Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Xankəndinin XİLASI YAXINLAŞIR – Ermənilər Vardanyandan ÜZ DÖNDƏRMƏYƏ BAŞLADI

Ruben Vardanyanın qayğıkeş, fədakar “dövlət naziri” obrazı zaman ötdükcə hər gün daha çox fiaskoya uğrayır. Bir göz qırpımında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən Vardanyana hər kəsi inandırmaq üçün geyindiyi məsum, xalq üçün özünü qurban etməyə hazır “dövlət naziri” təəssüratı yaratmaq cəhdləri də artıq ona kömək edəcək kimi görünmür. 

Günlərdir Laçın-Xankəndi yolunda Qarabağın dağlıq hissəsindəki qanunsuzluqlara qarşı azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin davam edən aksiyasından olduqca narahat görünən, bu vəziyyətdən çıxış yolu tapmaq üçün girmədikləri kol qalmayan separatçıları və onların havadarlarını bu gedişlə nə Avropa Parlamentinin Bakıya qarşı qərəzli Qətnaməsi, nə də bölgəyə göndərmək istədikləri mülki missiya adı altında 200 nəfərlik heyyət xilas edəcək kimi görünür.

Çünki Vardanyanın birbaşa təlimat alaraq göndərildiyi Moskvanın tabeçiliyində olan sülhməramlı sayı nə az, nə çox, o rəqəmlərdən düz 10 dəfə artıqdır. Amma Azərbaycanın önləyici və düşünülmüş tədbirləri kontingentin etirazın ilk vaxtlarında göstərdiyi aqressiyasını, hirs-hikkəsini bir kənara qoyub, geri addım atması ilə yadda qaldı.

Bütün bunların fonunda ermənilər arasında, xüsusilə də separatçılar arasında fikir ayrılıqları daha da dərinləşməkdədir. Bir tərəfdə reallığı dərk edərək, sabah ola biləcəklərin proqnozunu verib, xalqını ayıltmaq, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa yolun olmadığını izah etmək istəyənlər var, digər tərəfdən isə nəyəsə sahib olmaq xülyasından əl çəkməyərək oyundan kənarda qalmaq istəməyənlər…

Tanınmış erməni bloger, jurnalist Roman Baqdasaryan sosial media üzərindən Ruben Vardanyana ünvanladığı ritorik suallarla, sülhməramlıların müvəqqəti nəzarət zonasındakı etnik ermənilərin güya blokadada, humanitar böhran vəziyyəti ilə üz-üzə olduqları ilə bağlı uydurma, heç bir əsası olmayan, reallığı əks etdirməyən dezinformasiyalarına reaksiyası ilə diqqət mərkəzinə düşüb:

“Cənab Vardanyan, əgər Qarabağ dediyiniz kimi blokadadırsa, bəs siz niyə arıqlamırsınız? Baxıram ki, heç biraz da arıqlamamısnız. O adam arıqlayar ki, öz ağzından kəsib, acından ölənlərin ailələrinə verir, o adam arıqlayır ki, naharda yeməyə heçnəyi olmayanlara verir”

Vardanyanın BBC-yə verdiyi müsahibə isə onun əsl simasını və kimə xidmət etdiyini çılpaqlığı ilə növbəti dəfə üzə çıxardı. Azərbaycanı ittiham etmək üçün bütün dünya mediasının diqqətini üzərinə çəkərək, Qarabağdakı etnik ermənilərdən alət kimi istifadə edərək, ağlaşma qurmaq planı ilə BBC-də “Hardtalk” tokşousunda Stiven Sakurun suallarını cavablandırmağa razı olan erməni əsilli rus milyarder rəzil duruma düşdü.

