Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənilərdən ACI ETİRAFLAR başladı – “Miatsum” İFLAS OLDU, Ermənistan da YOX OLA BİLƏR…

İrəvan bu gün ona təklif olunanı götürməsə, vaxt gələcək yalvaracaq; Ermənistanın ermənilərsiz qalmamasının bir yolu var…

Ermənistan üçün “daşları yığmaq” zamanı çoxdan çatıb. Hətta 2-ci Qarabağ müharibəsindən çox-çox qabaq erməni rəhbərləri yeni müharibədən qaçmaq üçün buna başlamalı idilər. Ancaq Nikol Paşinyan da daxil, heç biri əlini daşın altına qoymadı və şansı qaçırdılar. Həm özləri eyforiyaya uyub məst oldular, həm də bədbəxt erməni xalqını “miatsum” yuxusuna verdilər.

Bircə sabiq prezident Levon Ter-Petrosyan nəsə eləməyə çalışdı, problemin mərhələli həllinə razılıq verdi (1997-1998-cı illər). Onu da dərhal Moskvanın ssenarisi ilə hakimiyyətdən devirdilər. O Ter-Petosyan ki, istefa ərəfəsində belə bir məşhur fikir söyləmişdi: “Qarabağ məsələsində bizə təklif olunanı götürməsək, vaxt gələcək yalvaracağıq. Çünki Azərbaycan güclənəcək, biz isə zəifləyəcəyik”.

Artıq bizə yalvarmağa başlayıblar. Heç olmasa, muxtariyyət istəyirlər. Amma “status” qatarı da, “miatsum” teplovozu da gedib…

*****

Bu arada özünü Qarabağdakı separatçı ünsürlərin lideri sayan bandit Araik Arutyunyan Ter-Petosyanın həmin o məşhur xəbərdarlığı kontekstində acı etirafda bulunub.

Sitat: “2006-cı ildə Artur Tovmasyan ”Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, dəfələrlə demişdim: 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişaf ovaxtkı kimi olsa, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik. Çıxışımın məzmunu bu idi. Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8%-ni təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tiflis-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. Ovaxtkı qiymət 70-80 dollar idi, bu da hər il ən az 30 milyard dollar təmin edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.

Araik Arutyunyan

Separatçıbaşı daha sonra ağır məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmağa çalışaraq iddia edib ki, guya iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı: “Neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14% oldu. Daha sonra artım ən yaxşı halda 4-5% idi. 2016-cı il  (aprel müharibəsi nəzərdə tutulur – red.) bizim üçün bir xəbərdarlıq oldu”.

Öz növbəsində Ermənistan baş naziri Nikol Paşinyan etiraf edib ki, “2-ci Qarabağ müharibəsindən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi”. Bu sözləri o, Litvada yerli erməni icması ilə görüşü zamanı söyləyib.

Sitat: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibədən qaçmağın yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı 5 rayonu. Digər 2 rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

*****

Ermenistan'da Nikol Paşinyan yeniden Başbakan oldu – Yeni Çağ

Nikol Paşinyan 

Sual yaranır: bəs nədən qaytarılmadı? 44 günlük müharibəyədək Paşinyan 2 ildən çox idi ki, iqtidarda idi. Niyə bu yöndə gərəkən addım atmadı? Tam əksinə, Xankəndində “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” ağılsız bəyanatını verərək, sülhü deyil, müharibəni daha da yaxınlaşdırmış oldu? Rayonlarımızı qaytarmaq əvəzinə Tovuzla sərhəddə hərbi təxribatlara göstəriş verdi, onun ekzotik müdafiə naziri David Tonoyan isə Azərbaycanı “yeni ərazi uğrunda yeni müharibə” sərsəm tezisi ilə hədələdi?

Məsələ də ondadır ki, Nikol Paşinyan bu sözlərlə əslində erməni cəmiyyətinə onun on illər boyu yanlış yolda olduğu, Ermənistan rəhbərlərinin isə səhv strategiya seçdiyi barədə incə bir mesaj ötürür. Bu, həm də acı bir etirafdır. “Miatsum” ideyasının, “dənizdən dənizə Ermənistan” axmaqlığının iflas olduğu haqda etiraf!

