Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Soçi Bəyanatı ermənilər üçün “QIRMIZI CİZGİLƏR” çəkdi: Regionda yeni geopolitik düzən ELAN OLUNDU

Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətindən nə qədər narazı olsa da, siyasi elitanın dəyişdirilməsi qətiyyən çıxış yolu deyil; Soçi Bəyanatından sonra ölkədaxili təzyiqlərin güclənəcəyi şübhə doğurmadığından erməni baş nazir üçün rəsmi Bakının səhnəarxası dəstəyi həlledici xarakter də daşıya bilər…

Soçi Bəyanatı Cənubi Qafqazda reallıqları növbəti dəfə təsdiqləndi. Bu sənədlə Azərbaycan regionun lider dövləti statusunu daha da möhkəmləndirdi. Ermənistanın qeyri-rəsmi sahibi olan Rusiya bölgədə əsas orbitr rolunu Qərbə güzəştə getməyəcəyinin mesajını verdi.

Ermənistanda isə tamamilə fərqli əhval-ruhiyyə yaşanır. Soçi Bəyanatı Ermənistanın regionda ən zəif bənd, şərtləri qəbul və icra edən tərəf olduğunu bir daha sübut etdi. Ermənistan cəmiyyətində pessimizm dalğasını gücləndirdi. Və böyük ruh düşkünlüyü yaratdı.

Ən əsası isə Soçi Bəyanatı onsuz da siyasi böhranın içərisində çabalayan Ermənistanı daha da qarışdırdı. Bu sənəd erməni toplumunda üçtərəfli anlaşmaların icrasından yayınmağın mümkün olmayacağı qənaətini ön plana çıxardı. Və bu səbəbdən də hazırda Ermənistan cəmiyyətində açıq-aşkar carəsizliklə yüklənmiş sarsıntı yaşanır.

Loading...

ermeni-mitinggg.jpg (6 KB)

Hazırda Ermənistan cəmiyyəti sarsıntı içərisində ənənəvi “erməni xəyalları” ilə yeni geopolitik reallıqlar arasında çaşqınlıq keçirməkdədir. Ona görə də, əsas ictimai qəzəb Ermənistanın siyasi elitasına qarşı yönəldilib. Halbuki artıq erməni toplumu Ermənistanı sadəcə, hakimiyyəti dəyişməklə bu durumdan xilas etməyin mümkün olmayacağını da anlamağa başlayıb.

Ancaq buna baxmayaraq, Ermənistanın hərbi-siyasi çöküşünə, tezliklə tamamilə süquta uğrama təhlükəsinə görə kimlərisə, “günah keçisi” etməyə cəhd göstərilir. Əsas hədəf kimi isə yenə də Ermənistan baş naziri Nikol Paşinyan seçilib. Sadəcə, bu dəfə baş nazir Nikol Paşinyanı günahkar statusunda tək buraxmayıb, ona bir yoldaş daha tapıblar. Yəni, erməni baş nazir ilə yanaşı, Ermənistan prezidenti Armen Sarkisyan da “hədəf taxtası”na çıxarılıb.

Məsələ ondadır ki, İrəvanda keçirilən etiraz aksiyalarında baş nazir Nikol Paşinyan ilə yanaşı, artıq prezident Armen Sarkisyanın da istefası tələb edilir. Etirazçılar Soçi görüşünün nəticələrindən, “Qarabağın statusu”nun müəyyən edilməməsindən narazı qalıblar. Və bu siyasi-diolomatik məğlubiyyətə görə həm baş nazirin, həm də prezidentin məsuliyyət daşıdığını, onların mütləq cavab verməli olduğunu vurğulayırlar.

Halbuki reallıq ondan ibarətdir ki, onların yerində başqaları olsaydı belə, heç bir şey dəyişməyəcəkdi. Çünki, hərbi məğlubiyyətə uğramış dövlətlə heç kim ciddi müzakirə aparmır, həmin ölkənin mövqeyini öyrənməyə zaman sərf etmir. Sadəcə, şərtləri və tələbləri məğlub ölkənin qarşısına qoyub, öhdəliklərin sıralandığı sənədə imzanı atdırırlar. Vaxtilə kapitulyasiya aktı imzalamaq məcburiyyətində buraxılan faşist Almaniyası ilə də elə davranılmışdı. İndi faşist Ermənistanı da eyni münasibət ilə qarşı-qarşıya qalıb.

79_main.jpg (33 KB)

Onu da qeyd etmək lazımdır ki, hazırda erməni toplumunu paytaxt İrəvanın küçələrinə çıxaran məsələni yenidən müzakirə mövzusuna çevirmək üçün Ermənistan baş naziri Nikol Paşinyan hər halda, müəyyən cəhdlər etdi. O, Soçi görüşündə “Dağlıq Qarabağ”, “status” və “Minsk Qrupu” kəlmələrini bir neçə dəfə dilinə dolaşdırdı. Ancaq iki güclü dövlətin – Azərbaycan və Rusiyanın prezidentləri oralı olmadılar, erməni baş nazirin dediklərini sadəcə, eşitməzliyə vurdular. Yəni, əhəmiyyət verməyə belə, ehtiyac duymadılar.