Çox güman ki, bu müsahibədən öncə Vardanyan hesab edirdi ki, Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamə onun şəxsiyyətini, “siyasi” nüfuzunu bir qədər ucaltdı, ona bu istiqamətdəki fəaliyyətində legitimlik qazandırdı. Amma müsahibə zamanı məlum oldu ki, o, özü barədə çox yüksək fikirdə imiş. Hər halda son proseslər fonunda Qərbdə onu ermənilərin “Robin Qud”u olaraq gördükləri barədə təsəvvürlər yaradan Vardanyan üçün Sakurun sualları qarşısında aciz duruma düşmək sonun başlanğıcı demək idi.

Ruben Vardanyan anladı ki, o əslində Qərb üçün rusiyalı oliqarxdır, prezident Putinin yaxın çevrəsindən olan, Ukraynada müharibə başlayandan sonra nədənsə milyardlarla pul qazanan adamdan başqa bir şey deyil.

Bu o demək deyil ki, Avropa Azərbaycanın haq mübarizəsinə dəstəyini nümayiş etdirdi. Sadəcə olaraq Qərbdəki bəzi dairələr Rubeni ona görə Qarabağ ermənilərinin “hüquqları” uğrunda mübarizənin içində görmək istəmir ki, onun bu obrazının arxasında Moskvanın dayandığı açıq-aydın görünür.

Nə Vardanyanın bu həyasızlığı, hara, necə gəldi Azərbaycanı ermənilərə qarşı güya “etnik təmizləmə” siyasəti adı altında beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üz-üzə qoyaraq, sanksiyalar paketinin tətbir edilməsi, hətta hadisələrin bölgəyə hərbi müdaxiləyə kimi inkişaf etməsində maraqlı olması, sə də son günlər müxtəlif beynəlxalq dairələrin Azərbaycanın Laçın yolundakı aksiyası ilə bağlı bəyanatları və atdıqları addımlar rəsmi Bakını haqq yolundan çəkindirmək üçün kifayət etməyəcək.

Yoxsa həmin dairələr Laçın yolundan 43 gündür mina, silah-sursatların keçirilməməsindən, bu dəhlizin təyinatı üzrə istifadəsindən narahatdırlar?

Təbii ki, ermənipərəst o dairələr və onları təmsil edən bir qrup şəxslər düşünürlərsə ki, Azərbaycanın öz ərazisində terrorçulara silahların göndərilməsinə göz yumacaq, onların minaları yerləşdirmələrinə imkan verəcək çox yanılırlar.

Laçın yolu blokadada deyil. Azərbaycanlı eko-aktivistlərin Laçın yolunun Şuşa-Xankəndi hissəsində təşkil etdiyi aksiya həm beynəlxalq hüquqla, həm də Azərbaycan qanunvericiliyi ilə olduqca doğru addımdır. Digər tərəfdən və ən önəmlisi isə Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və Azərbaycan vətəndaşlarının ölkənin digər ərazilərində olduğu kimi burada aksiya keçirmək haqqı var. Avropa Parlamentinin Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddiaları rəsmi Bakının daxili işinə burun soxmaqdan başqa bir şey deyil.

Azərbaycan beynəlxalq hüquqa zidd davranış sərgiləmir, sadəcə, beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün təmin edilməsi və suverenlik prinsiplərinin təcəssüm etdirilməsi üçün addımlarını atmaqdadır. Ruben Vardanyan, Araik Arutyunyan başda olmaqla bütün separatçılar əmin olsunlar ki, vəziyyət bu cür davam edəcəyi təqdirdə başlarına dəmir yumruğun dəymək ehtimalı hər gün daha da artır. Yaxşı olar ki, Ermənistan və qondarma rejim qalıqları xırda oyunlara gedərək Bakını yolundan döndərmək məqsədi ilə məkirli planların iştirakçısı olmaq əvəzində konstruktivlik nümayiş etdirib, Azərbaycan dövlətinin təklif etdiyi sülh paketi əsasında gələcəklərini qursunlar. Çünki əksi erməniçilik üçün ağır nəticələrlə yekunlaşa bilər. //Milli.Az

Bənzər yazılar

Back to top button