Etirafdan sonra isə adətən üzrxahlıq (Azərbaycandan) və səhvləri düzəltmək, doğru yola dönmək cəhdləri gəlir. Bunu isə hələ ki müşahidə eləmirik. Ermənistan rəhbərli nəsə eləmək istəyir, məsələn, dünəndən AZAL Bakıdan Naxçıvana hava reyslərini Ermənistan üzərindın həyata keçirməyə başlayıb. Bununla belə, rəsmi İrəvanın bölgədə böyük sülhə müqaviməti daha qabarıq görünür. Xüsusən də xaricdən, son həftələr isə qonşu İrandan özünə açıq-aşkar havadarlıq hiss edəndən sonra.

*****

Ermənistanın XİN rəhbəri İrandadır » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Yeri gəlmişkən, srağagün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana səfəri çərçivəsində İRNA xəbər agentliyinə verdiyi müsahibədə Azərbaycanın ünvanına növbəti dəfə təhqir və böhtanlar yağdırıb. Belə ki, işğal olunmuş torpaqların azad olunması istiqamətində aparılan əməliyyatları həyasızcasına “artsaxa təcavüz” adlandıran erməni nazir Azərbaycanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yaratmağa davam etdiyini iddia edib.

Sərsəmləməsini davam etdirən nazir daha sonra İran tərəfə keçərək Tehranın bölgədə guya gərginliyi azaltmaq və sabitliyi təmin etməkdə rolunun və potensialının göz qabağında olduğunu deyib. Mirzoyan sırtıqcasına onu da deyib ki, guya Ermənistan-İran əməkdaşlığı sülh, inkişaf və sivilizasiyalararası dialoqun gündəmini rəhbər tutan ölkələr üçün yaxşı bir nümunə ola bilər. “Ermənistan və İran kimi qədim sivilizasiyaların daşıyıcıları dini və milli tolerantlıq, qarşılıqlı hörmət və etimad, eyni zamanda gələcəyə görə qarşılıqlı məsuliyyətlə xarakterizə olunur”, – deyə o çərənləyib. Eyni zamanda o, Zəngəzur dəhlizinin əleyhinə olduğunu söyləyib.

*****

Əvvəla, dini və milli tolerantlıqdan hansı ölkələr danışsa da, hələ SSRİ dönəmində mono-etnik respublikaya çevrilən, Qarabağın işğalı zamanı isə 65 məscidimizi dağıdıb yerdə qalanında donuz saxlayan Ermənistanın danışmağa heç haqqı yoxdur! Eləcə də 40 milyondan çox soydaşınızın elementar mədəni və təhsil haqlarını tapdayan İran milli tolerantlıqdan dəm vura bilməz.

Zəngəzur dəhlizi

Zəngəzur dəhlizinə gəlincə, o da gec-tez reallaşacaq. Əks təqdirdə, mirzoyanlar anlamalıdır ki, erməni xalqının bəlaları bitməyəcək. Hətta “Dəmir yumruq”un növbəti zərbəsini yeyə bilərlər. Odur ki, daha bir dəfə acı etiraflar eləməmək üçün İrəvan ağlını başına yığmalı, heç olmasa müharibə sonrası dönəmdə müharibədən əvvəlki dönəmdəki səhvlərin oxşarını təkrarlamamalıdır. Zəngəzur dəhlizinin açılımasına müqavimət isə vaxtilə 7 rayonun qeyd-şərtsiz qaytarılmasına göstərilən müqavimət kimi erməni tərəfinin kobud tarixi yanlışına çevrilə və ona baha başa gələ bilər.

*****

Sözü həm də ona gətiririk ki, 2-ci Qarabağ savaşında haqq elədiyi kapitulyasiyadan doğru-düzgün nəticə çıxaran, acı etiraflarda bulunan tərəf belə həyasız davranış sərgiləmir, özünü az qala qalib ədası ilə aparıb qalib tərəfin ünvanına hər gün iftiralar, hədyanlar yağdırmır. Erməni rəsmiləri gərək unutmasınlar ki, Bakının səbri, sülh çağırışları heç də sonsuz deyil. Ter-Petrosyanın tıbirincə desək, bu gün – 2021-ci ildə sizə təklif olunanı götürməsiniz, vaxt gələcək bunun üçün də yalvaracaqsınız. Gerisayım başlayıb…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button