Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Xəritələrin qaytarılmamasının ardındakı MƏKRLİ PLAN…

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda çəkiliş aparan iki media nümayəndəsinin və bir vəzifəli şəxsin minaya düşərək həlak olması, dörd nəfərin isə yaralanması hadisəsi yenidən Ermənistanın minalı ərazilərin xəritəsini bugünədək Azərbaycana təhvil verməməsi məsələsini gündəmə gətirib. 

KAİM.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı Qarabağı total şəkildə minalasa da, bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.

Burada məqsəd mümkün qədər çox sayda mülki şəxsin həlak olmasıdır. Bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Xəritələrin verilməməsi hərbi cinayət hesab edilir.

Rəsmi Yerevanın 10 noyabr bəyannaməsindən indiyə kimi xəritələri özündə saxlaması Ermənistanın məkrli siyasətindən və çirkin niyyətindən xəbər verir.

İşğalçının bu mövqeyi erməni faşizminin növbəti təzahürüdür. Halbuki Ermənistan revanşizmdən, terrorizmdən əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığa çalışmalıdır.

Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər isə hələ də düşmən mövqeyindədirlər.

Beynəlxalq birlik də ermənilərdən xəritələrin verilməsini tələb etməlidir. Biz isə bir sıra hallarda beynəlxalq təşkilatların ərazimizə keçib yeni minalar basdırmaq istəyən və tərəfimizdən zərərsizləşdirilən diversiya qruplarının Ermənistana qaytarılmasını tələb edən bəyanatlar verildiyinin şahidi oluruq.

Bu günə qədər minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim olunmaması beynəlxalq konvensiyaları heçə saymaqdır. Bu xəritələr verilmədikcə, ərazidəki təmir-bərpa işlərinin müddəti daha da uzanır.

Müəyyən layihələrin həyata keçirilməsi məsələsi gecikir. Xəritələr Azərbaycan tərəfində olmadığına görə minaların aşkarlanması və işlərin sürətlə aparılması zaman alır.

Ona görə də bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi siyasi təzyiqlər edilməlidir. Bu gün öz jurnalist fəlaiyyətini həyata keçirərkən həlak olan həmkarlarımız beynəlxalq media qurumlarının da diqqətini çəkməlidir. Onlar tərəfindən Ermənistana qarşı sərt bəyanatlar səsləndirilməlidir.  Hər halda biz bunu onlardan gözləyirik.

Bu arada bildirək ki, 10 noyabrda əldə edilmiş atəşkəs razılaşmasından bu günə qədər Qarabağda 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29  mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəqəmlər kifayət qədər ciddidir və  beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə edərək, beynəlxalq konvensiyalara uyğun olaraq onu bu istiqamətdə müəyyən addımlar atmağa məcbur etməlidir.

Bu gün  baş verən hadisə beynəlxalq insan hüquq müdafiə təsisatları və media təşkilatları üçün bir imkandır. Həmin təşkilatlar media mənsublarımızın faciəli şəkildə həlak olmasını və Ermənistanın humanitar cinayətlərini kəskin formada pisləyərək, bəşəri dəyərlərin müdafiəsi ilə məşğul olduqlarını sübut etməlidirlər.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev  bildirib ki, növbəti dəfə mülki vətəndaşlarımız işğalçı Ermənistanın ərazimizdə yerləşdirdiyi minanın qurbanına çevriliblər:

“Jurnalistləri müşayiət edən nümayəndələrin onları daşıyan avtomobili əvvəllər istifadə olunmayan, minaların təmizlənmədiyi və ya yoxlanılmayan yoldan istifadə etməsi mümkün deyil.

Bir neçə dəfə bu səfərlərdə iştirak edən birisi kimi, tam əminliklə bunu iddia edirəm. Böyük ehtimalla, bu minalar düşmən tərəfindən  son günlərdə həmin yollarda basdırılıb.

Birinci Qarabağ Müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz olurdu. Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək, görərik ki, düşmən diversiya qruplarının fəaliyyətində daha çox minalarla intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununla da Qarabağa qayıdış prosesini ləngitməyə çalışır.

Baş verən hadisələr bir daha sübut edir ki, təslim olan və yeddi aydır ki, minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil.

Odur ki, aidiyyəti qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş verən bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin aşkar sübutudur”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button