Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənilərin GÖZÜ YAŞLI: Fransa XİN-in mövqeyi İrəvanı “AYAĞA QALDIRIB” – ƏTRAFLI

Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi siyasi xəttini əks etdirmir. Bu barədə jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. “Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, – diplomat deyib. Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Fransalı diplomat xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülh əldə etmək fürsətindən yararlanmaq üçün tərəfləri danışıqlara səsləyir” ifadəsini xatırladıb.

Əlbəttə ki, ilk baxışdan Fransa hökumətinin bu ziddiyyətli mövqeyi nəinki Azərbaycan tərəfindən, heç Ermənistanın baxış bucağından da anlaşılmır. Rəsmi İrəvan Fransa hökumətindən Senatın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni təsdiqləməsini gözləsə də, Makron hökuməti ermənilərin arzusunu ürəyində qoyub. Azərbaycan isə “iki bacı” damğasından sonra da Fransa hökumətinin bu cür addım atmasını heç cür anlaya bilmir. Ya Fransanın reallıqları görmək üçün onsuz da heç vaxt açıq olmayan bəsirət gözü tamamilə bağlanıb, yaxud da “iki bacı” damğasının izi Makronun üzündə sillə kimi qaldığından o, sözügedən qətnaməni qəbul etməkdən çəkinib.

Hər iki halda ermənilərin gözü yaşlıdır. Bunu erməni mediasında dərc edilən məqalələrə nəzər yetirərkən görmək mümkündür. Hazırda İrəvanda ən çox müzakirə edilən mövzulardan biri də məhz Fransa Xarici İşlər Nazirliyinin sərgilədiyi mövqedir. Axı necə ola bilər ki, hər zaman Ermənistanı dəstəkləyən “iki bacı”dan biri olan Fransa və onun diplomatik korpusu sayılan XİN, Milli Assambleyanın Aşağı Palatasının yekdilliklə qəbul etdiyi qətnaməni qəbul etməsin. Odur ki, Ermənistanda Fransa Xarici İşlər Nazirliyinin bəyanatının tamamilə yersiz olduğu haqda fikirlər səsləndirilir.

Bakıda isə bu yalnız rəsmi Parisin zəifliyinin təzahürü sayıla bilər. Görünür Bakının silləsi Makronun üzünü yamanca qızardıb və o, bu dəfə Ermənistanın, yaxud ermənipərəst parlamentarilərin çaldığı havaya oynamaq istəməyib. Səbəb nə olursa-olsun, Azərbaycanı heç bir qətnamə ilə qorxutmağın və ya yolundan döndərməyin mümkün olmadığını Fransa daxil bütün dünya başa düşür. Buna isə siyasi elitada “diplomatik qələbə” deyilir.

Onu da xatırladım ki, 2020-ci il noyabrın 25-də Fransa Senatı ölkə hökumətini “Artsax”ın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib. Daha sonra 2020-ci il dekabrın Senatın aşağı palatası da Ermənistan və “Artsax”a dəstək verən qətnamələr qəbul ediblər. Lakin bu qətnamələr siyasi çəkiyə malik olmayıb və Fransa dövlətinin mövqeyini əks etdirməyib. //KONKRET.az

Bənzər yazılar

Back to top button