Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Qarabağdakı ermənilərin tərkisilah edilməsi MÜZAKİRƏ OLUNUR

Oktyabrın 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.

Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bəs bu hazırlıqlar nədən xəbər verir?

“Hələki sərhədlərin müəyyənləşməsi məsələsi həll olunmayıb. Yəni gərginlik davam edir. Qanuni şəkildə sərhədlər hələ də müəyyən olunmasa da, burada da 1976-cı ilin xəritələri əsas götürülə bilər. Buna hazırlıq üçün təbii ki, hərbi qüvvələr dövlət sərhəddində əməliyyat apara bilər. Digər tərəfdən qışa hazırlıq işləri tamamlanır. Çünki Qarabağ ərazisində qış çox sərt keçir və təhlükəsizlik üçün indidən tədbirlər görülməlidir”.

KAİM.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, bu işdə rus sülhməramlı qüvvələri də Azərbaycanla birgə işlər görməlidir:

“Sülhməramlı qüvvələr müvəqqəti olaraq bizim ərazimizdə yerləşib. Onlar da ərazidə gedən prosesləri izləyirlər, bölgədə olan problemləri həll etmək üçün Azərbaycanla birgə işləməyə çalışırlar. Bizim maraqlarımıza zidd olan hansısa addımı bizimlə məsləhətləşməlidirlər. Bundan başqa ərazidə olan proseslərə nəzərat etmək üçün qardaş ölkənin monitorinq qrupu var. Bununla hadisələri nəzarətdə saxlaya bilərik”.

Şair Ramaldanov ermənilərin tərkisilah edilməsi ilə bağlı məsələyə də toxunub.

“Düzdür, ara-sıra sərhəddə atəşkəs pozulur. Amma hələki bizim sülhməramlılarla ciddi bir problemimiz olmayıb. Ermənilərin tərkisilah edilməsi ilə bağlı məsələ də hələ də qüvvədədir. Onların hamısı bizim ərazimizdən tərkisilah edilməlidir, ona görə ki, ərazimizdə qanunsuz fəaliyyət göstərirlər. Ümumiyyətlə, bütün ölkələrin qanunlarına görə, ölkənin ərazisində əli silahlı hansısa qrup varsa, o, həmin dövlətə tabe olmalıdır. Həmin erməni silahlıları isə heç bir dövlətə tabe deyil. Bu kimi məsələlərdə bizə sülhməramlı qüvvələrin yardımı toxunmalıdır, bu, həmçinin bəyannamədə də öz əksini tapıb. Həmçinin, Müdafiə Nazirliyinin məsələlərə ciddi yanaşması göstərir ki, bu məsələdə dövlətin diqqətindədir”,- deyə o bildirib.

mənbə: Modern.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button