Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan konstitusiyanı dəyişir, bitərəf ölkəyə çevrilir – hiylə, yoxsa…

İddialara görə, Paşinyan ölkə ərazisində xarici dövlətlərin hərbi varlığını qadağan etməyə və bunu qanunvericiliyə salmağa hazırlaşır; rus ordusunun olduğu bir respublikada bunu etmək mümkün olacaqmı, yoxsa yerini Fransa qoşunları dolduracaq?

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb. O deyib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir.

Saytların yığılması Saytların yığılması

“Yeni Müsavat” qeyd edir ki, Paşinyan Azərbaycanın tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Rəsmi Bakı da bir neçə dəfə Ermənistandan konstitusiyasından Azərbaycana qarşı iddiaları çıxarmağı tələb edib. Erməni mediası konstitusiya dəyişikliyi ilə bağlı daha bir məlumat əldə edib. “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan hakimiyyəti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir. Bu müddəaya görə, Ermənistan ərazisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir. Nəşr yazır ki, sözügedən müddəa Rusiya bazalarına və sərhəd qoşunlarına qarşı yönəlib. Qeyd edək ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blokun üzvüdür. Tərəfsizlik müddəası əlavə ediləcəyi təqdirdə İrəvan KTMT-ni də tərk etmək məcburiyyətində qalacaq. Madam ki, belədir, NATO ilə əməkdaşlığı inkişaf etdirməyi saxlamalı və Qoşulmama Hərəkatına üzv olmalıdır.

Lakin Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər də fəaliyyət göstərməkdədir. Baza Rusiyanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur. 102-ci hərbi baza Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. SSRİ dağılmağa başlayanda Qafqazlarda yaradılan süni münaqişələr, məhdud imkanlara malik Ermənistanı qonşularına qarşı iddialarını gerçəkləşdirməkdən ötrü öz ərazisində Rusiyanın hərbi iştirakını təmin edəcək addımlar atmağa vadar edirdi. 

Təbii ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstandan ərazilər əldə edərək “dənizdən-dənizə” prinsipi ilə “Böyük Ermənistan” yaratmaq xülyasının bir elementi kimi İrəvanın Rusiyanın hərbi dəstəyinə arxalanacağı təəccüblü deyildi. SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan öz ərazilərindəki Rusiya bazalarının tam çıxarılmasına nail olsalar da, Ermənistan tam əksinə, 2044-cü ilə kimi rus əsgərlərinin ölkədə iştirakına icazə verib. İndi isə İrəvan təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarışında olduğunu gizlətmir. Avropa Birliyinin yarımhərbi missiyasını sərhədə yerləşdirməsi də bu strategiyanın bir hissəsidir. Eləcə də Fransa ilə hərbi əməkdaşlığı genişləndirir, ABŞ hərbçiləri ilə birgə təlimlər keçirir, Paşinyan kabinetinin üzvləri isə sıraya düzülərək KTMT əleyhinə ittihamlar səsləndirir, blokun Ermənistanı guya müdafiə etmədiyini bildirir, təşkilatdan çıxmaqla bağlı vaxtaşırı çağırışlar səsləndirirlər. Lakin Ermənistan qeyri-səmimi görünür: həm bitərəf ölkəyə çevrilməkdən dəm vururlar, həm də Qərbdə təhlükəsizlik sahəsində müttəfiqlər tapırlar. Paşinyanın referenduma gedərək qanunvericiliyə dəyişiklik edəcəyi isə əvvəlki dediyi sözlər olaraq qalmaqdadır. Buna gedərmi?

Elşad Musayev İlham Əliyevi təbrik etdi - GlobalInfo.az

Elşad Musayev

“Yeni Müsavat”a danışan prezidentliyə keçmiş namizəd, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Paşinyan manipulyasiya etməkdədir. Onun sözlərinə görə, müzakirələr açmaqla vaxt uzadır, cəmiyyətin nəbzini yoxlayır, kilsənin, revanşistlərin rəyini öyrənir: “Onun məqsədi vaxt udmaqdır, sülh sənədi imzalamaq niyyətində deyil. Bu da azmış kimi, erməni rəsmilər deyirlər ki, qanunvericiliyə dəyişiklik daxili işimizdir və konstitusiyanı dəyişmədən də Azərbaycanla sülh sənədi imzalamaq olar. Bunu da deyən onlardır. O cəhətdən Ermənistanın səmimi olduğunu görmürəm. Hər zaman bildirmişəm ki, Paşinyan sülh sazişi imzalamaq istəmir, amma beynəlxalq ictimaiyyətə özünü sülhpərvər kimi qələmə verməyə çalışır”. Partiya sədri hesab edir ki, bu yarımçıq məsələlərin həlli də hərbi yoldan keçir: “Mən bunu açıq şəkildə bəyan edirəm ki, ordumuz, hərbi gücümüzlə Zəngəzur dəhlizini açmağa məcbur edə, işğal altında olan kəndləri azad edə, Ermənistanı sülh sənədini bağlamağa gətirib çıxara bilərik. Bu cür danışıqlar, müzakirələr yalnız zaman qazandırır”. Prezidentliyə namizəd olmuş siyasi ekspert Fuad Əliyev Ermənistanın tərəfsiz ölkəyə çevrilməsini nonsens sayır. Onun fikrincə, Paşinyan rus hərbi bazalarını ölkədən çıxarmaq iradəsinə malik deyil, hətta bu baş versə belə, boşalan yeri Fransa tutacaq. Onun sözlərinə görə, Ermənistan elə bir mürəkkəb oyunun içindədir ki, orada konkret seçim etmək siyasi intihara bərabər olacaq: “Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya qarşısında öhdəliklər götürüb. Gümrü və Erebunidə iki hərbi baza mövcuddur, sərhədləri rus əsgərləri mühafizə edir, Zəngəzur dəhlizinə nəzarətin də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizəsində olmasında üçtərəfli sənəddə razılıq verib, sadəcə, boyun qaçırır… Yəni Ermənistanın qaçmaq imkanları yoxdur. Balanslı siyasət yürütmək, heç bir hərbi bloka üzv olmamaq üçün Paşinyan addım ata bilməyəcək, çox gecdir. Çünki hakimiyyətə gələrkən Qərb qarşısında öhdəlikləri var. Onlardan biri də rus hərbçilərini sıxışdırıb çıxarmaqla Avropanın hərbi varlığını təmin etməlidir. Hazırda Ermənistan uğrunda bu mübarizə getməkdədir”. F.Əliyev qanunvericiliyə dəyişikliyi isə zəruri hesab edir, lakin Paşinyan administrasiyası sürətli keçidlər etməkdən çəkinir: “Rəsmi İrəvan başa düşür ki, ərazi iddialarını Müstəqillik Aktından və qanunvericilikdən çıxarmasalar, nə sülh sazişi olacaq, nə də Türkiyə ilə əlaqələr. Amma cəmiyyəti bu prosesə hazırlamalıdır. Referenduma gedərək dəyişikliklər etməsinə kilsə, lobbi, daxildəki gücləri dəstəkləyənlər necə reaksiya verəcək, hərbi çevrilişə cəhd olacaqmı, bu suallar, risklər mövcuddur. Bunları da Ermənistan hökuməti nəzərə almaqdadır. O baxımdan iki od arasında qalan bir ölkədə kövrək dövr davam edəcək və Paşinyan zamanla daşları yerinə oturtmağa çalışacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bənzər yazılar