Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Zəngəzur dəhlizi üzərindən “SİRR PƏRDƏSİ” QALXIR: Paşinyanın reallığı gizlətməyə GÜCÜ ÇATMIR

Ermənistan cəmiyyətində artıq əmindirlər ki, Zəngəzur dəhlizinin açılması qaçılmaz xarakter daşıyır; Erməni toplumu hazırda həmin dəhlizin əhatə edəcəyi ərazilərin birbaşa Azərbaycanın nəzarətinə keçə biləcəyindən daha çox narahatdır…

Ermənistan öz üzərinə götürdüyü siyasi-hüquqi öhdəliklərin girovuna çevrilib. Rəsmi İrəvan üçtərəfli anlaşmalardan qaynaqlanan həmin öhdəlikləri yerinə yetirməyə cəsarət etmir. Və ölkədaxili siyasi təzyiqləri yumşaltmaq üçün nəyin bahasına olursa-osun, üçtərəfli anlaşmaların icrasından yayınmağa, bu, mümkün olmazsa, vaxtı uzatmağa cəhd göstərir.

Ancaq Azərbaycan və Rusiya Ermənistana üçtərəfli anlaşmalardan yayınmaq şansı tanımaq niyyətində deyil. Kremldən verilən bütün açıqlamalarda birmənalı şəkildə üçtərəfli anlaşmaların icrasının vacibliyinə və qaçılmazlığına yönəlik mesajlar verilir. Bu isə rəsmi İrəvanın manevrlərini ciddi şəkildə məhdudlaşdırır.

Rəsmi Bakının mövqeyi isə daha konkretdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq Ermənistana açıq mətnlə xəbərdarlıq edib. Prezident İlham Əliyev mesaj verib ki, rəsmi İrəvan əldə olunmuş anlaşmaları icra edərsə, Azərbaycan və Ermənistan arasında heç bir problem olmayacaq. Ancaq rəsmi İrəvan bunun üçün ilk növbədə Zəngəzur dəhlizinin açılacağı vaxtı rəsmən elan edilməlidir.

Loading...
Yazının davamı reklamdan sonra

Təbii ki, rəsmi Bakının belə qətiyyətli mövqe tutması Paşinyan hakimiyyətini seytnot vəziyyətinə salır. Belə ki, rəsmi İrəvan ölkədaxili iğtişaşlardan qorxsa da, Azərbaycandan gələn vaxt tələbi də Ermənistanı çıxılmaz durumda buraxır. Hər halda, rəsmi Bakının hüquqi tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, üçtərəfli anlaşmaların icrasından yayınılması səbəbilə Azərbaycan ordusunun hərəkətə gətirilə biləcəyini İrəvanda anlamamış deyillər.

c942efad2ac7cb79bae5cf792f09b4ee.jpg (214 KB)

Maraqlıdır ki, Ermənistan XİN-in Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da rəsmi İrəvanın əndişəsi açıq-aşkar nəzərə çarpır. Həmin açıqlamada iddia olunur ki, üçtərəfli anlaşmalarda Ermənistan ərazisindən Azərbaycana dəhlizin verilməsi barədə razılaşma yoxdur. Ancaq qəribə də olsa, dərhal da xüsusi olaraq, qeyd edilir ki, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında təhlükəsiz nəqliyyat əlaqəsinə təminat verir.

Göründüyü kimi, olduqca ziddiyyətli yanaşmadır. Bir tərəfdən anlaşmamışıq deyirlər, digər tərəfdənsə, təminat verirlər. Bu, ölkədaxili qəzəbdən çəkinən rəsmi İrəvanın sadəcə, “söz oyunu” cəhdindən başqa bir şey deyil. Çünki 10 noyabr üçtərəfli anlaşmasında “Zəngəzur dəhlizi” adı keçməsə də, bu dəhliz detallı şəkildə təsvir olunub. Belə ki, həmin anlaşmada Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu və avtomobil yolunun çəkiləcəyi, həmin nəqliyyat-kommunikasiya marşrutuna da məhz Rusiya sərhəd qoşunlarının nəzarət edəcəyi vurğulanır.

Təbii ki, bu, necə adlandırılmasından asılı olmayaraq, açıq-aşkar dəhlizin təsviridir. Eyni zamanda, Soçi görüşündən sonra açıqlama verən Rusiya prezidenti də ilk dəfə olaraq, “Regionda bütün dəhlizlər açılmalıdır” cümləsini dilə gətirmişdi. Cənubi Qafqaz bölgəsindəsə, Zəngəzur dəhlizindən başqa açılacaq hər hansı dəhliz yoxdur. Yəni, Kreml sahibi ümumi şəkildə “dəhlizlər” ifadəsini işlətməklə, əslində, rəsmi İrəvana dolayısı ilə Zəngəzur dəhlizinin açıqlamasının vacibliyini anlatmağa çalışır.

Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Çünki hazırda yükdaşımalarda Rusiya Gürcüstandan asılı vəziyyətə düşüb. Zəngəzur dəhlizinin açılması həm də Rusiyanın Gürcüstana qarşı təzyiq göstərməsi anlamına gəlir. Və Kreml həm də Gürcüstandan yan keçməklə, Rusiyanın Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqəsi qazanmasında birbaşa maraqlıdır.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Şübhəsiz ki, rəsmi İrəvan bütün bunlara qarşı durmaq imkanından uzaqdır. Ona görə də, sadəcə, “söz oyunu” ilə Ermənistan cəmiyyətini aldatmağa çalışır. Baş nazir Nikol Paşinyan da öz açıqlamalarında “Zəngəzur dəhlizi ilə bağlı heç bir məsələ müzakirə edilməyib. Ancaq Azərbaycan Ermənistan üzərindən Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqəsi qazanmalıdır” deməklə, bu məsələnin artıq çoxdan həll edildiyini biruzə vermiş olur. Yəni, Paşinyan hakimiyyəti Ermənistan adından öz üzərinnə Zəngəzur dəhlizi ilə bağlı siyasi-hüquqi öhdəlik götürüb. Ancaq parlament divarları arasında öz siyasi komandasının üzvlərinə “məsuliyyəti bölüşmək lazımıdr” deyə bağıran erməni baş nazirin hələlik bu reallığı rəsmən etiraf etməyə cəsarəti çatmır. Və Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı erməni toplumuna yalan danışdığını artıq anlayırlar. Hər halda, bəzi erməni politoloqların açıqlamalarına diqqət etdikdə, bu, açıq-aşkar nəzərə çarpır.

Məsələn, siyasi şərhçi Razmik Akopcanyan baş nazir N.Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə hüquqi öhdəlik götürdüyünə qətiyyən şübhə etmir: “Baş nazir Nikol Paşinyandan tutmuş xarici işlər naziri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç müzakirə mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcək. Bu, artıq dəqiqdir”.

Razmik Akopcanyan vurğulayıb ki, rəsmi dairələr Zəngəzur dəhlizinin reallaşdırılmayacağı iddiaları ilə hələ də müxtəlif nagıllar danışırlar: “Guya bu, yalnız rəsmi Bakının arzusudur və elə arzu olaraq da qalacaq. Amma mən bir erməni kimi, Ermənistan rəhbərliyindən soruşmaq istəyirəm ki, axı, üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb. Bu sazişin altında isə N.Paşinyanın imzası var. Digər tərəfdən, Soçi görüşündə hər şey aydınlaşdı. Rusiya prezidenti V.Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi”.

Erməni politoloq xatırladıb ki, rəsmi İrəvanın nə deməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir və dəmiryolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir: “Zəngəzur dəhlizinin reallaşacağını göstərən həddindən çox əlamətlər var. Bütün bu ərazilər də Bakının nəzarəti altına keçəcək. Onda xalqına bir belə yalanlar danışan bu adamlar nə edəcəklər?”

kollaj 123.jpg (723 KB)

Maraqlıdır ki, Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan da təxminən oxşar qənaətə malikdir. Onun fikrincə, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələrin təyin olunmasına razılaşması bəzi məqamlara aydınlıq gətirir: “Bu, rəsmi İrəvanın Türkiyənin şərtlərini qəbul etməsi deməkdir. Rəsmi Ankaranın əsas şərti isə Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan tərəfi hələlik rəsmi şəkildə etiraf etməsə də, pərdəarxasında bununla bağlı razılaşmanın olduğu artıq şübhə doğurmur”.

Əslində, erməni deputatın bu açıqlaması həqiqətdən o qədər də uzaq görünmür. Çünki rəsmi Ankara Ermənistanla münasibətklərin normallaşdırılmasına hazır olduğunu qətiyyən gizlətmirdi. Ancaq bunun üçün xüsusi şərtlərinin olduğunu vurğulayırdı. Həmin şərtlərsə, əsasən rəsmi İrəvanın Azərbaycanın tələblərini yerinə yetirməsi ilə bibaşa bağlıydı. Üstəlik, Türkiyə rəsmi dairələri Ermənistana yönəlik bütün məsələləri Azərbaycanla məsləhətləşilib, ortaq hərəkət edildiyini də qətiyyən gizlətmirdi.

Təbii ki, bütün bunlar Zəngəzur dəhlizi ilə bağlı prinsipial anlaşmanın mövcudluğunu göstərir. Artıq yaxın gələcəkdə bu dəhlizdən geçən qatarların və avtomobillərin birbaşa Naxçıvana istiqamət ala biləcəyi qətiyyən şübhə doğurmur. Və Paşinyan hakimiyyəti də etiraf etməkdən nə qədər yayınmağa çalışsa da, artıq bu inkaredilməz reallığın üzərindəki “sirr pərdəsi”ni qorumaqda çətinlik çəkir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button