Top.Mail.Ru

SİYASƏT

Pəhləvi və Xomeyni rejiminin panfarsçılıq ideologiyası – Türklərin assimilyasiyası – ŞƏRH + FOTO

İranda yüz ilə yaxındır hakim olan panfarsçılıq ideologiyasının başlıca hədəfi Güney Azərbaycan türklərini assimilyasiyaya uğratmaqdır. Çünki ölkənin idarə edilməsində əsas pay sahibi onlardır. Bu etnosu hakimiyyətə yaxın buraxmamaq və ya onun assimilyasiyaya uğramış nümayəndələrinin iqtidarda təmsil olunması əsas hədəflərdəndir. Yeri gəlmişkən, müasir İranın tarixində islahatçı hökumət başçısı Məhəmməd Müsəddiq Qacar sülaləsinin hakimiyyətdə olmuş sonuncu nümayəndəsi idi. Beynəlxalq güclər tərəfindən devrilmiş Qacar sülaləsinin yerinə gətirilən Rza şah Pəhləvinin oğlu Məhəmmədrza şahı qəbul etmir və ona qarşı mübarizə aparırdı.

Deməli, İranda xarici qüvvələrin birbaşa yardımı nəticəsində türklərin taxt-tacına yiyələnən Rza şah panfarsçılıq ideologiyasını həyata keçirməyə başladı. Onun hakimiyyəti dövründən türkləri “farslarla səlcuqluların tör-töküntüsü”, “törəməsi” adlandırmağa başladılar. Habelə türk dili “fars dilinin bir qolu” sayıldı.

Təəssüf ki, bu siyasətin əsas ideoloqlarından biri Azərbaycan türkü Əhməd Kəsrəvi idi. O, 1890-cı il sentyabrın 29-da Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olub. Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq, Əhməd Kəsrəvi yadda daha çox panfarsçılığın nökəri olaraq qalıb. O, Azərbaycan türklərinin “ari irq”ə (farslar, almanlar, faşistlər özlərini bu irqin nümayəndəsi sayırdılar) mənsub olduqlarını sübut etməyə çalışıb. “Şəhriyarane-gomnan” (“Naməlum hökmdarlar”), “Azəri, ya zəbane-bastane-Azərbaycan” (“Azəri, yoxsa Azərbaycanın qədim dili”) və başqa əsərlər yazaraq türklərin dil və mənşəyini təhrif edib. Ə.Kəsrəvi əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında panfarsçılıq mövqeyindən çıxış edərək İrandakı türklərin farslaşdırılması kimi mürtəce ideya irəli sürüb. O, azərbaycanlıların türk yox, “azəri” adlı ayrı bir millət olduqlarını yazıb.

Kəsrəviyə görə, Azərbaycan dili türk dilləri ailəsinə mənsub deyil. Azəri dili İran mənşəli bir dildir. Azərilər səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlayıblar. Həmin dövrdə hakimiyyət göy (türklərin rəmzi), qırmızı (kommunistlər), sarı (çinlilərin) və yaşıl (ərəblərin) rəngə qarşı mübarizəyə başladı. Rza şah “tək millət, tək dövlət”, “yəni hamı farsdır” prinsipi ilə assimilyasiya apardı. Azərbaycan türkcəsində danışmaq, oxumaq, yazmaq qadağan edildi. Ana dilində danışan türklər cəzalandırıldılar. Azərbaycan türkcəsində olan çoxlu sayda kitablar yandırıldı.

Proses onun oğlu Məhəmmdrza şahın hakimiyyəti illərində də davam etdi. 1945-46-cı illərdə qurulan Azərbaycan Milli Hökuməti ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və başqa xarici qüvvələrin hərbi-siyasi yardımı ilə qan içində boğuldu. 1946-cı il dekabrın 11-də hökumət devrildi, dekabrın 17-də (26 Azər) isə türkcə kitablar kütləvi şəkildə yandırıldı. Lap faşistlərin və bolşeviklərin kitabları yandırdıqları kimi. Bu, Azərbaycan türkünə qarşı repressiya və assimilyasiyanın daha sərt və qəddar şəkildə davam etdiyi illər idi.

