Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

Xankəndi separatçılardan TƏMİZLƏNİR: Erməni terrorçuların tərksilah olunmasına BAŞLANIB

Araik Arutyunyan və onun separatçıları artıq bu prosesə müqavimət göstərə bilmirlər; Əksinə, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Araik Arutyunyan indi öz gələcək taleyini xilas etmək şansı barədə daha çox düşünmək məcburiyyətində qalıb…

Ermənistanda yeni savaş mövzusu aktualdır. Bu düşmən ölkədə Cənubi Qafqaz regionunda növbəti müharibənin olmqasına xüsusi önəm verirlər. Və hesab edirlər ki, məhz yeni savaş Ermənistanı düşdüyü indiki ağır geopolitik durumdan xilas edə bilər.

Ancaq qeyd etmək lazımdır ki, Ermənistan cəmiyyətində yeni savaşın hədəfi kimi Azərbaycan ön plana çıxarılsa da, qarşı tərəfin üçüncü dövlət olmasına üstünlük verirlər. Yəni, erməni toplumu Ermənistanın Azərbaycanla müharibə etməsini qətiyyən istəmir. Və bu işin hər hansı başqa dövlət tərəfindən edilməsinə ümid bəsləyir.

44 günlük savaş və ondan sonrakı dönəmdə Ermənistanın siyasi rəhbərliyi Azərbaycanla Rusiyanı üz-üzə gətirmək üçün əlindən gələn hər şeyi etdi. Hətta ən avantürst modelləri belə, sınaqdan çıxartdı. Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə silahlı toqquşmalara zəmin yaratmaq məqsədilə müxtəlif təxribatlar törədildi. Ancaq rəsmi Bakı və Kreml Ermənistanın avantürist savaş variantlarının baş tutmasına imkan vermədi.

Loading...

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Son günlərə qədər isə rəsmi İrəvan Azərbaycanı İranla savaş meydanında üz-üzə gətirməyə can atırdı. Ermənistan cəmiyyətində böyük ümidlə İranın Azərbaycana qarşı müharibəyə başlayacağını gözləyirdilər. Ancaq artıq hər kəsə aydındır ki, erməni toplumun bu ümidlərinin doğrulma şansı mövcud deyil.

Bütün bunlara baxmayaraq, Cənubi Qafqazda müharibə ehtimalı hər halda, öz aktuallığını qoruyub, saxlamaqdadır. Sadəcə, bu savaş Azərbayvanla Rusiya və ya İran arasında olmayacaq. Əgər, belə bir ehtimal özünün doğruldarsa, bu, Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlaması ilə baş tuta bilər.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş bütün haqlarını istisnasız olaraq, təmin etmək niyyətində qətiyyətli mövqe tutur. Hələlik Ermənistan Azərbaycanın haqlarının təmin edilməsinə bacardığı qədər müqavimət göstərməyə çalışır. Və məhz bu önəmli məqam rəsmi Bakını Ermənistana qarşı yenidən hərbi əməliyyatlara başlamasına səbəb ola bilər.

Təbii ki, Ermənistan cəmiyyətində bu ehtimalı yaxına belə, buraxmaq istəmirlər. Çünki tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycanla növbəti real hərbi qarşıdurma ordusu darmadağın edilmiş Ermənistan üçün böyük fəlakətlə nəticələnə bilər. Bu səbəbdən də açıq-aşkar qorxduqları Azərbaycanla savaş variantından yayınmağa üstünlük verirlər.

1605432079656_oZMFa1jf.jpeg (67 KB)

Maraqlıdır ki, erməni politoloq Aleksandr İskandaryan Azərbaycan və Ermənistan arasında daha bir savaşın ola biləcəyini qətiyyən istisna etmir. Ancaq erməni politoloq hesab edir ki, hazırda regionda yaranmış vəziyyəti nəzərə aldıqda, 2020-ci ilin payızında olduğu kimi, genişmiqyaslı hərbi əməliyyatlara ehtimal vermir. A.İskandaryan belə bir ehtimal o qədər də yüksək deyil: “Əlbəttə ki, vaxtaşırı silahlı toqquşmalar ola bilər. Ancaq belə toqquşmaların genişmiqyaslı savaşa çevrilə biləcəyinə o qədər də inanmıram”.

Təbii ki, yeni savaş həqiqətən də olmaya bilər. Ancaq onun olub-olmayacağı daha çox Paşinyan hakimiyyətinin davaranışlarından asılıdır. Çünki rəsmi Bakının yerinə yetirilməsində israr etdiyi tələbləri var. Əgər, rəsmi İrəvan həmin tələbləri yerinə yetirərsə, yani savaş elə Azərbaycana da lazım deyil.

