Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Erməni spikerin “sülh” şantajı – Azərbaycanla belə “nömrələr” keçməz!

Ermənistan rəsmilərinin Bakıya qarşı sülh hoqqaları davam edir. Bu dəfə parlamentin sədri Alen Simonyan “fərqlənib”.

Dünən jurnalistlərə keçirdiyi brifinqdə o, Prezident İlham Əliyevin İrəvanı Minsk Qrupunun (MQ) de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətə çağırması, əks halda bunun Azərbaycana qarşı torpaq iddiasının davam etdiyinin sübutu sayılacağı barədə bəyanatı ilə bağlı deyib: “Minsk Qrupunun ləğvi üçün sadəcə, sülh müqaviləsi bağlamaq lazımdır. O halda ona ehtiyac öz-özünə aradan qalxacaq”.

Saytların yığılması Saytların yığılması

Bu da erməni spikerin yeni kəşfi, yaxud “sülh” formulu. Daha dəqiqi, Bakının şərtinə şərtlə cavab vermək cəhdi. Adam şübhəsiz, bununla təkcə özünün yox, ilk növbədə “patronu” Nikol Paşinyanın mövqeyini ifadə edir…

Əvvəla, kapitulyant tərəfin qalib tərəfə şərt irəli sürmək kimi lüksü ola bilməz. Bu absurddur. İllah da o vaxt ki, qalibin tələbi bütünlüklə beynəlxalq hüquqa əsaslanırsa.

İkinci, MQ-nin ləğvinin Bakı və İrəvan arasında sülh anlaşması ilə nə əlaqəsi? Axı bu qurum sırf keçmiş Dağlıq Qarabağ konfliktinin dinc yolla həlli üçün yaradılmışdı. Missiyası da yalnız bu idi. Belə bir adda konflikt isə artıq yoxdur. Azərbaycan işğal probleminə son qoyub, öz ərazi bütövlüyünü bərpa edib.

MQ-dən bərk-bərk yapışan İrəvan isə Simonyanın timsalında iddia edir ki, “Dağlıq Qarabağ konflikti” qalır, bitməyib. Torpaq iddiasının “buynuzu” olmur ki…

Üçüncü, zorən vasitəçilik olmaz. Vasitəçilik üçün əsas şərt hər iki tərəfin razılığı və vasitəçinin qərəzsizliyidır. Tərəflərdən biri imtina edirsə, demək, o, vasitəçiyə etimad bəsləmir. Azərbaycan MQ-yə qəti şəkildə “yox” deyibsə, kapitulyant ölkə onun bərpasını necə təsəvvür edir görəsən?

Sonra. MQ de-yure ləğv olunsa da, olunmasa da, onun Azərbaycandan ötrü isti-soyuqluğu yoxdur. Əfsus ki, eyni qənaəti Ermənistan haqda söyləmək mümkün deyil. Səbəb məlum. MQ-nin 26 illik danışıqlar dövründə nə ilə məşğul olduğu, kimin tərəfini tutduğunu bilməyən yoxdur…

Alen Simonyanın açıqlaması bir daha göstərir ki, İrəvan Bakı ilə sülh müqaviləsi məsələsində səmimi deyil və “bəlkə də qaytardılar” ümidi ilə yaşayır, Azərbaycana qarşı ərazi iddiasından tam əl çəkməyib. Daha təhlükəlisi, altdan-altdan məkrli, revanşist planlar qurur.

Halbuki Azərbaycan və Ermənistanın MQ-nin ləğvi üçün ATƏT-ə birgə müraciəti barışıq üçün olduqca vacib olan etimad mühitinin möhkəmlənməsinə yaxşı töhfə verərdi. Ermənistan bundan da qaçır. Hələ də danışıqlara “qoltuq altında daşla” gəlməyə üstünlük verir. Bakı ilə real və uzunmüddətli sülh yox, atəşkəs sənədi imzalamağa çalışır. Ki, hansısa əlverişli X günü yenidən işğalçı müharibəyə başlamamaq üçün vaxt qazansın…

İrəvanın sülh müqaviləsinədək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı konstitusiyanı dəyişmək barədə Bakının tələbini süngü ucunda qarşılaması və bunu “Ermənistanın daxili işlərinə qarışmaq” kimi qiymətləndirməsi də eyni motivə, eyni gizli mərama bağlıdır.

Yəni İrəvanın məntiqincə, necə ki, MQ qala-qala sülh sazişi mümkündür, Ermənistanın təxribatçı konstitusiyası dəyişmədən də sülh müqaviləsi imzalamaq olar, guya həm də ona görə ki, sülh sənədi layihəsində belə bir öhdəlik var: “Tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz”.

Bu bəhanəyə Azərbaycan XİN-i artıq cavab verib. Sitat: “Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tam əsassızdır. Heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlumdur”.

Ardınca XİN vurğulayır ki, Ermənistanın konstitusiyanı dəyişmək tələbinin gözardı edilə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və indiki konstitusiyanın gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Nəhayət, bəyanatda bildirilir ki, “Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun bərpasına yönəlik cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir”.

Amma erməni tərəfi gərək unutmasın ki, Azərbaycanla belə “nömrələr” artıq keçməz!..

Müsavat.com

Bənzər yazılar