Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Araikin BAŞINI SIĞALLAYAN Fransa – Separatizmə dəstəyin SİRLİ MƏQSƏDİ

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan bir neçə gün əvvəl Fransaya gedib.

Bu barədə Fransanın İle-de-Frans şəhəri şurasının sədri Valeri Pekres Tvitter hesabında yazıb.

Pekres bu səfər çərçivəsində separatçıların başçısı ilə görüşdüyünü bildirib.

Anti-Azərbaycan mövqeyi ilə tanınan Pekres Araiki “artsax prezidenti”, Azərbaycan ərazilərindəki qondarma qurumu isə “respublika” adlandırıb.

Əslində, biz Fransadan bundan artığını gözləyirdik ki, əskiyini gözləmirdik. 19 və 20-ci əsrdə dünyanın ikinci böyük müstəmləkə imperiyası, terrorçuları dəstəkləyən dövləti olan Fransa babalarının yoluna sadiqdir.

İndi də Azərbaycan torpaqlarında mövcud olmuş qondarma quldur rejimin dırnaqarası liderinin Fransaya səfərə dəvət edilməsi separatizmə açıq dəstəkdir.

Hələ bu dövlət illərlə ATƏT-in Minsk qrupunun həmsədri kimi guya Qarabağ münaqişəsinin həlli üçün çalışıb. Fransanın atdığı bu addım rəsmi Parisin beynəlxalq hüququn ərazi bütövlüyü ilə bağlı bütün müddəalarına qarşı açıq nümayiş etdirdiyi hörmətsizlikdir.

Ancaq nə yazıq ki, yenə də Qərb dairələri və bir çox dövlətlər bu ikili standartların qarşısında susublar. Hadisələri görməzdən gəlirlər.

Maraqlıdır, Korsika Azadlıq Hərəkatının, yaxud Okeania Müstəqillik Hərəkatının Liderləri rəsmi səviyyədə Azərbaycana dəvət edilsə, Fransa buna necə reaksiya verər?

Təbii ki, Senatın haqdan yana olmayan qətnamələri, iftiraları yenə də işə düşər. Necə ki, ötən həftə biz bunun şahidi olduq.

Cinayətkar Araik Arutyunyandan fərqli olaraq Korsika və yeni kaledoniyalı liderlər haqsızlığa, Fransanın on illiklərdir davam edən assimilyasiya siyasətinə qarşı mübarizə aparırlar.

Fransa qondarma lideri qəbul etməklə hadisədən xəbəri olmayanlara yanlış mesajlar verir, tarixi saxtalaşdırmağa davam edir. Halbuki, Azərbaycan dəfələrlə vurğulayıb ki, Araikin guya lideri olduğunu iddia etdiyi Qarabağın etnik erməni sakinlərini digər Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquqlarla təmin edəcək. Bəs terroru dəstəkləyən, haqq-hüquq bilməyən Fransa nə edir?

Yeni Kaledoniya sakinlərinə 3-cü, 4-cü sort vətəndaş kimi yanaşır. Bu da onun yuxarıda da qeyd etdiyimiz kimi, müstəmləkəçi siyasətindən irəli gəlir.

Fransanın indinin özündə Burkina-Fasoda etdikləri çoxlarına məlumdur. İnternetdə kiçik bir axtarış etməklə görmək olar ki, indi də Əl-Qaidə və İŞİD-ə bağlı qruplar Mali, Niger və Burkina-Fasonun ortaq sərhədi olan “Liptako Gourma” adlı sərhəd xəttində hər il yüzlərlə insanın ölümünə səbəb olan hücumlar həyata keçirir. Dəstəyi isə Fransadan alırlar.

Fransa yuxarıda qeyd etdiyimiz ərazilərə istismar obyekti kimi baxır. Təsadüfi deyil ki, Yeni Kaledoniya iqtisadiyyatının 96%-ə qədərini təbii ehtiyatların ixracı təşkil edir.

Ümumiyyətlə, tarixən fransızların ayağı dəyən yerdə yüz illərlə “ot bitməyib”. İndi ayaqlarını Ermənistandan çəkmirlər. Çarəsiz, ona-buna möhtac qalan Ermənistan Fransanın qucağındakı rahatlığından məmnundur. Ancaq hər zaman olduğu kimi, yenə də ağılsızlığının qurbanına çevrilir. Gələcəkdə başına nələrin gələcəyindən xəbərsizdir. Gərçi, Ermənistan da artıq maşa olmağa öyrənib və normal, müstəqil siyasət aparmağın üsulunu, haqqın, ədalətin adını bilmir. Heç öyrənmək də istəmir.

Yaxşı olar ki, Fransa artıq mövcud olmayan qondarma rejimin dırnaqarası liderinə ayırdığı diqqəti Korsika, Yeni Kaledoniya xalqlarının haqlı tələblərinə yönəltsin. Əks halda, bu ərazilərdə getdikcə güclənməkdə olan mərkəzdənqaçma meylləri Fransa üçün domino effekti yarada bilər. Elzas, Savoya, Bretan bölgələrində də etnik azlıqlar arasında milliyyətçi meyllər və mərkəzi hakimiyyətə qarşı narazılıq artmaqdadır. Başqa sözlə, Fransa Araik Arutyunyana qucaq açmaqla təkcə suverenlik və ərazi bütövlüyü prinsiplərinə arxa çevirmir, həm də özü üçün fatal nəticələrə gətirib çıxaracaq presedent yaradır.

Bir yandan bu cür əyri yollarla yürüyür, bir yandan da guya Azərbaycan-Ermənistan arasında normallaşma prosesində ön planda olmağa çalışır. Təbii ki, qondarma separatçı rejimin cinayətkar başçısını leqal rəsmi qonaq kimi qəbul edən Fransanın özünü Brüssel prosesinə daxil etmək cəhdləri siyasi həyasızlıqdan başqa bir şey deyil. Azərbaycan buna heç bir zaman getməyəcək. Görünən dağa bələdçi lazım deyil. Fransa əgər prosesin həllində haqdan yana olsaydı, bunu indi qara tarixə çevrilən Minsk qrupunun zamanında edərdi. Daha mənasız görüşlərlə, orda-burda yeyib-içməklə vaxt keçirib, didərgin, yurdsuz-yuvasız qalan məcburi köçkünlərimizin hüququ, haqqının tapdanmasına göz yummazdı. Ona görə də biz Fransadan artıq heç nə gözləmirik.

Gözlədiyimiz odur ki, bu cür həyasızlıqdan, tarixdən gəlmə “terrorçulara dəstək missiyası”ndan bəlkə nə zamansa əl çəkdi. //Müsavat.com

Bənzər yazılar

Back to top button