Çünki iki prezident Soçiyə erməni baş nazirdən yalnız Ermənistanın hər şeyə hazır olduğunu, qarşısına qoyulan şərtlər və tələblər ilə razılaşdığını eşitmək üçün gəlmişdilər. Erməni baş nazir də nə qədər bunu istəməsə də, iki prezidentin gözləntilərinə mütləq uymaq məcburiyyətində olduğunu anlamamış deyildi. Çünki, Rusiya prezidenti Vladimir Putin də israrla “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” deməklə, Kremlin birmənalı mövqeyini bəyan etmişdi.

Erməni baş nazir isə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi ilə də paralellik təşkil edən bu mesaja qarşı çıxa bilməzdi. Ona görə də, baş nazir Nikol Paşinyanın “Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası üzrə danışıqlara başlamağa hazırdır” deməsi o qədər də gözlənilməz deyildi. Üstəlik, öz sözlərinə “İrəvan münasibətləri normallaşdırmaq üçün sərhədləri açmağa hazırdır” fikrini də əlavə etməklə yanaşı, “Bölgəni sabitləşdirmək üçün iki ölkənin hakimiyyət orqanları arasında birbaşa əlaqə yaratmaq lazımdır” təklifini də gündəmə gətirdi.

35792981_0-158-3360-2048_1280x0_80_0_0_2b6de32a18d0d486a3c8dd77ee16bb35.jpg (106 KB)

Yəni erməni baş nazir rəsmi Bakı ilə birbaşa siyasi-diplomatik təmaslara ehtiyac duyduğunun mesajını verdi. Böyük ehtimalla Ermənistan daxilində sərt təzyiqlərlə üzləşən erməni baş nazir rəsmi Bakının sıhnəarxası dəstəyindən yararlanmağın yollarını axtarır. Çünki, Soçi Bəyanatından sonra ölkədaxili təzyiqlərin güclənəcəyi şübhə doğurmadığından erməni baş nazir üçün rəsmi Bakının dolayısı yolla dəstəyi həlledici xarakter də daşıya bilər.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev hələlik belə mövzulara münasibətdə təmkinli davranması ilə diqqəti çəkdi. Azərbaycan lideri növbəti dəfə Ermənistanı təcili delimitasiya prosesinə başlamağa çağırmaqla yanaşı, qarşı tərəfə normal qonşuluq münasibətlərinə hazırlaşmağın vacibliyini xatırlatdı: “Biz açıq şəkildə erməni tərəfinə təklif etdik ki, sülh müqaviləsi üzərində işə başlasın, bir-birinin ərazi bütövlüyünü tanısın və gələcəkdə qonşu kimi yaşasın, yeni qonşu kimi yaşamağı öyrənsin”.

Təbii ki, bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətindən nə qədər narazı olsa da, siyasi elitanın dəyişdirilməsi qətiyyən çıxış yolu deyil. Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, məğlub ölkə taleyi ilə barışmaq, altına imza atdığı öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Və bundan sonra həmin öhdəliklərə daha həssas yanaşmaq lazım gələcək.

Eyni zamanda, erməni toplumu nəhayət ki, Soçi Bəyanatından lazımi nəticələr çıxarmağa çalışmalıdır. Bu sənəddə “Dağlıq Qarabağ”, “status”, “Minsk Qrupu”, “xalqların özünütəyinetmə hüquqi” və s. bunlara bənzər onları məmnun edə biləcək heç bir kəlmə yer almayıb. Artıq Ermənistan cəmiyyəti anlamalıdır ki, artıq boşa çıxan “erməni xəyalları”nı 30 il “bəzəmiş” həmin kəlmələr indi geopolitik leksikondan tamamilə çıxarılıb.

Azərbaycan_Rusiya_müqavilə_medium.jpg (26 KB)

Əvəzindəsə, geopolitik leksikon “sərhədlərin delimitasiya və demarkasiyası”, “regional nəqliyyat-kommunikasiya xətlərinin açılması”, “Zəngəzur dəhlizi”, “yekun sülh sazişi” və s. kimi bütün Cənubi Qafqazın gələcəyi üçün daha faydalı terminlər ilə zənginləşdirilib. Məsələn, Rusiya prezidenti Vladimir Putin deyir ki, “Regionda bütün dəhlizlərın ən qısa zamanda açılmasına nail olmaq lazımdır. Eyni zamanda, vaxt itirmədən planlaşdırılan perspektivli layihələrin icrasına başlamaq vacibdir”.

Erməni toplumu üçün Putinin bu dəhlizinin məhz Zəngəzur dəhlizi olduğunu anlamaq artıq o qədər də çətin olmamalıdır. Bununla bağlı hüquqi sənədin isə məhz 15-16 noyabrda baş verən silahlı toqquşmaların dayandırılması, atəşkəsin elan edilməsi qarşılığında Ermənistan baş naziri Nikol Paşinyana artıq imzalatdırıldığı barədə də müəyyən qeyri-rəsmi məlumatlar mövcuddur.

Belə anlaşılır ki, Soçi Bəyanatı Cənubi Qafqazda yeni geopolitik düzənin yaradılmasına geniş imkanlar açan sənədə çevrilə bilər. Bu sənəd demək olar ki, regionda “qırmızı cizgiləri” böyük ölçüdə yenidən müəyyən etməyə münbit şərait yaradır. Və rəsmi İrəvanın bu reallıq ilə barışmaqdan başqa çıxış yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button