Azərbaycanın tələbləri isə o qədər də qəliz və ağır deyil. Belə ki, rəsmi Bakı yalnız üçtərəfli anlaşmaların Ermənistan tərəfindən qeyd-şərtsiz, həm də tam şəkildə yerinə yetirilməsini tələb edir. Yəni rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədən darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin dərhal çıxarılmasını, sərhədlərin qısa müddətdə delimitasiya və demarkasiya olunmasını, qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını, yekundasa, sülh sazişinin imzalanmasını istəyir.

Üstəlik, rəsmi Bakının bu tələbləri üçtərəfli anlaşmalarda da öz əksini tapıb. Baş nazir Nikol Paşinyanın həmin sənədlərə imza atmasıyla, Ermənistan üçtərəfli anlaşmaları icra edəcəyi barədə öz üzərinə hüquqi öhdəlik götürüb. Və həmin öhdəliklərin yerinə yetirilməsi regionda uzunmüddətli sülhə təminat verən yeganə faktordur.

_118304311_nikol_pashinyan_parliament.jpg (53 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin son vaxtlar üçtərəfli anlaşmaların icrasına meyilli olduğu da müşahidə edilməyə başlayıb. Xüsusilə də, Rusiyanın həmin sənədlərin bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini bəyan etməsindən sonra rəsmi İrəvan artıq çıxılmaz vəziyyətə düşmüş kimi görünür. Və bu baxımdan, Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırlaşması barədə məlumatların yayılması da qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, artıq bu istiqamətdə ciddi əlamətlər nəzərə çartmaqdadır. Ermənistan mətbuatı iddia edir ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı məsələləri şərh etməkdən də yayınır. Paşinyan hakimiyyətinin təmsilçiləri bu mövzuda danışarkən, həmin məsələnin Rusiya sülhməramlılarının öhdəsində olduğunu vurğulamaqla, kifayətlənirlər.

Digər tərəfdən, Ermənistan parlamentinin son toplantısında daha bir maraqlı məqam ortaya çıxıb. Belə ki, parlamentdə çıxış edən QHT nümayəndəsi Aşot Arutyunyan “dqr ordusu”nun ləğv olunmasına başlandığını bildirib. Aşot Arutyunyanın iddiasına görə, o, bu barədə məlumatı məhz Xankəndi və ətraf bölgədəki erməni separatçılarının rəhbəri Araik Arutyunyandan alıb. Belə ki, erməni QHT təmsilçisi onunla söhbət zamanı Araik Arutyunyanın “Azərbaycanlılar “ordu”nun ləğv olunmasını tələb edir” dediyini vurğulayıb.

Düzdür, sonradan Araik Arutyunyanın yaxın ətrafında olan şəxslərdən biri bu iddianı təkzib etməyə çalışıb. Ancaq bu iddianın, məhz Araik Arutyunyana istinadən Ermənistan parlamentində açıq mətnlə gündəmə gətirilməsi onun doğru ola biləcəyinə dəlalət edir. Arutyunyanlar arasında belə söhbət həqiqətən olmasaydı, bu barədə parlamentdə danışılmazdı.

xankendi-kollaj.jpg (762 KB)

Böyük ehtimalla rəsmi Bakı darmadağın edilmiş Ermənistan ordusuna aid tör-töküntülərin Xankəndi və ətraf bölgədən dərhal çıxarılmasında israr edir. Paşinyan hakimiyyəti isə nizamsız silahlı dəstələrin Ermənistan ordusu statusunda çıxarılmasının sonradan rəsmi İrəvana müəyyən siyasi problemlər yarada biləcəyini anlamamış deyil. Ona görə də, rəsmi İrəvan Ermənistana aid silahlı dəstələri “dqr ordusu” adı altında ləğv edərək, “keçmiş hərbçiləri” mülki şəxslər kimi çıxartmağa üstünlük verir.

İstənilən halda, Xankəndi və ətraf bölgənin erməni terrorçu dəstələrindən təmizlənməsi prosesinə başlanması müsbət haldır. Həmin dəstələr olmayacağı təqdirdə, Araik Arutyunyan və onun separatçılarının bölgədə qalmaları da mümkün olmayacaq. Yəni tezliklə bölgədə separatizm fəaliyyəti də bloklanacaq.

Belə anlaşılır ki, Araik Arutyunyan və onun separatçıları artıq bu prosesə müqavimət göstərə bilmirlər. Bir müddət öncə bölgədə baş verən silahlı toqquşmalar Rusiyanı da fakt qarşısında qoyduğundan Araik Arutyunyan bu reallıqla barışmaq məcburiyyətindədir. Bu, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Araik Arutyunyana öz gələcək taleyini xilas etmək şansı verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button