Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Paşinyandan YENİ QALMAQAL: “Xəritənin çox kiçik hissəsini VERDİM”

Ötən gün Ağdamda basdırılan 97 min tank və piyada əleyhinə minaların xəritəsinin müqabilində 15 erməni diversantı təhvil alan Nikol Paşinyanın seçiciləri ilə görüşdə bəyanatı diqqət çəkib.

KAİM.az xəbər verir ki, Nikol Paşinyan “Biz minalanmış sahələrin xəritəsini verdik, amma bu bizdə olan xəritələrin kiçik hissəsidir” deyə, ciddi bir məqama toxunub.

Bundan öncə Ermənistan mina xəritələrinin olmasını ya inkar edir, ya da onların 1991-94-cü illərə aid olduğunu, o xəritələrin artıq heç bir önəm daşımadığını bildirməyə çalışırdı. N.Paşinyanın bu açıqlaması təsdiqlədi ki, Ermənistanda işğaldan azad edilən ərazilərə basdırılan minaların xritələri nəinki var, hətta çoxdur.

Bu fakt bir tərəfdən Ermənistanın beynəlxalq qurumlarda daha zəif duruma düşürsə də, əslində, Nikol Paşinyan bununla ölkə ictimaiyyətinə və Bakıya ciddi bir mesaj vermiş oldu. Seçicilərinə bildirdi ki, Ermənistanın Azərbaycana təzyiq üçün rıçaqları hələ də qalmaqdadır, Bakıya isə danışıqları davam etdirməyə və digər diversantları da almaq üçün “əlində olan mina xəritələrini” verməyə hazır olduğunu işarə etdi.

N.Paşinyanın seçki öncəsi vəziyyəti ürəkaçıcı deyil. “Gallup”un keçirdiyi ən son sorğuya əsasən, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 24,1, Nikol Paşinyanın bloku isə 23,8% səs toplayıb. Bu, Köçəryanın inanılmaz sıçrayışıdır. Ötən ilin sonlarında Köçəryanın səs faizi 2, Paşinyanın səs faizi isə 35 faiz civarında idi. Hətta müharibədən sonrakı ilk iki ayda Köçəryan məğlubiyyətin məsuliyyətini daşıyan Paşinyana ciddi fərqlə uduzurdu.

Ancaq seçki ərəfəsində Rusiyanın xüsusi dəstəyi və rusiyalı seçki texnoloqlarının iştirakı ilə Köçəryan sürətlə reytinqini artırmağa, Paşinyan isə əksinə, səs itirməyə davam edir. Seçkiyə cəmi bir həftə qalmış Paşinyanın blokunun sorğuda Köçəryan blokuna uduzması isə Qərbin də narahatlığına səbəb olur. Çünki Paşinyanı Qərb, Köçəryanı isə Rusiyanın dəstəklədiyi şübhə edilməyən faktdır.

Məhz ona görə də 15 erməni diversantın Ağdam rayonunda basdırılan minaların xəritələrinə dəyişdirilməsi prosesini Gürcüstanın vasitəçiliyi ilə Qərb həyata keçirdi. Təsadüfü deyil ki, proses ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin Tiflisdən başlayan, Bakı və İrəvanda davam edən və yenidən Tiflisə qayıtmaqla tamamlanan Cənubi Qafqaz turnesinin tam yekununda reallaşdı.

Bu, Rusiyanın və Ermənistan ordusunun daxilində olan rusiyayönümlü qüvvələrin heç də arzuladığı proses deyil. Rilkerin regiona səfəri zamanı Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atəşə tutması da bu məqamda diqqətdən qaçmamalıdır. Bunun təşkilatçısının kim olduğunu təxmin etmək üçün artıq kifayət qədər şübhələr var.

Azərbaycan da Rikerin səfəri zamanı sərhəd probleminin dərinləşməməsi üçün əlindən gələni edirdi, başqa sözlə, Rikerin regiona səfərinin nəticə verməsini öz töhfələrini əsirgəmədi. 8 iyunda Laçın istiqamətində sərhədlərimizə daxil olan erməni əsgər barəsində əvvəlcə diversant olduğu, birinin ələ keçdiyi digərlərinin geri çəkildiyi bildirilsə də, bir neçə saat sonra həmin erməni əsgərin diversant olmadığı, “yolu azdığı” elan edilərək, dərhal geri verildi.

Bu, erməni ordusunun daxilində rusmeyillilərin aparılan qapalı danışığın nəticəsini pozmaq üçün dağıdıcı fəaliyyətini heçə endirmək istiqamətində Bakının ən ciddi gedişi sayıla bilər. Bunun ardınca Ermənistan sərhəddə açdığı atəşə də Azərbaycan MN olduqca təmkinli münasibətlə reaksiya göstərdi. Nə qədər qəribə də olsa, Azərbaycan MN qarşı tərəfin ordumuzun mövqelərini atəşə tutduğunu bildirsə də, “cavab atəşi ilə düşmən susdurulub” ifadəsinə yol verilmədi. Bu ənənəvi cümlənin işlədilməməsinin xüsusi məna kəsb etdiyi ilk baxışdaca görünürdü.

Bu da ilkin nəticə. Artıq ilk ciddi addım atıldı, erməni diversantlardan 15 nəfər mina xəritələrinin “çox az bir hissəsinə” dəyişdirildi.

İndi Paşinyanın reytinqinin qalxacağı, Köçəryanın əlinin zəifləməsi gözlənilir. Çünki erməni xalqı Köçəryanın revanşist siyasəti nəticəsində Azərbaycanda olan diversant və işğaldan azad edilən ərazilərdəki meyiotlərinin geri verilməyəcəyini, əksinə, Azərbaycanın yeni bir antiterror əməliyyatına başlayaraq, daha çox terrorçu və diversantı ələ keçirəcəyini bilir. Əgər seçim Paşinyandan yana olarsa, danışıqların eyni ab-havada davam edəcəyi ehtimalı güclənir, əks halda isə Azərbaycanın güc faktoruna üstünlük verəcəyi qaçılmazdır.
Bu füc faktorunda isə Azərbaycanı artıq Qərb də dəstəkləyəcək. Çavuşoğlunun Fransa səfəri, Ərdoğanın baydenlə sabah baş tutacaq görüşü və ardınca Bakıya və Şuşaya səfərə gələcəyi bu istiqamətdə beynəlxalq dəstək təmin ediləcəyinə şübhə yeri qoymur.

Prosesdən Rusiyanın “xüsusilə razı qaldığını” iddia etmək üçün heç bir səbəb yoxdur. Əgər belə olsa, indiyə qədər Rusiya öz münasibətini Mariya Zaxarovanın timsalından sosial şəbəkə hesabından cəmi-cümlətani 2 sözlə – “çoxdan gözlənilən və gözəl” (долгожданной и прекрасной) ifadə etməzdir, daha əhatəli və daha yüksəksəviyyəli çinovnik səviyyəsində bildirərdi.

mənbə: Bakupost.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button