Bakı şəhər prokurorluğunun ötən ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib/FOTO
Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhər prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Baş prokuror Kamran Əliyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir sıra önəmli hadisələr baş verib, bunlardan ən önəmlisi Azərbaycanın bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edilməsidir.
Vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” olan 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi və COP29 beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi prokurorluq orqanlarının, o cümlədən paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyur.
Müşavirədə Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2023-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 15 min 759 cinayət hadisəsi törədilib ki, onların 87,4 faizinin açılması təmin olunub.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 faizinin ödənilməsi təmin olunub.
Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib.
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.
Baş prokuror Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.