi dəyərləndirirəm”.

KTMT-ya üzv ölkələrin liderləri erməni baş nazirin dediklərinə elə bir ciddi əhəmiyyət verməsələr də, belə anlaşılır ki, rəsmi İrəvan bu hərbi-siyasi qurumu Azərbaycanla münaqişəyə cəlb etmək üçün çalışırmış. Rəsmi İrəvan ümid bəsləyirmiş ki, əgər, Ermənistan KTMT-ya sədrlik edirsə, deməli, bu qurumu Azərbaycanla hərbi-siyasi qarşıdurmaya sövq etmək imkanlarına malikdir. Halbuki erməni baş nazir də rəsmi İrəvanın bu niyyətinin boşa çıxdığını, iflasa uğradığını etiraf etmək məcburiyyətində qalıb.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistana nə qədər böyük əhəmiyyət versə də, əslində, qondarma “erməni dövləti”nin hətta KTMT-ya üzv ölkələr üçün belə, elə bir ciddi önəmi yoxdur. Azərbaycanın KTMT-ya üzv ölkələr üçün əhəmiyyəti isə sözün əsl mənasında, vazkeçilməzdir. Və bu, hazırda Ermənistan üçün birmənalı şəkildə ən böyük hərbi-siyasi uğursuzluq anlamı daşıyır.

407310629.jpg (101 KB)

Məsələ ondadır ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya Rusiyanı Azərbaycan və Türkiyədən daha çox asılı vəziyyətə salıb. İndi Kremlə Azərbaycan və Türkiyəni Rusiyadan narazı salmaq qətiyyən sərf etmir. Bu, Rusiyanın “nəfəsliyini” tamamilə qapada, xüsusilə də dünya bazarlarına enerji resursları çıxartmaq imkanlarını minimum həddə qədər məhdudlaşdıra bilər. Və bu baxımdan, Kremli rəsmi İrəvana hansı vədləri versə də, Ermənistan üçün real addımlar atmaq şanslarından məhrum buraxır.

KTMT-ya üzv olan digər dörd ölkəyə gəldikdəsə, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan bu il noyabrın 9-da Azərbaycanı Ermənistan üzərində tarixi qələbə qazanmasının və ərazi bütövlüyünün bərpa olunmasınin növbəti ildönümü münasibətilə təbrik ediblər. Belarus və Tacikistanın Azərbaycanla iqtisadi-ticari münasibətləri yüksəliş dövrünü yaşayır. Qazaxıstan və Qırğızıstanın isə Azərbaycanla eyni strateji qurumda – Türk Dövlətləri Təşkilatında təmsil olunduqlarını xatırlatmaq belə, kifayətdir.

Ermənistan isə bütün bunların qarşılığında KTMT üzvlərinə strateji və ticari-iqtisadi baxımdan, faydalı heç bir şey təklif edə bilmir. Əksinə, hər şeyin qarşılıqlı maraqlar üzərində qurulduğu müasir dövrdə rəsmi İrəvan yalnız şikayətlənmək və nəsə istəməklə diqqəti çəkir. Belə vəziyyətdəsə, KTMT ölkələri Ermənistanla deyil, məhz Azərbaycanla münasibətləri inkişaf etdirməkdə birbaşa maraqldır.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin KTMT-dan Ermənistana real dəstək gözləməsi tamamilə mənasız və məntiqsizdir. Bu hərbi-siyasi qurum Ermənistanı heç bir halda, real addımlarla müdafiə etməz. İndiki halda, rəsmi İrəvan hansısa “növbətçi bəyanata” ümid bəsləyə bilərdi ki, əslində, elə bu da hazırda qətiyyən inandırıcı görünmür. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev KTMT-ya Ermənistandan daha çox təsir göstərə bilir.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button