Top.Mail.Ru

SİYASƏT

TƏCİLİ! Türk dövlətinin KTMT-ə qoşulması ilə bağlı AÇIQLAMA – “Qonşu 5 dövlət də…”

“Artıq iğtişaşlar yoxdur, vəziyyət tam olaraq Özbəkistan Respublikasının dövlət orqanları tərəfindən nəzarətə götürülüb”.

KAİM.az xəbər verir ki, bunu tanınmış özbək tarixçisi və publisist Şuxrat Salamov (Barlas) Oxu.Az-a hazırda Qaraqalpaqıstanda baş verənlər barədə danışarkən bildirib.

“Ən əsası odur ki, hər şeyi qaydasına salan hüquq-mühafizə orqanları çox dəqiq reaksiya verdilər. İndi hadisəni törədənlər saxlanılır”, – deyə tarixçi əlavə edib.

“Özbəkistan Orta Asiyanın mərkəzində yerləşir, ölkəmiz Tacikistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Əfqanıstanla həmsərhəddir. Təbii ki, bu regionda istənilən geosiyasi oyun məhz Özbəkistanla bağlı olacaq. Əgər Özbəkistan partladılsa, o zaman düşünün ki, qonşu beş dövlətin də sabitliyi pozulacaq. İnfrastrukturumuz və logistikamız ətraf ölkələrlə sıx bağlıdır”, – deyə o, Özbəkistanın geosiyasi rolu barədə fikirlərini bildirib.

2022-ci ilin yanvarında Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Qazaxıstandakı etirazlardan dərs almalı olduğu və Özbəkistanın da buna xüsusi diqqət yetirməsi zərurəti ilə bağlı açıqlama vermişdi. Bu fikirlərin Özbəkistanı yenidən KTMT-yə cəlb etmək cəhdi ilə əlaqəli olub-olmadığına dair suala cavabında Şuxrat Salamov bildirib ki, KTMT-də hər şeyi deyə və hər şeyə eyham vura bilərlər.

“Lakin Özbəkistan heç bir hərbi blokun bir hissəsi deyil və olmayacaq. Özbəkistan Respublikasının qanunlarına görə, bu, yolverilməzdir və qeyri-mümkündür. Ölkəmiz heç bir halda KTMT-yə daxil olmayacaq”, – deyə o vurğulayıb.

Özbəkistan hakimiyyətinin Qaraqalpaqıstandakı hadisələrlə əlaqəli olduğunu söylədiyi xarici qüvvələrlə bağlı da fikir bildirən publisist, bu barədə dəqiq açıqlama verilmədiyini qeyd edib. O, eyni zamanda bu hadisələrin kimə sərfəli olması ilə bağlı müəyyən qənaətə gəldiyini, lakin istintaqa qarışmaq istəmədiyini də əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button