Əslində, hakimiyyət türklərin assimilyasiyasını həyata keçirməyi qarşısına məqsəd kimi qoymuşdu. Qeyd edək ki, assimilyasiya (lat. “oxşatma”, “uyğunlaşdırma”) bir etnosun öz dilini, mədəniyyətini və s. özəlliklərini itirməklə başqa etnosa qarışması, qarışdırılmasıdır. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir. Pəhləvilərin dövründə Azərbaycan türklərinin zorakı, məcburi assimilyasiyası (farslaşdırılması) geniş şəkildə həyata keçirilirdi.

“İran mərkəzli fars düşüncə sistemi” bu siyasətin əsasında dururdu. Farslaşdırma təkcə dil və mədəniyyət sahəsində həyata keçirilmirdi. Azərbaycanın yer və coğrafi adlarının da dəyişdirilməsi bu mürtəce hadisənin tərkib hissəsidir. Məsələn, Savalan dağının adını “Səbəlan”, Qoşaçay şəhərini “Miyandab”, Araz çayını “Ərəs”, Cığatı və Tatai çaylarını “Şiminərud” və “Zərrinrud”, Təbrizdə Axmaqaya məhəlləsini “Əhməqiyə”, Məlikkənd şəhərini “Məlikan”, Tikantəpə şəhərini “Tikap”, Sayınqala şəhərini “Şahindiş”, Sarıdaş şəhərini “Sərdəşt”, Qaraçəməni “Siyahçimən”, Qaragölü “Siyahistəx”, “Qaratəpəni “Siyahkuh” və s. minlərlə yer və coğrafi adlar dəyişdirilib.

Bu arada, assimilyasiyanın tərkib hissələrindən biri də ərazilərin parçalanması, yeni bölgələrin yaradılmasıdır. Bununla da Tehran hakimiyyəti Güney Azərbaycanı kiçiltməyə çalışır. O, ötən yüz ilin əvvəllərində vahid əraziyə malik olub. Ərazilərin bölünməsi Qacarlar sülaləsinin hakimiyyətinin (1795-1925) son dönəminə təsadüf edib. Bunun əsası 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qoyulub. Bu bölgüyə əsasən, ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi dörd əyalətə – Şimal, Cənub, Qərb və Mərkəzi bölünmüşdü. Pəhləvi hakimiyyətinin süqutuna doğru Güney Azərbaycanın ərazisi, əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan əyalətləri (ostan) arasında bölünmüşdü. İndiki rejim bu ostanların ərazisindən əlavə olaraq üç ostan və daha kiçik inzibati vahidlər yaratdı. İndi Güney Azərbaycan ərazisi inzibati bölgü baxımından aşağıdakı kimidir: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan (Zəncan, Həmədan, Qəzvin, Mərkəzi əyalətləri, Savə mahalı, Astara şəhəri və s.).

Nəhayət, panfarsçılar “Türklərsiz İran” şüarını əllərində bayraq etməklə Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətini daha da sərtləşdirməyə başladılar. Son yüz ildə panfarsçılıq Güney Azərbaycan türkünün dilini, mədəniyyətini danıb ərazilərini parçalamaqla assimilyasiya edib. Bu siyasət dəyişməyib. Qərb nökəri sayılan pəhləvilər nə edirdilərsə, özünü islamın dayağı sayan indiki teokratik rejim də Güney Azərbaycana qarşı eyni siyasəti aparır. Bu baxımdan İran hakimiyyətinin Qərbin nökəri saydığı Pəhləvidən heç bir fərqi yoxdur. Çünki şahın da, Xomeyni rejiminin də siyasi ideologiyasının əsasında panfarsçılıq durur. Onlar Azərbaycan türkünün assimilyasiyasında bir-birlərini tamamlayırlar…

“Report” İnformasiya Agentliyi

Bənzər yazılar

Back to top button