Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan iki qapıya OYNAYIR: nəticə ermənilər üçün çox PİS OLACAQ

İrəvan eyni zamanda Avropa İttifaqı və Rusiyadan faydalanaraq bölgədə vəziyyəti mümkün qədər çox ağırlaşdırmağa çalışsa da, onun bütün cəhdləri bumeranq kimi özünə qayıdır

Dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan Polşa parlamentindəki Ermənistan-Polşa dostluq qrupunun rəhbəri Radoslav Foqelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş əsnasında A.Simonyan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının “üzvlərinin və fəaliyyət miqyasının artırılmasına zərurət duyulduğunu” vurğulayıb.

Eyni fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniya XİN-nin rəhbəri Boqdan Auresku ilə danışıqlardan sonra keçirilmiş mətbuat konfransında deyib.

“Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi bölgədə təhlükəsizliyin artırılmasında dəyərli vasitədir. Aİ-nin mülki müşahidəçilərinin uzunmüddətli missiyasının fəaliyyəti bölgədəki proseslərə Avropa İttifaqının cəlb edilməsi deməkdir”, – Mirzoyan söyləyib.

A.Simonyanla A.Mirzoyanın açıqlamaları İrəvanın üzləşdiyi diplomatik seytnotdan çıxış yolu araması ilə bağlıdır.

Azərbaycanla yekun sülh sazişinin imzalamağa hazır olduğunu sözdə deyən, əslində isə sürəkli qaydada yeni şərtlər və tələblərlə çıxış edərək həm vaxt qazanmaq, həm də Rusiya və Qərb ilə eyni zamanda sövdələşmələr apararaq mümkün qədər çox mənfəət əldə etməyə çalışan Ermənistan bölgədəki vəziyyəti fasiləsiz gərginləşdirir.

Ermənilər danışıqlar prosesində Rusiyanın moderator və vasitəçi rolunda olmasını istəmədiklərindən prosesə ABŞ, Avropa İttifaqı, Fransa və İranı da cəlb etmək istəyirlər.

Nikol Paşinyanın “Azərbaycanla saziş imzalamağa hazırıq, lakin bu sənədin beynəlxalq səviyyədə təminatı olmalıdır” bəyanatından sonra İrəvanın xarici siyasətində baş verən dəyişikliklər maraqlıdır.

Ermənistan hakimiyyətinin bəyanatları, əməlləri və niyyətləri arasında ciddi fərqlər var. Belə ki, rəsmi İrəvan Azərbaycanla danışıqların intensivləşməsində, bölgədə sülhün və stabilliyin bərqərar olmasında, şərti dövlət sərhədinin delimitasiya və demarkasyasında maraqlı olduğunu vurğulayır.

Nikol Paşinyan və komandasının son aylardakı açıqlamalarına nəzər saldıqda ilk baxışdan belə təəssürat yarana bilər ki, Ermənistanın hakimiyyət dairələri 44 günlük İkinci Qarabağ savaşından dərs alaraq aqressiv militar ritorikadan əl çəkiblər və indi situasiyanın normallaşmasını arzulayırlar.

Lakin sözlərlə işlər arasında çox ciddi fərqlər var.

Ermənistanın sırf verbalistika səviyyəsində olan bəyanatların real istəklərin məcmusu yox, məcburi səslənən kəlmələrdir ki, məqsəd əsl niyyəti gizlətmək, söz yığını ilə əvvəl Avropa İttifaqını, sonra da Rusiyanı aldatmağa çalışmaqdır.

Paşinyan komandası Rusiyanı qıcıqlandıracaq açıqlamalar verərək Moskvanın sərt reaksiyası üzə çıxan təki Qərbə üz tutur, Moskvanın İrəvana sərt təzyiqlər göstərməyə can atdığını deyir və “Kremlin diqtəsindən qurtulmaq istəyən ermənilərin Avropadan daha ciddi yardımlarla dəstəyə zərurət duyduqlarını” deyir.

Avropa İttifaqı emissarları ermənilərin yalan danışdıqlarını bilsələr də, Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını azaldaraq mövcud geosiyasi konstruksiyanı dəyişmək niyyətilə İrəvana bir sıra vədlər verərək erməniləri şirnikləndirmək, bu minvalla Rusiyanı regionundakı forpostundan və son buyruq qulundan məhrum etməyə can atırlar.

Beləcə, ermənilər iki istiqamətdə eyni vaxtda oyun apararaq marşrutların ikisində də uğur əldə etməyi düşünsələr də, uğursuzluğa düçar olublar.

Qısamüddətli taktikanın heç bir halda uzunmüddətli strategiyaya çevrilməyəcəyini dərk edəndə isə Paşinyan komandası ümidlərini Avropa İttifaqının Ermənistana yolladığı “mülki müşahidəçilər” missiyasına bağladılar.

İrəvandakı hakimiyyət hansısa efemer planlarına uyğun olaraq qənaətə gəldilər ki, Aİ missiyası Azərbaycanla aparılan danışıqlarda ermənilərin mövqelərini möhkəmləndirməklə yanaşı, Bakıya əlavə təzyiq amilinə çevriləcək.

Əsas məqsəd isə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədi boyunca “müşahidə” aparan avropalıların mövcdluğundan istifadə edərək əvvəllər imzalanmış anlaşmalarla əldə edilmiş razılaşmamalara əməl etməməkdi.

Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, Xankəndidəki separatçı rejimə silah-sursat və canlı qüvvə göndərilməsi bütün hallarda “humanitar prosedurlar” kimi təqdim edilirdi.

Ancaq İrəvan Aİ missiyasına ifrat güvənməklə yenə yanıldı, çünki Ermənistanda əslində Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası barədə müfəssəl kəşfiyyat məumatları əldə etmək, rusiyalı hərbçiləri sonradan şantaj etmək üçün əməliyyatlar hazırlamaq və ən nəhayət, İrəvanı Rusiyanın təsir orbitindən çıxarmaqla məşğul olan “müşahidəçilər”in proseslərə təsir etmək mandatı yoxdur.

Onlar ən yaxşı halda “diplomatik turist” sayıla bilərlər.

Rusiyaya gəldikdə isə rəsmi Moskva bu missiyanın bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyini dəfələrlə bəyan etməklə yanaşı, Ermənistanla münasibətlərdə ermənilərin qərarlarına cavab siyasətini dayandıraraq qabaqlayıcı addımlar sxeminə keçib.

Rusiya artıq qulluqçular və kölələrlə yox, onların sahibləri ilə danışıqlar aparmağa üstünlük verir.

Ermənistan hakimiyyətinin xarici siyasətinin bitkin struktura malik olmadığını bilən Moskva heç bir məsələdə İrəvandakı düşərgələrlə qrupların konsensus əldə etməyəcəklərinə əmindir.

Aİ missiyası ilə bağlı İrəvanda hələlik diplomatik dilətutmalar və niyyətdən çəkindirmələr prosedurlarını icra edən Rusiyanın səbri sonsuz deyil. Ermənilərin ikili oyun oynadıqlarını, Avropa İttifaqı ilə kuluar danışıqlar apararaq Rusiyaya verilən sakitləşdirici vədlərin tam əksinin icra olunduğunu Moskva görür.

Görür və “etibarlı müttəfiq”in əslində hər an xəyanətə hazır marioentə çevrilməkdə olduğundan effektiv cavab tədbirləri hazırlayır.

Bu isə artıq Nikol Paşinyan hakimiyyətinin siyasətinin entropiyasının sonu olacaq.

Elçin Alıoğlu
TREND

Bənzər yazılar

Back to top button